‘’Bizə dedilər ki, daxili işlər naziri dəstəsi ilə iclası dağıtmağa gəlir… ’’
Milli Qurtuluş Günü ilə bağlı qeydlər.
Hər il Qurtuluş günü ərəfəsində 32-33 il bundan əvvəl baş verən hadisələr gözümün önündən keçir. Hər dəfə yazmaq istəyəndə ilk növbədə özüm-özümə bu sualı verirəm. Azərbaycan 15 iyun dayanacağından keçməsəydi nə baş verərdi? Bir xalq üçün taleyüklü sualdır? Ölüm-qalım məsələsidir. Mən bu suala dolğun cavab vermək üçün yaddaşıma boylanacağam. 1992-ci ildə Şuşa və Laçının düşmənə təhvil verilməsi, hakimiyyətə can atan küçə təfəkkürlü qruplaşmanın Azərbaycanın dövlətçilik tarixinə vurduğu ən böyük zərbə oldu. 1992-ci ilin 15 mayında baş verən silahlı çevriliş Azərbaycanı on illərlə geri saldı. Mən o dövrün canlı şahidi olaraq bunu deyirəm. Amma hər şey başqa cür də ola bilərdi.
O vaxt Naxçıvan Ali Məclisinə rəhbərlik edən Heydər Əlirza oğlu Əliyev dərhal, vaxtında Bakıya dəvət edilsə idi, tarixin təkəri başqa cür fırlanardı. Bütün bunlar olacaqdı, amma hələ bir il var idi. Ağır və məşəqqətli bir il. Mən o zaman qəzetdə müxbir olaraq çalışırdım. Tez-tez hospitallara gedib Birinci Qarabağ Müharibəsində yaralanmış əsgərlərdən müsahibələr alırdım. Ürək ağrıdan məqamlar çox idi. Xüsusilə o vaxtkı hakimiyyətin ön cəbhədə vuruşan Azərbaycan ordusunun əsgərlərinə son dərəcə laqeyd yanaşması, tərcübəsizlikdən savayı xəyanətkar mövqeyin nəticəsi idi. Həmin müsahibələr dövrü mətbuatda dərc olunurdu. Hospitalların qarşısındakı mənzərələr daha da acınacaqlı idi. Həmin əsgərlərin vlideynləri o vaxtkı Müdafiə naziri Rəhim Qazıyevə lənət yağdırırdı. Ordu səfil günündə idi, elementar hərbi savadı olmayan Rəhim Qazıyev Qarabağda oz oyunlarını oynayırdı.
Bu günlərdə Real TV-də ‘’Şuşa – Qan təzyiqi’’ sənədli filmi yayımlandı. Bir neçə şahid – hərbçilər Rəhim Qazıyevin Şuşanın qəsdən ermənilərə təhvil verdiyini bir daha təsdiq etmiş oldular. O filmdəki müsahibələri sakit tərzdə dinləmək mümkün deyil. Şuşanın başına gətirilən oyunlar 1992-cü ilin 15 may tarixindən sonra bütövlükdə Azərbaycanın başına gətirilirdi. Səriştəsizlik isə başqa məqalənin mövzusudur. Yalnız onu deyə bilərəm ki, dünənə qədər tanıdığım səriştəsiz insanlar artıq dövlət aparatında ən yüksək vəzifələrə təyin edilmişdilər.
