Bir Adil Mirseyid vardı… - Əbülfət Mədətoğlu yazır 

ƏBÜLFƏT MƏDƏTOĞLU
113 | 2024-11-28 15:01

Yəqin ki, xatırlayırsınız. Xüsusilə dostlar, doğmalar və bir də onun  ruhunu   sirdaşı bilənlər. Bu Adil Mirseyid həm rəssam idi, həm şair idi, həm tərcümələr edirdi, həm publisist yazılar yazırdı və ən vacibi bu Adil Mirseyid bu dünyanın adamı deyildi. Özünəməxsusluğu, işində, həyat tərzində, yaradıcılığında qeyri-adiliyi onu həm cəmiyyətdən uzaqda tuturdu, həm də cəmiyyətin fövqündə. Yəni, bizimlə olduğu qədər həm də bizdən uzaqda idi. Ona görə də onu hər gün görəndə elə bilirdin ki, sıradan bir adamdı. Onu bircə gün görməyəndə elə bilirdin ki, ətrafın, dünyan boşalıb. Bax, bu formulanın içərisində yaşayırdı mənim üçün Adil Mirseyid. Varkən yoxluğunu yaşatmaq, yoxkən varlığına səni inandırmaq istedadını, qabiliyyətini və bir də sirli bir özəllik  bağışlamışdı Allah ona…

İndi  keçən günlərə səyahət edib xatirələrə baş vuranda elə bilirəm ki, «Ədalət»  qəzetində bir yerdə işləyirik. Barmağının arasında siqareti tüstülənə-tüstülənə özünəməxsus oturuşla, özünəməxsus səslə danışır mənimlə. İnan ki, səsi qulağımda o qədər diridir ki, onun yanında olduğuna bütünlüklə inanıram. Söhbətimiz, mövzumuz ədəbiyyat, rəsm, sənətdir. Və elə bu məqamın içərisində bir hadisəni də xatırlayıram. Deməli, 1992-ci il idi. Adillə kitab barəsində, kitab qrafikası haqqında danışırdıq. Necə oldusa söz sözü çəkdi və mənim «Dərdini danışan adam»kitabım  barəsində soruşdu məndən. Bilirdi ki, mətbəədədi. Elə birbaşa da soruşdu:

- Kitabın üz qabığında olacaq rəsmi çəkmişəm sənin üçün.  Göstərsəm baxa bilərsən?

Gözləmirdim, ona görə də bir anlıq duruxdum və çox böyük sevgi ilə: 

- Əlbəttə, dedim. Bu, əsl surprizdi mənim üçün.

Masasının siyirməsindən çıxartdı həmin rəsmi və qoydu gözümün önünə. Baxdım və sonra başımı qaldırıb soruşmaq istədim…

Adil qabaqladı məni:

- Kitabın son variantını səninlə birlikdə gözdən keçirəndə müəyyən detallar tutdu məni. Ona görə emalatxanamda olanda həmin o detalları rəsmə çevirdim. Buyur, xoşun gəlirsə, olsun kitabının üz qabağı…

Möhkəmcə sıxdım Adil Mirseyidin əlini. Başqa heç nə demədim. Çünki burada deməyə söz qalmamışdı. Bax, beləcə Adil Mirseyid mənim özümə demədən, özümdən soruşmadan kitabımın rəssamı oldu.

Bu onun içindəki qeyri-adiliyin, səmimiliyin xırdaca bir nümunəsidi və həyatımda çox görmüşəm Adil Mirseyidin belə təvazökarlığını, dosta, ruh adamlarına belə diqqətini. İndi onun vəfatından sonra işıq üzü görmüş «Son şeir, Son vəsiyyət» kitabını vərəqləyirəm. Vərəqləri çevirdikcə sanki həmsöhbət oluruq. Sanki yenə yandırdığımız siqaretlərin tüstüsü bir-birinə qarışır, fikirlərimiz bir-biri ilə gah yoldaşlıq edir, gah da dartışır, çəkişir. Bu kitabda isə bir-birindən maraqlı şeirlər məni az qala nəfəs çəkmədən onları oxumağa yönəldir. Adil Mirseyid yazır ki:

 

yazdığım şeir əlinə keçsə bir gün

bilərsən ki tale mənnən nə oyunlar oynayıb

qaranlığın dibindəyəm yay günü üşüyürəm

burda intihar eləmək olar

burda ağlayıb sızlamaq ayıb.

 

hələ də çəkilməyib bu bəlalı başımdan

qara sevda sərxoşluğu

sən yoxsan artıq mənim ömrümdə

indi kim dolduracaq söylə kim dolduracaq

dünya ilə mənim aramdakı boşluğu.

