AQİL ABBASDAN MURAD KÖHNƏQALAYA- Aqil ABBAS yazır

AQİL ABBAS
130 | 2025-10-07 13:47

Şair dostum Murad  Köhnəqala «Qarabağ» komandasının Avropadakı uğurlarından fərəhlənərək şairliyinə salıb redaksiyamıza «Aqil Abbasın «Qarabağ»ı» adlı bir yazı göndərib. Ağdamın işğalından sonra mənim bu klubla bağlı çəkdiyim zəhməti, gördüyüm işləri yüksək qiymətləndirib.Sağ olsun! Amma Türkiyə türkləri demiş, mənim fəaliyyətimi bir az abardıb. Əslində isə «Qarabağ» «Azərsun»un prezidenti Abdulbari Gözəl bəyin  sponsorluğuna keçənədək bu klubun yaşaması üçün çoxlarının böyük zəhməti var. 

Birincisi, Ağdamın keçmiş icra başçısı Həsən Sarıyev klub üçün əlindən gələni əsirgəmirdi. Həmişə komandanın yanındaydı. Həm Bakıdakı oyunlarda, həm də səfər  oyunlarında mütləq oyuna baxmağa gələrdi. Heç vaxt əliboş gəlməzdi. Hətta Tofiq Bəhramov adına stadionda «Qarabağ»ın oyununu izləyərkən zəng gəldi, yəqin ki, yuxarıdan zəng eləmişdilər, siz artıq işdən çıxarılmısınız. Düzdür, rəngi bir az tutuldu, amma durub getmədi, oyunu axıradək izlədi. 

Klubun ilk sponsoru Ağdam Şampan zavodunun direktoru, rəhmətlik Siyavuş Fərzəliyev idi. Bir dəfə  xahiş elədik ki, kluba 20 min pul köçürsün, getdi 40 min köçürtdü. 

O vaxtkı «NNN» bankın prezidenti Nazim Abdullayev komandanın ən çətin vaxtlarında imkanı daxilində sponsorluq edirdi. Ona  söz vermişdilər ki, xərcini ödəcəyik. Kim söz vermişdi, onu yazmıram, amma ödəmədilər. Təxminən 500 min dollar pul xərcləmişdi, batdı getdi, heç «uf» da demədi. 
Sonra «Əmrahbank»ın prezidenti Yunis İldırımzadə bir müddət komandaya  sponsorluq elədi, gücü daxilində. Nə oldusa bir müddətdən sonra bu iş yarımçıq qaldı. 

Bu klubun var olması üçün əlindən gələni əsirgəməyən professor Habil Qurbanovu da ayrıca qeyd etmək istəyirəm. 

Onu da deyim ki, futbolçular çox cüzi maaş alırdılar. Bəzən heç onu da tapıb verə bilmirdik. Oyuna peraşki yeyib çıxırdılar. Amma «Qarabağ» adına, Ağdam adına oynayırdılar, qeyrətə oynayırdılar, kişiliyə oynayırdılar. Özü də futbolçuların hamısı Ağdamın öz yetirməsi idi, bir-iki nəfəri çıxmaq şərtilə. 
Amma buna baxmayaraq, Avropa oyunlarına gedə bilirdik. Düzdür, bu oyunlarda uduzurduq, udduğumuz vaxtlar da olurdu. Demək olar ki, hər Azərbaycan çempionatında ilk üçlükdə olurduq. 

Bir dəfə məlum oldu ki, klub iki aydan çoxdur «Abşeron» otelində qalır. Gündə üç dəfə burda çörək yeyirlər. İndi vaxt çatıb otelin pulunu ödəməyə gücləri çatmır. Rəhmətliklər Adil Nadirov və Ramiz müəllim yanıma gəldilər. Otelin direktoru rəhmətlik Aqil Paşayevlə dostluğumu bilirdilər. Dedilər ki,  bəlkə xahiş eləyəsən, heç olmasa,  pulun 50 faizini tapıb verək. 

Durub getdik Aqil Paşayevin yanına. Yaxşı bir çay süfrəsi açdı. Komandanın dərdini açıb dedim. Xahiş elədim ki, nə imkanı var bizə kömək eləsin. İsmayıllı rayonundan bir baş inzibatçısı vardı, çağırıb soruşdu ki, komandanın otelə nə qədər borcu var. O da hesablayıb çox yüksək  bir məbləğ dedi, məbləğ yadımdan çıxıb.

Aqil Paşayev baş inzibatçıya dedi:

- O borcun hamısını sil, yaz mənim ayağıma. Bu gündən belə nə qədər qalsalar yenə hesab mənlikdi. 

