20 May 2024 09:06
1839
ƏDƏBİYYAT

BORC DƏFTƏRİ - Əlisəfa Azayevdən HEKAYƏ

(Hekayə)

Vahid köhnə ticarətçi olsa da, küyə gedib şadlıq evi təşkil etdirənlərdən idi. Xərcindən çox borcu vardı. Borc deyəndə, aydın olsun ki, çoxu toyu edib, pulunu verə bilməyənlər idi. Nə qədər icarə haqqı yığılıb qalmışdı. Özü də dəftərə, borcluların siyahısına baxanda haldan çıxardı. Çox vaxt işçilərə, ərki çatanların özünə zəng elətdirib, borcu qaytarmağı xahiş edərdi. İndi də həmin qalın ümumi dəftərdə yazılmış siyahı onun qarşısında idi. Ah-uf edə-edə bir-bir vərəqləyir, onlara zəng çalırdı:

  • Əsəd, salam, necəsən?
  • Belə də...
  • Bizi tərəfə gəlmirsən?
  • Gələcəm.
  • Nə vaxt?
  • Əlimə pul düşəndə.
  • Ay evin tikilsin, mən də pis vəziyyətdəyəm axı.

Sonra Kazıma zəng çaldı:

  • Xalaoğlu, dediyin vaxt tamam oldu axı.
  • Hə...
  • Pulu gətir də...
  • Sən də kefdən danışırsan, pul hardadı?!
  • ...
  • Dünyanın axırı deyil ki, gətirəcəyəm də.

Əsəbi halda telefonu qapadıb, Zakirə zəng çaldı:

  • Əmioğlu, salam...
  • Salam...
  • İcarə haqqı üçün zəng çalmışdım.
  • Sən mənim canım, mənə nə deyirsən de, pul demə. Verəcəyəm də, alacağım var. Sənin kimi mənə də borcu olanlar çoxdu.

Bu vaxt təşkilatçı içəri girib bildirdi:

  • Patron...
  • ...
  • Şef...
  • Sözünü de...
  • Əlavə ət, araq, yemək istəyirlər.
  • Ver, təşkil elə də...
  • Axı onlar, heç icarə haqqının pulunu verməyiblər.
  • Verərlər. Daha nə edək, müqavilə münasibətinə girmişik də.

Bu vaxt qapı ağzında bir qadın göründü, sonra da ahıl bir kişi. Onlarla görüşəndən sonra qadın səsləndi:

  • Elli, bizə kömək elə də.
  • Edim də...
  • İmkansızlıq üzündən oğlumuzu evləndirə bilmirik. Toydan sonra pulunu verəcəyik.

Kişi də onun sözlərini təsdiq elədi:

  • Hə də...
  • Hamı belə deyir. Toydan sonra onların heç birini tapmaq olmur.
  • Bu vicdansızlıq olar ki...
  • İndi vicdan, qeyrət var ki?...

Kişi ilə qadın ona heyrət içində baxanda səsləndi:

  • Düzdür, bunu hamıya şamil etmək olmaz. Ancaq belələri var.
  • Var... Meşə çaqqalsız olmaz, – deyə kişi fikrini bildirdi.

Vahid stolun üstündəki borc dəftərini onlara göstərərək dedi:

  • Baxın da...Borcların siyahısıdı, bayaqdan onlara zəng çalıram, qımıldanan yoxdur.

Kişi ilə qadın gedəndən sonra, borclulara zəng çalmağı işçilərin birinə tapşırdı. Özü həyətə çıxıb bir az təmiz hava aldı, siqaret çəkdi. Çal-çağır sədalarına qulaq asa-asa öz-özünə mızıldandı:

  • İndi deyirlər ki, bəxtəvər qazanır da!
  • ...
  • Daha deyən yoxdu ki, borc içində boğuluruq.
  • ...
  • Borclular borclarını vaxtında qaytarsalar elə bir çətinliyimiz olmaz.

Geri qayıdanda işçisi dedi:

  • Vahid müəllim, İcra Hakimiyyətindən sizi soruşurdular.
  • Nə dedin ki?
  • Həmişəki sözümü. Dedim ki, burada yoxdur.
  • Bir söz demədilər ki?
  • Yox.

Nahar vaxtı idi. Daha evə getmədi. Bugünkü toya dəvət olunmuşdu. Dəvət olunmadığı toylara da gedən idi. Oturmasaydı da, düşərgəsini yazdırardı. İndiki toy isə qohum adamın idi. O, içəri girəndə hörmətlə qarşılandı, əyləşməsi üçün münasib bir yer göstərildi.

Yüz içib, bir-iki tikə çörək yeyəndən sonra, sərpayını yanına çağırtdırdı:

  • De ki, bir “Qaytağı” havası çalsınlar.
  • Baş üstə.