Qarabağda vəziyyətin gərginləşməsi, ölkə daxilində xaos və anarxiyanın dərinləşməsi ilə müşahidə olunurdu. Azərbaycan kompassız gəmi idi. Bakıda hakimiyyəti ələ keçirmiş başıpozuq qüvvələr qısa müddətdə ölkədə vəziyyətin ağırlaşmasını ‘’təmin etmişdilər.’’ Yalnız Naxçıvan əsl dövlətçilik modeli nümayiş etdirirdi. Naxçıvan əhalisi Ümummilli Lider Heydər Əliyevin yanında birləşmişdi. Məhz bu birlik 1992-cin ilin oktyabr ayında Naxçıvanda AXC-Musavat cütlüyünün çevriliş cəhdinin qarşısını aldı. Hesab edirəm ki, məhz Naxçıvanda baş verən hadisələr böyük şəxsiyyətin Azərbaycanda siyasi hakimiyyətə qayıdışında dönüş nöqtəsi oldu. Düzdür bir qədər əvvəl 91 ictimai-siyasi xadimin Heydər Əliyevə müraciəti olmuşdu. Amma dönüş nöqtəsi məhz Naxçıvanda oktybarın 24-də baş verən proseslər oldu. 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası təsis olundu. Azərbaycan dövlətinin sözün həqiqi mənasında qurulması prosesinin başlanğıc nöqtəsi bu idi. Mən o zaman Bakı Məişət Kondisionerləri Zavodunun ‘’Texniki Tərəqqi Uğrunda’’ qəzetin müxbir kimi çalışırdım və dərhal Yeni Azərbaycan Partiyasına qoşulmağa qərar verdim. Qapı-qapı gəzib imzalar toplayırdıq, tam səmimi deyim ki, asan başa gəlmirdi. Qapıları üzümüzə bağlayır, çox vaxt idə ümumiyyətlə açmırdılar. İclaslarda iştirak etdikcə başa düşürdüm ki, ölkə yeni dövrə qədəm qoyur, amma bu heç də asan proses olmayacaq – hər şey sıfırdan qurulmalı idi. Bu günə qədər yayımdadır. Nərimanov rayonunda keçirilən iclaslara manelər törədilir, bizə qarşı həqarətli ifadələr işlədilirdi. Hətta günlərin bir günü axşam saatlarında iclas zamanı xəbər verdilər ki, o vaxtkı Daxili İşlər Naziri İsgəndər Həmidov öz dəstəsi ilə Yeni Azərbaycan Partiyasının iclas keçirilən binasına hücum edəcək. Qalıb-qalmamağı öz öhdəmizə buraxdılar. Heç kim binanı tərk emədi. Çünki biz böyük Heydər Əliyevin azad və firavan Azərbaycan naminə başlatdığı mübarizəinin ön sıralarında olmağa söz vermişdik. Biz əsl dövlətin qurulması uğrunda mübarizə aparırdıq.
Bəli, o vaxtkı yarıtmaz və xəyanətkar hakimiyyətin cəhdlərinə baxmayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Azərbaycan dövləti uğrunda mübarizəsini davam etdirirdi. 1993-cü ilin iyun ayında ölkədə baş verən qanlı hadisələr, Vətəndaş Müharibəsi təhlükəsinin günü-gündən daha da real görünməsi yalnız bir nəticədən xəbər verir - Azərbaycan parçalanır. Ümid yalnız XX əsrin görkəmli şəxsiyyəti, Sovet İttifaqının rəhbərliyində təmsil olunmuş yeganə azərbaycalı – Heydər Əlirza oğlu Əliyevə idi. Yadımdadır hələ mayın 10-da, 70 illik yubileyi münasibətilə ona teleqram ünvanlamışdım. İndi isə iyun idi, hətta müqayisədə may da iyundan xeyli uzaqda qalmışdı.
İyunun 9-da Naxçıvandan Bakıya təyyarə yola düşür. Çox az sayda YAP fəalı, o cümlədən mən hava limanında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi gözləyir. Mənim əlimdə iki portret və bir dəstə gül var idi. Mən portreti yanımdakı şəxsə ötürürəm ki, sıralarımız daha geniş görünsün. Təyyarə enir, böyük coşğu – alqışları müşayiəti ilə biz Heydər Əliyevi qarşılayırıq. O alqışlar son ümid üçün idi. Həqiqətən Azərbaycan ağır bir dövrə qədəm qoymuşdu. Qroysmester dərrakəsi lazım idi ki, düzgün gedişlər edə bilsin. Biz Heydər Əliyevi o vaxtkı Ali Sovetə qədər müşayiət etdik. Hakimiyyət isə hər vəchlə biz fəallara mane olmağa çalışırdı. Hətta iyunun 15-də də bizim Ali Sovetin qarşısında dayanmağımıza imkan vermirdilər. Mən isə o zaman Şəhidlər Xiyabanına – şəhidlərimizi ziyarət etməyə gedirik’’ – dedim. Bizim amalımız bir idi – Azərbaycan xüsusilə son bir il ərzində düşdüyü bu ağır, böhranlı vəziyyətdən tam xilas olsun. Ölkə xaosdan inkişafa qədəm qoysun. Qarşısımızda Naxçıvan nümunəsi vardı. 1991-1993-cü illərdə Naxçıvan məhz Heydər Əliyevin sayəsində ən ağır sınaqlarda alnı-açıq üzü ağ çıxmışdı.
Təkcə bir faktı deyim ki, Naxçıvandan Bakıya doğru hərəkət edən sərnişin qatarının qarşısının ermənilər tərəfindən Mehri rayonu ərazisində kəsilməsi və insanların əsir götürülməsi hələ Ayaz Mütəllibov iqtidarını aciz vəziyyətdə qoymuşdu. İnsanlar faktiki olaraq girov saxlanılırdı. Məhz Heydər Əliyevin təcili müdaxiləsi sayəsində qısa bir müddətdə girovlar azad edildi. Naxçıvanın o dövrdə Ermənistanla həmsərhəd ərazilərində yerli əhali keşik çəkir, erməni hücumlarının qarşısını rəşadətlə alırdılar. Bu həm də bəlgədə liderin olmasından xəbər verirdi. Heydər Əliyev Naxçıvanda pərakəndəliyə qısa müddətdə son qoymuş, vahid hakimiyyət formalaşdırmışdı. AXC-Musavatın rəhbərlik etdiyi rəsmi Bakıdan fərqli olaraq Naxçıvan daha güclü idi. Və əslində Azərbaycanın milli qurtuluşu 1991-ci ilin 3 sentyabrında - Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi tarixindən başlanmışdı.
Tarix hər millətə, hər xalqa 15 iyun nəsib etmir, tarix hər xalqa böyük zəfər nəsib etmir. Tarix məncə xəsisdir, üstəlik qəddardır. Sadəcə şəxsiyyət faktoru unutmamalıyıq. Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi ölkədə yeni dövrün - dövlətçilik və inkişaf mərhələsinin başlanğıcı idi. 15 iyun 1993-cü ildə Heydər Əliyev artıq sədr kimi kürsüyə qalxdığı zaman ilk növbədə təəssübkeş, dövlətini, ölkəsini sevən bir sıravi vətəndaş olaraq sevincimin həddi-hüdudu yox idi. Heydər Əliyev artıq yeni Azərbaycanı qurmağa başlayırdı. Gəncə böhranının vətəndaş qarşıdurmasına çevrilməsinin qarşısının alınması, dövlət aparatının səriştəsiz və xəyanətkar qüvvələrdən təmizlənməsi qarşıda dayanan başlıca vəzifə idi.
Milli Qurtuluş əslində bir günün tarixi deyil, bu bütün xalqın bütöv bir epopeyasıdır. Biz epopeya isə əbədidir.
Turəxanım Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Digər Xəbərlər
12 Iyun 2026 15:38
Biz nədən qorxuruq? - Tərlanə Yaqubqızı yazır
12 Iyun 2026 12:45
Rafiq ƏLƏKBƏR: Gəl, elə dost olaq ki...
12 Iyun 2026 09:34
“Mədəniyyət sahəsində müsabiqə anlayışını uzun müddətliyinə ləvğ etmək lazımdır”
11 Iyun 2026 13:58


Bakı -°C

