Dəyişən Dünya, NATO Sınaqda: Ankara Zirvəsi Yeni Bir Dönəmin Başlanğıcı Ola Bilərmi?
2026-cı il 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO-nun 77-ci Liderlər Zirvəsi yalnız ittifaqın illik toplantılarından biri kimi qəbul edilməməlidir. Bu zirvə NATO-nun son illərdə üzləşdiyi çoxşaxəli çağırışlar fonunda, alyansın gələcəyinin hansı prinsiplər üzərində qurulacağına dair mühüm mesajlar verəcək. Başqa sözlə, söhbət təkcə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin necə yekunlaşacağından və ya Avropanın təhlükəsizliyinin hansı yollarla təmin ediləcəyindən getmir. Əsl məsələ dəyişən dünya düzənində NATO-nun özünü necə yenidən tərif edəcəyi, qarşısındakı təhdidləri necə dəyərləndirəcəyi və onlara qarşı hansı strateji baxışı formalaşdıracağıdır.
NATO-nun bu gün qarşı-qarşıya qaldığı müzakirələri anlamaq üçün dörd il əvvələ qayıtmaq lazımdır. 2022-ci il Madrid Zirvəsində qəbul edilən Strateji Konsepsiya sənədi NATO-nun Soyuq müharibədən sonrakı dövrdə qəbul etdiyi ən mühüm transformasiya sənədlərindən biri hesab olunurdu. Həmin günlərdə alyansın əhval-ruhiyyəsi də xeyli fərqli idi. Co Baydenin rəhbərlik etdiyi Amerikanın NATO-ya və liberal beynəlxalq nizama bağlılığı müzakirə mövzusu deyildi. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə transatlantik münasibətləri yenidən canlandırmış, Avropa ilə Amerika arasında uzun müddətdir müşahidə olunmayan dərəcədə güclü həmrəylik yaratmışdı.
Bir çox müşahidəçiyə görə, NATO sanki öz külündən yenidən doğulurdu. Uzun illər boyunca “beyin ölümü baş vermişdir” müzakirələrinin mövzusu olan ittifaq yenidən beynəlxalq təhlükəsizlik sisteminin mərkəzinə yerləşmişdi. Madrid Zirvəsində Rusiya açıq və birbaşa təhdid kimi xarakterizə edilərkən, Çinin yüksəlişi də ilk dəfə olaraq NATO-nun təhlükəsizlik gündəliyinin mühüm tərkib hissəsi kimi strateji sənəddə öz əksini tapmışdı.
İttifaq daxilində ortaq təhdid qavrayışı kifayət qədər güclü idi, Amerika ilə Avropa arasındakı uzlaşma yüksək səviyyədə idi və NATO-nun gələcəyinə dair nikbin əhval-ruhiyyə hökm sürürdü. Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi şəraitdə Finlandiya və İsveçin NATO-ya tamhüquqlu üzv kimi qoşulması da ittifaqın çəkindiricilik qabiliyyətini və beynəlxalq nüfuzunu daha da artırmışdı. Lakin aradan keçən dörd il ərzində çox şey dəyişib. Bu gün NATO hələ də güclü hərbi ittifaq ola bilər, amma artıq 2022-ci ildə olduğu qədər vahid mövqeyə malik və özünəinamlı deyildır. Həmin dövrdə üzv ölkələr arasında böyük ölçüdə ortaq olan təhdid qavrayışları indi getdikcə fərqlənməyə başlayır.
Amerikanın prioriteti artıq yalnız Avropa deyil; Vaşinqtonun diqqəti getdikcə daha çox Qərb yarımkürəsinə, Çinə və Asiya-Sakit okean regionuna yönəlir. Avropa isə Rusiya təhlükəsini hələ də əsas təhlükəsizlik problemi kimi görməkdə davam edir. Cənubi Avropa ölkələri miqrasiya və qeyri-sabitlik məsələlərinə fokuslanarkən, bəzi üzvlər süni intellekt və kibertəhlükəsizlik məsələlərinə daha çox önəm verirlər. Bu isə NATO-nun ortaq strateji baxış formalaşdırmasını və vahid strateji vizyon ortaya qoymasını çətinləşdirir.
Üstəlik, bugün transatlantik münasibətlərin ən həssas və kövrək halqası paradoksal olaraq nə Rusiya, nə də Çindir; bu, Amerikanın öz daxili siyasi transformasiyasıdır. Donald Trampın yenidən Ağ evə qayıdışı ilə Vaşinqtonun NATO-ya münasibəti bir daha müzakirə mövzusuna çevrilib. Trampın illərdir səsləndirdiyi “ödəmə etməyən ölkələrin təhlükəsizliyinə zəmanət verməyə bilərəm” məzmunlu açıqlamaları Avropalı müttəfiqlər arasında ciddi etimadsızlıq yaradıb.
Bundan əlavə, Tramp Amerikası qayda və normalara məhəl qoymayan, daha çox birtərəfli hərəkət etməyə üstünlük verən hegemon güc görüntüsü sərgiləyir. Vaşinqtonun müttəfiqlərinin əməkdaşlığını və razılığını əldə etməyi əvvəlki qədər önəmli saymaması ABŞ-ın müttəfiqləri arasındakı imicini və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə aşındırmışdır.
NATO-nun üzləşdiyi çətinliklərin mühüm bir hissəsi yalnız Amerika ilə Avropa arasındakı fikir ayrılıqlarından qaynaqlanmır. Problemin daha dərin və struktur xarakterli bir tərəfi də mövcuddur. Müasir dünya artıq Soyuq müharibə dövründə olduğu kimi ikiqütblü deyil, təkqütblü hesab edilən 1990-cı illərin beynəlxalq sistemindən də əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi yanaşmalara görə dünya çoxqütblü bir quruluşa keçmiş, bəzilərinə görə isə çoxmərkəzli xarakter daşımaqdadır.
Belə bir şəraitdə sağlam dəyərlər və ortaq maraqlar əsasında qurulan uzunmüddətli müttəfiqlik münasibətlərini inkişaf etdirmək əvvəlki dövrlərlə müqayisədə daha çətinləşib. Çünki bu gün bir çox dövlət artıq yalnız bir güc mərkəzinə bağlı qalmaq istəməməktədir. Orta güc statusuna malik ölkələrin əhəmiyyətli bir hissəsi balanslaşdırma strategiyasına üstünlük verərək eyni zamanda müxtəlif güc mərkəzləri ilə münasibətlər qurmağa, strateji muxtariyyətlərini qorumağa və çoxşaxəli əlaqələr üzərindən hərəkət etməyə çalışırlar.
Əslində, bu tendensiya NATO üzvləri arasında da müşahidə olunur. Bir çox Avropa ölkəsi ABŞ-ın təhlükəsizlik təminatlarını qoruyub saxlamaq istəyərkən, eyni zamanda öz müdafiə imkanlarını gücləndirməyə çalışır. Bəzi ölkələr Çinlə iqtisadi əlaqələrini davam etdirmək niyyətindədir, digərləri isə Rusiya ilə mövcud gərginliyin daha da dərinləşməsini arzulamır. Bu baxımdan, NATO daxilində siyasi uzlaşmanı çətinləşdirən amillərdən biri də üzv dövlətlərin dəyişən dünya nizamına fərqli yollarla uyğunlaşmağa çalışmalarıdır.
Burada NATO-nun qarşı-qarşıya olduğu mühüm bir paradoks mövcuddur. NATO üzvü ölkələr bu gün dünyadakı ümumi hərbi xərclərin 55 faizindən çoxunu həyata keçirirlər. Dünya iqtisadiyyatının təxminən 45 faizini də məhz bu ölkələr təşkil edir. Süni intellekt, kibertəhlükəsizlik və müdafiə sənayesindəki innovasiyaların mühüm bir hissəsi yenə NATO üzvü ölkələrdə meydana çıxmaqdadır. Lakin bu qədər böyük iqtisadi, hərbi və texnoloji potensiala baxmayaraq, NATO həm ənənəvi təhlükəsizlik təhdidləri ilə mübarizədə çətinliklərlə üzləşir, həm də yeni təhlükəsizlik riskləri qarşısında nə dərəcədə uğur qazana biləcəyi ilə bağlı sual işarələri ilə qarşı-qarşıyadır. Çünki müasir dövrdə təhlükəsizlik problemlərinin əksəriyyəti artıq potensial çatışmazlığından deyil, ortaq siyasi iradə çatışmazlığından qaynaqlanır.
Üstəlik, yeni nəsil təhdidlərin mühüm bir hissəsi hərbi xarakter daşımır. Yaxın gələcəkdə NATO üzvü olan hər hansı bir ölkəyə yönəlmiş birbaşa və genişmiqyaslı hərbi hücum ehtimalı olduqca məhdud görünür. Baltik ölkələri və Şərqi Avropanın Rusiya ilə bağlı narahatlıqları davam etsə də, əsas çağırışlar siyasi, texnoloji, iqtisadi və sosial sahələrdə ortaya çıxır.
Bəlkə də bu gün NATO-nun üzləşdiyi ən böyük problem xarici təhdidlərin miqyası deyil, daxilindəki ortaq məqsəd hissinin zəifləmə ehtimalıdır. 2022 Madrid Zirvəsinin ruhu ortaq təhdid qavrayışı və güclü transatlantik həmrəylik üzərində qurulmuşdu. 2026 Ankara Zirvəsi isə bir qədər daha fərqli bir sualın cavabını axtaracaq kimi görünür.
Ankara Zirvəsinin Türkiyə baxımından əhəmiyyəti də məhz bu məqamda ortaya çıxır. Son illərdə strateji muxtariyyət anlayışı çərçivəsində Qərblə arasında müəyyən məsafə yaradan Türkiyə, bu gün yenidən Qərbli müttəfiqləri ilə daha yaxın münasibətlər inkişaf etdirmə meyli göstərir.
ABŞ ilə münasibətlərdə daha müsbət bir atmosfer formalaşarkən, Avropanın təhlükəsizlik qabiliyyətini artırmaq axtarışı da Türkiyənin strateji əhəmiyyətini yenidən ön plana çıxarır. Türkiyə bir tərəfdən Tramp Amerikası ilə strateji koordinasiya qura biləcək potensial nümayiş etdirərkən, digər tərəfdən də Avropanın strateji muxtariyyətini inkişaf etdirməsinə ciddi töhfə verə biləcək mühüm aktor kimi diqqət çəkir. Bu çərçivədə Türkiyənin transatlantik tərəfdaşlar arasındakı bir birindən qopmaların yumşaldılması və ya aradan qaldırılması istiqamətində əhəmiyyətli imkan və potensiala malik olduğu görünür.
Ankarada veriləcək mesajlar təkcə NATO-nun gələcəyini değil, eyni zamanda Türkiyənin Qərblə münasibətlərində yeni bir mərhələnin başlayıb-başlayamayacağına dair də mühüm ipucları verəcək. Əgər qarşılıqlı etimad yenidən qurula bilsə, Ankara Zirvəsi gələcəkdə yalnız NATO-nun deyil, Türkiyə–Qərb münasibətlərinin də mühüm dönüş nöqtələrindən biri kimi xatırlana biləcəkdir.
Fikrət Əkbərli,
Türkiyə üzrə araşdırmaçı-yazar
Digər Xəbərlər
23 Iyun 2026 13:54
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
23 Iyun 2026 08:48
Azərbaycan-Türkmənistan münasibətləri türk dünyasında təhlükəsizlik və əməkdaşlıq amilidir
23 Iyun 2026 08:45
İkitərəfli münasibətlər daha da yüksələcək
23 Iyun 2026 08:42


Bakı -°C