Gözəl oynamağı, rəqs etməyi vardı. Meydana girəndən hamı ona diqqət çəkilmişdi. Onu tanıyanlar, yaxınlar da bu şənliyə qoşuldular. İki xanım xüsusilə yaxşı oynayırdılar. Səslər eşidildi:

  • Əla!..
  • Müdirə eşq olsun!..
  • Sadə adamdı da...

Arada mikrafonu əlinə alıb bəylə-gəlini təbrik elədi:

  • Xoşbəxt olsunlar!
  • ...
  • Oğullu-qızlı olsunlar!
  • ...
  • El-obamıza layiq övlad böyütsünlər!

Toydan sonra orada çox da ləngimədi. Evə yola düşəndə düşərgəni yazdırdı. Onda adət idi. Düşərgəni yeyib-içməmişdən əvvəl yazdırardı. Yenə yaxşı ki, unutmamışdı.

Evdə həyat yoldaşı Nahidə onu çox qanıqara qarşıladı:

  • Deyəsən, toydan gəlirsən?
  • Hə.
  • Məni aparanda nolardı ki?
  • Deməmişdin axı...
  • Gərək deyəydim.

Qadın narazı halda ona çay verəndə soruşdu:

  • İçmisən?..
  • Çox yox. Elə yüz qram.
  • Təzyiqin var axı.
  • Deyirlər ki, araq təzyiqə bir o qədər ziyan deyil. Əksinə qanı durulaşdırır, qan dövranını qaydaya salır.
  • İcradan səni axtarırlar, xəbərin var?
  • Hə...
  • Bəs getməmisən. Dedilər ki, başçı axtarır.
  • Yenə yəqin pul məsələsidi də.
  • Nə qədər?!...
  • On min.
  • Ay bunların evi yıxılsın. On minin hardadı?!
  • Bunu onlara de də... Yenə düzəldərəm ey, hamısı borcdadı da.
  • Gözümüz aydın. Sənə deyəndə sözə baxmırsan da.
  • Ay Qəşəng, nə edim. Bu gün də biri əri ilə gəlib, yalvarır-yaxarır ki, imkansızlıq üzündən oğlumuzu evləndirə bilmirik.
  • Sən də o an yumşaldın da.
  • İnsan deyiləm?!
  • Başçı bunu nəzərə alacaq?!
  • Çətin.

Kişi arağın təsirini, iy-qoxusunu azaltmaq, yox etmək üçün müxtəlif üsullara əl atmağa başladı. Hələ də ağzında nəsə çeynəməkdə idi.

Qadın ona toxunaraq dedi:

  • Sən Allah, o tərəfə dur, it iyi vurursan.
  • Pul gələndə, heç bu sözləri demirsən.
  • Çox da gözümüzə soxma, nə qazanırsan ey?! Xalxın ərləri dünyanı dağıdır.

Bu yerdə yadına bir taksi sürücüsü ilə olan hekayət düşdü. Saat on ikidən keçmişdi. Onun bu vaxt küçədə nə etdiyini, kimi gözlədiyini soruşanda dedi: “Müəllim, mənim dərdim sənə qalıbsa, üç manat ver, gedim evə”. Soyuqda beləcə küçədə dayanmaq ona xoş gəlmədiyi üçün dedi: “Verirəm, ancaq niyə çox yox, üç manat?” Kişi dedi: “Hər axşam yüz manat evə pul gətirməsəm, arvad qapıdan içəri məni buraxmır. İndi doxsan yeddi manat qazanmışam, üç manat çatmır”.

Vahid İcra Hakimiyyətinə gələndə işçilər onu xoş üzlə qarşıladılar. Hərə öz otağı tərəfə çəkmək istəyirdi. Əlacsız qalıb dedi:

  • Ə, vallah qabaqkı halım yoxdur.
  • Yenə nolub?
  • Əlim aşağıdı.
  • Daha bu olmadı ki.

İstədi desin, vallahi ki, sizin əlinizdən bura gəlmək istəmirəm. Ancaq susdu, onları acılayıb, özünü pis etmək istəmədi. Şöbə müdirləri kimi, müavinlər də yaxalarını kənara çəkdilər, “səni başçı şəxsən önü çağırıb” dedilər.

Maraqlandı:

  • Yenə xeyir ola?
  • Guya bilmirsən. Rayon tədbiridi də.
  • Bu işlərə pul ayrılmayıb?
  • Rayonun öz daxili imkanları hesabına aparılır da.
  • Parkın tikintisi?!
  • Elə yaşıllaşdırma, yol-abadlıq işləri də.

