adalet.az header logo
  • Bakı -°C
25 Iyun 2026 07:38
43
ANALİZ
A- A+

Böyük Qələbənin simvolu

Hər il 26 iyun tarixində ölkəmizdə Silahlı Qüvvələr Günü böyük qürur və iftixar hissi ilə qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, Vətənimizin müdafiəsi uğrunda xidmət edən hərbi qulluqçularımıza ehtiram göstərmək və dövlətimizin hərbi qüdrətini bir daha qiymətləndirmək üçün mühüm fürsətdir.

Azərbaycan Silahlı Qüvvələrinin təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələrinin yaradılması ilə qoyulmuşdur. Müstəqilliyimizin bərpasından sonra isə ümummilli lider Heydər Əliyev tərəfindən nizami ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edilmiş, peşəkar və güclü Silahlı Qüvvələrin formalaşdırılması üçün möhkəm təməl yaradılmışdır.

Bu gün həmin siyasət Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Onun rəhbərliyi ilə son iyirmi ildən artıq müddətdə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müdafiə sahəsinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması, ordunun ən müasir silah və hərbi texnika ilə təchiz edilməsi, müdafiə sənayesinin inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və şəxsi heyətin peşəkarlığının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusu dünyanın nüfuzlu hərbi reytinqlərində ön sıralarda qərarlaşan, regionun ən güclü ordularından birinə çevrilmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, qətiyyətli liderliyi və Ali Baş Komandan kimi qəbul etdiyi strateji qərarlar Azərbaycan tarixinin ən möhtəşəm Qələbəsinin qazanılmasında həlledici rol oynamışdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu 44 gün ərzində yüksək peşəkarlıq, qəhrəmanlıq və müasir döyüş taktikası nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu tarixi Zəfər xalqımızın milli birliyinin, güclü dövlət idarəçiliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təcəssümü oldu.

2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bununla ölkəmizin Konstitusiya quruluşu tam bərpa olundu və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edildi.

Bu gün Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz olunmuş, peşəkar hazırlığa malik, yüksək döyüş ruhu ilə seçilən güclü bir ordudur. Dövlətimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması və ordunun davamlı inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir.

26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımıza sonsuz təşəkkürümüzü ifadə edirik.

Əminliklə demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olacaq, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı