12 Mart 2025 09:28
154
AVTOMABİL

Bərdədə bu yolların yenidən qurulmasına başlanılıb - VİDEO

Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması istiqamətində işlərə start verilib.

Bu barədə Adalet.az-a AAYDA-dan məlumat verilib. 

Bildirilir ki, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən barət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. 

Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir. 

Hazırda hər iki yolda yol yatağının genişləndirilməsi, qazma-dolğu və kipləşdirmə işləri aparılır. Bununla yanaşı, yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü boruların tikintisi də icra olunur.

Qeyd edək ki, layihənin Əmirli-Xanağlı-Uğurbəyli hissəsində Qarabağ kanalı üzərində yeni körpünün tikintisi də planlaşdırılır. Yeni körpü yolun təhlükəsizliyini və rahatlığını artıraraq, nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin edəcək. 

Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparlır. 

Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini arasında gediş-gəlişi xeyli yaxşılaşacaq, Bərdə şəhər mərkəzinə hərəkət daha müntəzəm və təhlükəsiz olacaq, bu da ərazi üzrə sosial və iqtisadi inkişafa mühüm töhvə verəcək.