Biri lap ağ elədi:

  • Müəllim, bura şadlıq evi deyil ey. Yeyib-içə, pul yazdırmadan çıxıb gedə.
  • Hə, belə hallar olur. Ancaq nə edək, yola veririk də. Sizdə isə yola vermək yoxdur.
  • Bu bizlik deyil.
  • Başçıya sözümü deyərəm də.
  • Nə deyəcəksən ey?
  • Deyəcəyəm ki, icarə pullarının çoxu borcdadı. Ala bilmirik. Camaatın güzəranı ağır, alacağı azdır.

Müavin qeyzləndi:

  • Gör də...
  • ...
  • Heç nədən özünü hörmətsiz edərsən.
  • ...
  • Guya sənə “çox sağ ol” deyəcək?

Həqiqətən də başçı onu sərt qarşıladı:

  • Bu nədi, ictimai işə niyə kömək etmirsən?!
  • Niyə kömək etmirik?!.
  • Məni də bura göndəriblər ki, bu işlər görülsün də...
  • Bilirsiz...Çoxdu ey...

Başçı əlinəqələm alıb hesabladı:

  • Hər idarə müdirinə bu qədər düşür də.
  • ...
  • Yol qırağı köhnə hasarlar sökülməlidi.
  • ...
  • Rayon mərkəzinə yaraşıq verən yeni hasarlar çəkilməlidi.

Vahid cəld cibindəki borc dəftərini stolun üstə qoyub, vərəqləməyə başladı:

  • Pul var ey, hamısı borcdadı.
  • ...
  • Gətirən, verən də yox...
  • ...
  • Elə bil ki, dədələrinə borcluyam.

Başçı ona sərt bir nəzər saldı:

  • Ə, danışığını, harada olduğunu bil!
  • Bilirəm...
  • Bilmirsən... Bilsən belə acı-acı danışmazsan.
  • Vadar olmuşam da.
  • ...
  • İnsan çətinliyə düşəndə çabalayır da.
  • ...
  • Devikir, çırpınır, can vuruşdurur.

Başçı onun bu sözlərinə qəzəbləndi:

  • Sus! Riyakarlıq eləmə. Nizam-intizam pozmaq sənə yaraşmır!
  • Pozmuram ey...
  • ...
  • Məbləğ çoxdur.
  • Şadlıq evi üçün on min nə puldu ki?! Özündə içib gəlmisən!...

Oradan da onu həbs edib, polis şöbəsinə apardılar. Polis rəisi nə qədər insaflı adam olsa da, fakt qarşısında qalmışdı. Onu təcridxanaya saldırası oldu. Dedi:

  • Gərək bağışlayasınız da.
  • Sizlik nə var ki...
  • İçkili olmağımız aləmi korladı.
  • Elə bir az... Yüz qram içmişdim.
  • İçkinin azı-çoxu yoxdu ki, hamısı adamı başdan çıxarır da.

Səhər də onu prokuror çağırtdırdı. Soruşdu:

  • Bu nə oyundu düşmüsən?
  • Daha deməyin.

Hakim gülə-gülə dedi:

  • Pulunu ver, canını qurtar da.

Onlar hər ikisi təəssüf ifadə etsələr də, inzibati cəzadan can qurtara bilmədi. Bu da onu bərk sarsıtdı. Vaxtaşırı yanına gələn şadlıq evinin bağlı otaqlarında yeyib-içən, çörək yeyən insanlar ona kömək edə bilmədilər.

Üç gündən sonra onu xidməti otağından tapdılar. Şənbə, bazar günləri ona-buna zəng çalmaqla məşğul imiş. Borc pulların qaytarmaları üçün...

Hətta stolun üstündə müxtəlif adamlara yazdığı kiçik kağız parçasında məktublar da vardı. Onları həmin şəxslərə göndərmək fikrində imiş: “Qulu, bilirsən ki, sənin xətrini nə qədər çox istəyirəm. Məni də başa düş, borcu qaytar. Başçı gecə-gündüz mənə rahatlıq vermir. Aylığı ödəyə bilmirəm”.

Sonrakı məktub yaxın adamına yazılmışdı: “Əziz, elə bil ki, sən yox, mən sənə borcluyam, kömək elə. Tikan üstə oturan kimiyəm. Rahatlığım yoxdur. Sanki can üstündəyəm, ölürəm...”

Üçüncü məktub lap gözyaşları içində yazılana oxşayırdı: “Fəxrəddin, inanmazsan ki, icra başçısının tapşırığını yerinə yetirə bilmədiyim üçün həbs olundum. Pulsuzluq belədi də. Borcunu qaytar..."

Onu tapıb evə aparanda, soyunduranda, borc dəftəri yerə düşdü. Həyat yoldaşı ah-nalə içində çığırdı:

  • Onu öldürən elə bu oldu!... Borclular, borc dəftəri!... İnsana yaxşılıq varmı?!...