adalet.az header logo
  • Bakı -°C
14 Fevral 2026 13:16
74
SİYASƏT
A- A+

"Bu olmasa, sülh sazişi imzalanmayacaq" - Prezident

"Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub".

Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinə müsahibəsində deyib.

Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?

Prezident İlham Əliyev: Bəli, elə düşünürəm. Çünki bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Yeri gəlmişkən, ABŞ Prezidenti Birgə Bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.

Müxbir: Bu, çox yaxşı bir hissdir. Lakin tam normallaşma üçün nə çatışmır? Belə başa düşürəm ki, Azərbaycan üçün məsələ Ermənistanın Konstitusiyası və orada Qarabağa aid ərazi iddiaları ilə bağlı mətnlə əlaqədardır. Bu, Sizin üçün mütləq qırmızı xətt deməkdir? Bu dəyişməsə, normallaşma olmayacaq?

Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bu olmasa, sülh sazişi imzalanmayacaq. Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım, çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da "qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir" məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq.

Müxbir: Bu il?

Prezident İlham Əliyev: Sözsüz ki.