08 Oktyabr 2025 16:40
84
ƏDƏBİYYAT

BƏXTİYAR VAHABZADƏ: MİLLİ İDEOLOGİYANIN POEZİYADA TƏCƏSSÜMÜ

XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olan Bəxtiyar Vahabzadə yalnız poeziya sənətinin ustadı kimi deyil, həm də milli ideyaların daşıyıcısı, azadlıq düşüncəsinin carçısı, milli kimliyin və vətən sevgisinin bədii ifadəçisi kimi Azərbaycan ədəbi-mədəni tarixində silinməz iz qoymuşdur. Onun yaradıcılığında söz sənəti sadəcə estetik zövq formalaşdırmaq vasitəsi deyil, həm də xalqın taleyini əks etdirən, milli oyanışı təşviq edən, ictimai şüuru hərəkətə gətirən ideoloji güc kimi çıxış edir.

İdealı böyüklük, məqsədi ucalıq, eşqi gözəllik olan Bəxtiyar Vahabzadə Füzulini söz ordusunun sərkərdəsi, sözü isə onun silahı hesab edir. Onun təfəkküründən süzülən dəyərli poema və pyeslərin yaranması da Füzuli çeşməsindən qaynaqlanır.Əbəs yerə deməyiblər ki, Vətən, torpaq məfhumu, tarix, millilik və bəşərilik ustadın vətənpərvərliyinin, humanizminin cövhəridir.

1925-ci il avqustun 16-da qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərində dünyaya gələn Bəxtiyar Vahabzadə erkən yaşlarından ədəbiyyata və poeziyaya dərin maraq göstərmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra uzun illər həmin ali məktəbdə müəllim və professor kimi çalışmış, elmi-pedaqoji işi ilə bədii yaradıcılığını vəhdət halında davam etdirmişdir. Onun həyat yolu və ədəbi fəaliyyəti bütövlükdə Azərbaycan xalqının milli özünüdərk prosesinin, azadlıq arzularının və mənəvi dirçəlişinin canlı güzgüsüdür.

Bəxtiyar Vahabzadənin yaradıcılığında milli azadlıq ideyası aparıcı xətt kimi çıxış edir. O, sovet senzurasının ən sərt dövrlərində belə xalqınınhaqq səsini qələmə almaqdan çəkinməmiş, əsərlərində qadağan olunmuş həqiqətləri poetik dillə səsləndirmişdir. Onun 1959-cu ildə yazdığı məşhur “Gülüstan” poeması Azərbaycan xalqının parçalanmış taleyinə, milli birliyə inamına və istiqlal arzusuna həsr olunmuşdur. Bu əsər təkcə bədii hadisə kimi deyil, milli şüurun oyanışında mühüm mərhələ kimi dəyərləndirilir. Şairin azadlıq anlayışı yalnız siyasi müstəvi ilə məhdudlaşmır; onun poeziyasında azadlıq həm də mənəvi sərbəstlik, düşüncə və vicdan azadlığı kimi təqdim olunur. B.Vahabzadə yaradıcılığında insan cəmiyyətin passiv iştirakçısı kimi deyil, tarixi proseslərdə fəal rol oynayan şəxsiyyət kimi təsvir edilir.

Akademik Nizami Cəfərovşairin  poeziyasının əsas xüsusiyyətlərini ümumiləşdirərək qeyd edir ki, B.Vahabzadənin bədii təfəkküründə zaman yaddaşı xüsusilə güclüdür; şairin bütün hiss-həyəcanları konkret zamanın hüduduna istiqamətlənir, onu düşündürən təzadların böyük bir qismi də zaman kontekstində meydana çıxır. Zamana münasibət şairin təfəkkürünə sitat kimi gəlmir, bədii düşüncənin məntiqi ilə diktə edilir. O, ruhu etibarilə üsyançı, sözün yaxşı mənasında həm də millətçi idi. O, öz millətini həmişə öndə gedən millətlərin arasında görmək istəyirdi. 

O,ana dilinin saflığı uğrunda hər zaman mübarizliyi ilə seçildi və bu yoldan dönməz oldu. “Ana dilim-ana köküm” məqaləsində də ana dilini yaxşı bilməyin zəruriliyindən söz açır, öz dilini bilməyənlər haqqında yazırdı: “Sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan”. 

Xatırladaq ki, şairin yaradıcılığında ana dili mövzusu xüsusi yer tutur. O, dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, millətin varlığı, tarixi və yaddaşı kimi təqdim edir. Onun məşhur “Ana dili” şeiri bu baxımdan milli poeziyamızın manifesti hesab olunur. Əsərdə dilə sahib çıxmaq, onu qorumaq millətin mövcudluğunu qorumaqla eyniləşdirilir:

“Millətini sevməyənin,

Dili də olmaz sevgili.”

Bu şeir yalnız poetik nümunə deyil, həm də milli ruhun və dil sevgisinin ideoloji bəyanıdır. Əsər yazıldığı dövrdən bu günə qədər öz aktuallığını qoruyub saxlamış, müasir ədəbiyyatın nümunəvi bədii zirvələrindən birinə çevrilmişdir. Şair digər misralarında dilin əhəmiyyətini daha da dərindən ifadə edir:

“Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiztək

Qoruyub, nəsillərə biz də hədiyyə verək!”

Şeirdəki misralar dilin qrammatik zənginliyi ilə yanaşı, onun mənəvi gücünü də önə çıxarır. Şair  dilin saflığının qorunmasını və onun sevgi ilə yaşadılmasını bir vətəndaşlıq borcu kimi təqdim edir. Şeirdə ana dili ilə ana vətən arasında qurulan dərin bağ oxucunu həm düşündürür, həm də emosional təsir altına salır.

B.Vahabzadə Azərbaycan ədəbiyyatında təkcə poeziyanın zirvələrindən biri deyil, həm də milli ideyaların, əxlaqi dəyərlərin və vətən sevgisinin bədii ifadəçisi kimi mühüm yer tutur. Onun yaradıcılığı milli azadlıq mübarizəsinin ideoloji dayağına, dil və kimlik məsələsinin mənəvi təməl daşına çevrilmişdir.Bu gün də şairin poetik irsi xalqın qəlbində yaşayır, yeni nəsilləri vətənə, dilə və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edir. 

“Hər xalqın dili, o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yoldur. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşadır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısını ifadə  edir”- fikri də Vahabzadə ucalığının işığıdır.

 “Hər ulusun ən qiymətli sərvətidir ana dili. Övladları yer üzünə səpələnsə, pərən-pərən düşənlərin vəhdətidir ana dili”.

Bəxtiyar Vahabzadə sözün əsl mənasında millətin səsi, vətənin vicdanı və zamanın şairi idi və onun bədii irsi bu gün də öz tarixi və mənəvi missiyasını davam etdirir.

 

Dos.Mətanət Əmrahova

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)