BEHBUD BEHBUDOV: “ZƏRRƏ”DƏKİ BÖYÜK VƏ ACI HƏQİQƏTLƏR

Yazıçı, şair Gülər xanım Eldarqızı “Zərrə” romanı ilə zərrələrin içində böyük və acı həqiqətləri bizlərə agah edir. Mənəvi dəyərlərə laqeyd münasibətin həyatımızda dərin çatlar yaratdığı bu günümüzdə hər gün minlərlə insanın taleyinə, aqibətinə zərbələr vurulur. Mənəvi dünyamız, onun bünövrəsi sayılan ailə münasibətləri cəmiyyətin özəyidir. Bu özək darmadağın olanda Vətənin, xalqın gələcəyi ciddi təhlükə qarşısında qalır.
“Zərrə” romanının qəhrəmanı “Balaca” (əsl adı Zərrə) öz həyatını göz yaşları içərisində “içəri”dən yazır. “İçəri” sözündəki müdhişlik canımıza vəlvələ salır. “İçəri” insan həyatının darmadağın olduğu həyatın dibidir. Bura yuvarlanandan sonra bu üfunətli məkandan qurtulmaq çox çətin məsələdi.
Romanı oxuduqca məni bir sual düşündürürdü. Sadəlövh, hamıya inanan, mübarizə aparmağa gücü çatmayan Balaca bu çirkabdan yaxa qurtara biləcəkmi?
Yeddi yaşında anasını itirən, bacısıyla yetim qalan iki bədbəxtin günahı nə idi ki, doğma qızlarına doğma atasının sahib çıxmağa cürəti çatmadı? Ögey ana – “oğul dünyaya gətirəndən sonra evin yuxarı başında oturan qıvrımsaç ifritə”nin qeyri-insani rəftarına, davranışına tuş gələn iki anasız qız evin qulluqçusu kimi istismar ediləndə ata kölə kimi susmalıdı?
Pullu Türk iş adamına qızını satan atanın ürəyi, ləyaqəti hanı? Tamah iki qızın birini vaxtsız o dünyaya göndərir, o birini də mənəvi çirkinliklərlə dolu insan alveri “müəssisə”lərinə və əxlaqsızlıq yuvalarına.
Əri Rəfiqin “eşşək” adlandırdığı romanın qəhrəmanı Balaca, yaxud Zərrə İstanbuldakı villaya sığışa bilməzdi. Bu qızcığaz üçün villa əsl məhbəsdi, bülbülü ağladan qəfəsdi. Onun doğulduğu ev ona daha doğmadı, ögey ana o evdə bacıların azadlığını, dincliyini əlindən almaq istəsə də. Villalarda üzü gülməyəni Rəfiq kimisi anlamaz. Zərrənin əri Rəfiqin düşüncəsinə görə, belələri dəlidi. Bəli, qəriblik insanı dəli edər. Rəfiq Zərrənin Bakıya gəlmək istəyinə necə nadan, insanlıqdan uzaq sədd qoyur. Belələrinin dini, imanı puldur:
“- Amma onu unutma ki, sənin geri dönəcək yerin yoxdur. Atan səni mənə satlıq heyvan kimi satdı. Xəbərin olsun, unutma ki, sənə görə onun mənə verəcəyi külli miqdarda borcun üstündən xətt çəkdim. Sənin geriyə yolun yoxdur. Geri qayıtmış olsan da, atan səni qəbul etməyəcək. Bunu adım kimi bilirəm. Küçələrdə evsiz-eşiksiz, ac-yalavac qalacaqsan. Əgər mənə ümid edirsənsə, ümidini kəs. Mənim Azərbaycanda daha heç bir işim-filan yoxdur...”
Yazıçı xanım aforizm səviyyəsində fikir yürüdür: “Sevgidən doğulmayan uşaqlar heç vaxt xoşbəxt ola bilməz”. O, qəriblik qəfəsindən qaçıb Bakıya gələndən Türkiyədə qoyub gəldiyi ürəkparası Rövşəni düşünür. Bir ildən sonra oğlunu görməyə iki çamadan uşaq paltarı ilə İstanbula gedəndə əlindəki görüş kağızını da qəddar Rəfiq cırıb zibil qutusuna atır.
Ər evindən etməmiş cinayətinə görə - “ən qədim peşə sahibi” kimi qovulan, amansız həyatın çirkin qucağına düşən Zərrə harada, necə xoşbəxt ola bilərdi? Bu cəmiyyətdə belələrinə şəhvət və quduz dişlərini itiləyərək acgözlüklə baxanlar çoxdu. Bu dünyada mənəviyyat kasıbları İmanlar, Səhərlər, Faiqlər, Muradlar, Səadətlər, Esmiralar, Fatoşlar çox olsa da, nə yaxşı ki, Sürəyya xalalar, ən acınacaqlı durumda qalan bacısına sahib çıxan Hidayətlər da az deyil.
Can alvetinin adiləşdiyi, əxlaqsızlıq yuvalarının biznesə çevrildiyi mühitdə Zərrənin taleyi əslində cəmiyyətimizin sağalmaz yarasıdır. Cəmiyyətdə insan haqqları, atanın övladına manasibəti, hüquq mühafizə işçilərinin vəzifə borclarına dürüst yanaşması normal olsa, belə eybəcərliklərin qarşısı alınar, insanın dəyəri itməz. Gülər xanım buna bizi inandırmağı bacarır.
Gənc Zərrənin başına gələnlər və gətirilənlər bir kriminal film üçün ssenaridir.
Romanı həyəcanla və duyğulana-duyğulana oxudum.
Gülər xanıma uğurlar arzulayıram.