22 Iyul 2024 11:25
106
DÜNYA

Bayden prezident yarışından geri çəkildi

ABŞ-ın hazırki prezidenti, Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden, X sosial şəhifəsində rəsmi olaraq noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini bəyan edib.

 81 yaşlı prezident qeyd edib ki, ilin sonunadək dövlət başçısı vəzifəsini icra edəcək. Amerikan liderinin bu qərarının səbəbi və qarşıda nələr gözlənilir?

Co Baydenin prezident yarışından çıxması məsələsi, 27 iyunda opponenti, Respublikaçılar partiyasının namizədi Donald Trampla keçirdiyi uğursuz debatdan sonra qaldırılmağa başlamışdı. Lakin, hətta uğursiz debatdan sonra da, Baydenin geri çəkiləcəyi az ehtimal olunurdu. Demokratların əksəriyyəti hələ də onu dəstəkləyir və dövlət başçısının tam sağlam olduğunu, qətiyyətlə seçkilərə hazırlaşdığını iddia edirdilər.

 Həftələr keçdikcə, demokratlar partiyasının nüfuzlu üzvləri kollektiv məktublar yazaraq, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində Baydeni geri çəkilməyə çağırmağa başladılar. Lakin problem ondaydı ki, hamı bilirdi, namizədi yarışdan çıxarmaq mümkün deyil, onu yalnız könüllü surətdə namizədlikdən əl çəkməyə inandırmaq olardı ki, deyəsən onlar buna nail olmağı bacardılar.

 Baydenin geri çəkilməməsinin səbəbi var idi. Çünki onu seçkilərdə əvəz edə biləcək namizədin müəyyənləşdirilməsində çətinliklər var idi. Kamala Xarrisin reytinqi çox aşağıdır və onun Trampa qalib gəlmək şansları da çox azdır. İndi demokratlar siyasi texnologiyanın bütün sahələrindən istifadə etməklə güclərini Xarrisin nüfuzunun, reytinqinin qalxmasına yönəltməyə çalışmalıdılar.

 Demokratlar Konqressdə yalnız Senatda çoxluq təşkil edirlər. Ona görə də onlar təkcə Ağ Ev uğrunda deyil, eyni zamanda gələcəkdə nümayəndələr palataslnda da qalib gəlmək üçün mübarizə aparmalıdırlar. Prezident seçkilərində respublikaçılar qalib gələrlərsə, demokratlar aşağı palatada saylarını artırmaq arzularından da əl çəkməli olacaqlar.

  Çox güman ki, avqustun 19-da demokratlar  partiyasının qurultayında Kamala Xarrisin prezidrntliyə namizədliyi təsdiq olunacaq. Qalan bir neçə ay ərzində o, çox çalışmalıdır ki, Baydenə səs verməyə hazırlaşan seçiciləri itirməsin. Bunun üçün Xarris Baydenin seçki proqramı üzrə hərəkət etməlidir. Bacaracaqmı? 

 Rüstəm Hacıyev