 

sən iz buraxmadan getdin

mən bir boşluğa düşdüm

içimdə aya baxıb ulayan bir yalqızlıq

umudsuz bir çarəsizlik

yatağımda ölümün soyuqluğu.

 

bir zamanlar ürəyimdə durna fəryadı

sənin gözlərinlə dünyaya baxdım

qaranlığın dibindəyəm yay günü üşüyürəm

daha gözləmə məni geri dönməyəcəyəm

mən arxamca gəmiləri yandırıb yaxdım.

 

Şeiri oxuduqca bir ömür yolunun kadrları, cizgiləri yavaş-yavaş heç yana tələsmədən bir video-çarx kimi gəlib keçir və bu video-çarxın müəllif fikirlərini, müəllif sözlərini elə Adil Mirseyid özü öz üslubunda pıçıldayır. Dinləyici, yəni oxucu o video-çarxın bir-birini necə tamamladığını, bir-birini necə təqdim etdiyini təkcə görmür, eşitmir, həm də yaşayır. Hiss edir ki, bu, dünəndən qalan və lentə alınıb indi təkrarlanan bir yazıdı… ömür yazısı… yaşam yazısı. Və bu həm də bir vidadır. Amma Adil Mirseyid əlini necə tərpədir, o vidalaşmanı necə gerçəkləşdirir, onu gözlə görmək mümkün deyil. O pərdə arxasındadır. O yalnız duyulur. Təbii ki, duyanlar duyur. Həmin ovqatla da ömrün payız notlarını dinləməyə başlayırsan.

Yaşadığın şəhərdəki payızı görürsən, onun nəfəsini duyursan, rəngini çeşidləyirsən və hətta bir az da heyrətlə, təəccüblə bu şəhərin payızını süzüb digər payızlarla müqayisə edib bir özəllik ortaya çıxarırsan. Çünki bu şəhərdəki payız gerçəkdə isə Adil Mirseyidin payızındakı şəhər xatirələrin, səslərin, sözlərin və sevgilərin şəhəridi, həm də onların payızıdı.

yarpaq qoxuyurdu şəhər havası

təzə yandırılmış yarpaq qoxusu

sənin gözlərindən sürüşdü birdən

iki damla dəniz iki damla su.

 

ayrılsaq da hələ sevirəm səni

hər şeyi yenidən başlamaq olar

pəncərəni açma yanıq qoxusu

səssizcə süzülüb otağa dolar.

 

mən İzmir bağında gözlədim səni

şəhərin üstünə axşam çökürdü

ağlamağa hazır idi buludlar

palıd ağacları yarpaq tökürdü.

 

bir axşam nədənsə yad gəlir mənə

doğma və hüzünlü payız şəhəri

cibimdə bir qutu kent siqareti

ağzımın içində tütün zəhəri.

 

Mən şeiri sizə gec təqdim etsəm də, amma bunu ona görə xüsusi vurğulayıram ki, Adil Mirseyidin o payızın şəhərində xəzan var, tökülən yarpaqlar kimi, tökülən yaxınlar, uzaqlar, sevgilər var. O da ağrıdır adamı. Axı, xəzan həm də qopub getməkdir, ayrılıqdır. Bunu da Adil Mirseyid ciyərlərinə çəkdiyi, ağzında zəhər dadan tütün acısı ilə gizləməyə, arxa plana atmağa çalışır. Amma o həm də bunu məhz elə «gizlətmək istədiyi» üsuldan yararlanıb, istifadə edib bizə göstərir. Şeirdəki nostalji ruh, hava məhz payız şəhərini, buna da paralel olaraq şəhərin payızını kövrək bir xatirə mövzusu edir. O mövzudan da şeir doğulur. Çünki doğmanı itirmək, sənə əziz olan yanında görməmək məhz bu sonluqla başa çatmalıdı. Necə ki, Adil Mirseyid onu başa çatdırıb.

Bəli, həqiqətən bir Adil Mirseyid vardı. Allahın verdiyi ömürdən ədəbiyyat üçün, sənət üçün bacardığı qədər iş gördü. Bu gün də bir Adil Mirseyid var. Yaşayır içimizdə, yaddaşımızda. Və bacardığı işin arenasını o qədər böyüdüb ki, bunun içərisində «bacarmadığını» da bizə təqdim edir. Çünki onun bacarmadıqları bacardığının alt qatıdır. Biz onu görməyi bacarmalıyıq.

TƏQVİM / ARXİV