Sonra da üzünü mənə tutub qayıtdı ki:

- Adaş, mənə deyirlər ki, Neftçinin  prezidenti ol. Necə baxırsan? 

- Olma, Aqil müəllim, sonra peşman olacaqsan, xəstəlik tapacaqsan.  Futbol təmiz başqa şeydi, zir-zibili çoxdu. 

Amma təklifi geri çevirə bilmədi, «Neftçi»nin prezidenti oldu və futbolun ağrı-acısını çəkdi, elə xəstələndi də. 

Utandığımızdan bir neçə gün sonra oteli tərk elədik.  Eşitmişdim ki, Sumqayıtda  Kimyaçıların bir sanatoriyası var, getdim Fikrət Sadıqovun yanına, vəziyyətimizi izah elədim. O böyük ürəkli kişi sanatoriyanın otaqlarını təmənnasız verdi «Qarabağ» komandasına. Sonra da kiməsə zəng edib Metallurqların stadionu vardı, onu da alıb verdi bizə. Və «Qarabağ» ev oyunlarını həmin stadionda oynayırdı. «Qarabağ»ın fanatları vardı – 13-14 yaşdan 18 yaşınadək ağdamlı, zirzəmilərdə, yataqxanalarda yaşayan uşaqlar. Bu uşaqlar heç vaxt komandanı tək qoymadı. Beş-altı yüz uşaq idi, mən onları çox sevirdim, onlar da məni. Mənə «Aqil əmi» deyirdilər, stadionda görəndə  ürəklənib  daha böyük səs-küy salırdılar. Avtobuslardan sallaşıb Sumqayıta gəlirdilər – oyuna baxmağa, azarkeşlik etməyə. 

Komanda ilə bir yerdə soyunub-geyinmə otağından çıxıb meydançaya daxil olanda hamısı bir ağızdan çığırırdı: «Aqil əmi!»

Kövrəlirdim, göz yaşımı zorla saxlayırdım, üzümü futbolçulara tutub deyirdim:

- Sizə qurban olum, o uşaqların evi yox, eşiyi yox, ataları, əmiləri, böyük qardaşları müharibədə şəhid olub. O uşaqların sevinci bircə sizsiniz, mən ölüm, onları ağlatmayın. 

«Qarabağ»ın o çətin illərdə ayaqda qalmasında klubun o zamankı direktoru və təsisçilərindən biri Adil Nadirovun müstəsna rolu vardı. Yeri behişt olsun. 1987-ci ildə klubun «Şəfəq» adının dəyişdirilib «Qarabağ» adlandırılması onun zəhməti idi. Hərçənd ki, buna görə o vaxt Xankəndinin «Qarabağ» komandası adın dəyişdirilməsinə maneçilik törədirdi, komandaya və Adil Nadirova çox təzyiq göstərirdilər. Amma Nadirov bunu bacarmışdı. 

Bu yazını ona görə qələmə aldım ki, heç də Murad Köhnəqalaya cavab üçün deyil, ağdamlılar üçün, bilsinlər ki, kimlər bu klubu dağılmağa, ölməyə qoymayıb. 

Və sonda. Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu günlərdə rəhmətlik Gözəl bəyin vaxtilə verdiyi bir müsahibəsinə rast gəldim. Deyir ki, Ulu

Öndər Heydər Əliyev onu yanına çağırıb söyləyib ki, «Qarabağ» adlı komanda yarat və ona sponsorluq et.  O da belə bir komanda yaradıb və sponsorluq edib. 

Amma məsələ ondadır ki, komandanı o yaratmayıb, «Qarabağ» komandası var idi.

Komandanı yaşatmaq üçün dilənməkdən yorulmuşduq. Bir yüksək vəzifəli dostumun yanına gedib klubun vəziyyətini izah elədim. Xahiş etdim ki, heyifdi, bu kluba bir sponsor tap. Təxminən bir həftədən sonra zəng edib məni yanına çağırdı. Dedi ki, sən mənə izah etdiyin kimi, mən də məsələni Prezidentə izah elədim. Prezident də Gözəl bəyi yanına çağırıb kluba sponsorluq etməyi tapşırdı. 

Və bu gün «Qarabağ» Avropada at oynadırsa buna görə  ağdamlılar və «Qarabağ»sevərlər rəhmətlik Abdulbari Gözəl bəyə və oğlu Tahir Gözəl bəyə minnətdar olmalıdırlar. Əmrah Çelikəli də heç vaxt unutmamalıdırlar.

Komandanı bu səviyyəyə qaldıran və uğurlar qazandıran isə 17 ildi komandanın baş məşqçisi  Qurban Qurbanovun zəhmətidi.

Və Murad Köhnəqalanın yazısını da çap edirəm. 
 

  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV