adalet.az header logo
  • Bakı 13°C
08 Noyabr 2022 12:02
2121
MÜSAHİBƏ

Bu günki Ay tutulmasında Allahın mesajı: 14, 71, 55  müəmması - Elmi-Lədun bilicisi ilə MÜSAHİBƏ

Xəbər verildiyi kimi, bu gün – 8 noyabr 2022-ci il tarixdə Ay tutulması baş verəcək. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini gəlin, elmi-lədun bilicisi Dr. Paşa Yaqub birlikdə araşdıraq.


- Doktor, ay tutulmaları təsadüfdürmü, yoxsa təbiət hadisəsi olaraq mütləq vacibdirmi?


-Hesablamalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır. Bu gün baş verən Ay tutulmasında diqqət çəkən məqamlardan biri onun 6585 ədədinə bağlanmasıdır ki, bu da bir astronomik dövrdür. Hansı ki, Astronomiya elmində ona “Saros dövrü” deyilir

- Doktor əvvəlcə “Saros dövrü” nədir? – bu haqda məlumat verərdiniz...

-Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən edilmişdir ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı.

Picture


- Bu günki Ay tutulmasını da keçmiş Ay tutulmasından 6585 sutka ayırır?


- Bəli, bu gün baş verən Ay tutulması da 28.10.2004-cü il tarixli Ay tutulmasının 6585-ci günüdür.

- "Saros dövrü” başqa maraqlı hansı tərəfləri var?


-Maraqlıdır ki, hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.

Niyə məhz 71?


-Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb). Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir).
Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir.


-Bəs niyə bu dövrdə Ay tutulması məhz 28 dəfə baş verir?


-Ona görə ki, 71-ci surə 28 (!) ayədən ibarətdir. Astronomik dövrdə Günəş tutulmalarının sayının niyə məhz 43 olmasının sirrini tapmaq üçün “Nuh” surəsinin sıra nömrəsindən (71) onun ayələrinin sayını (28) çıxaq. Alınan ədəd Günəş tutulmalarının sayını göstərəcək:

71 - 28 = 43

-Elə bil, burda bir mistika var...


- Yeri gəlmişkən, qeyd edək ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da “Saros dövrü”ndə Günəş tutulmasının 43 dəfə baş verməsininn digər hikməti də üzə çıxır. Ay tutulmaları 14 ədədinə də bağlanır. Araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bu gün də Hicri-Qəməri təqvimlə Rəbiəl-axır ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq:
 

Picture

Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir.

- Maraqlıdır, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?


-Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-taala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah”(55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq:

"Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).

Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:

55 - 41 = 14

Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir.

-14 ədədi müəmma olaraq qalır...


- Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən rəhbərlərə Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək, qırmızı xətti keçməsinlər). Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələn bəlaların siqnalıdır.

-Məsələn, zalım hökmüdarlara?


- Nişirəvanın sarayından niyə 14 sütun uçdu?Zülmkar rəhbərlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi).

- Elmi-lədun nə deyir?  Xeyirlə Şər arasında pozulmuş balans yaxın dövrdə bərpa ediləcəkmi?

-Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-taalanın qəzəbinə səbəb olmuşdur!
Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, yolxucu xəstəliklərin tüğyan etməsi məhz bu qəzəbin təzahürüdür.

Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır!

Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatların təhlili göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər!
Elmi-lədun hesablamalarımız göstərir ki, az müddətdə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları meydandan silinib gedəcəklər. Az vaxtda kamillik dövrü başlayacaq və haqq-ədalət tamamilə bərqərar olacaqdır!

“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.

- Doktor, heç kimin verə bilməyəcəyi maraqlı məlumatlar verdiyiniz üçün sizə təşəkkür edirəm!

 Əntiqə Rəşid