“Sülh olmayan sülh” paradiqması
ABŞ və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılmasına dair son müqavilə olan “New START” müqaviləsinin müddəti 5 fevral 2026-cı ildə başa çatdı, bu da dünyanın son nüvə müqaviləsinin bitməsi anlamına gəlir. Bundan sonra nüvə silahlanmasına dair beynəlxalq məhdudiyyətlər praktiki olaraq aradan qalxıb. “New START” müqaviləsi ABŞ və Rusiya arasında strateji nüvə silahlarını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuşdu. Bu müqavilənin müddətinin bitməsi, nüvə silahlarının yerləşdirilməsinə dair dünyanın son əsas məhdudiyyətinin aradan qalxması deməkdir. Rusiya prezidenti Vladimir Putin bu müqavilənin müddətini bir il uzatmağı təklif etsə də, ABŞ bu təklifə razılaşmadı.
DSNV-nin (SNV-3) süqutu və yeni dövr
DSNV-nin faktiki olaraq bitməsi ilə ilk dəfə 1960-cı illərdən bəri tam hüquqi vakuum yaranıb. ABŞ-Rusiya münasibətlərində institusional dialoq kanalları iflic vəziyyətinə düşüb. Bu vəziyyət üç əsas strateji risk yaradır. Silahlanma yarışının psixoloji bərpası və real istehsal olmasa belə, qarşılıqlı şübhələr artır. Üstəlik, digər dövlətlər üçün mənfi presedent yaranır. Atom bombası XX əsrin ortalarında bəşəriyyətin tarixində yalnız yeni silah deyil, yeni epoxa yaratdı. 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan iki bomba 200 mindən artıq insanın həyatına son qoydu, bununla yanaşı, paradoksal şəkildə milyonlarla insanı gələcək dünya müharibəsindən “xilas etdi”. Bu xilasetmə isə qanlı idi, qorxulu idi və heç vaxt sülh adlandırıla bilməzdi.
1945-ci ilin oktyabrında Corc Oruell “Sən və atom bombası” adlı qısa, lakin dəhşətli dərəcədə dəqiq məqaləsində xəbərdarlıq edirdi: atom silahı dünyanı müharibəsiz edə bilər, amma azad etməyəcək. O, atom silahına sahib olan azsaylı dövlətlərin bütün bəşəriyyəti girov götürəcəyini proqnozlaşdırırdı. Bu, o dövr üçün ehtimal idi. Bu gün isə statistika ilə sübut olunmuş reallıqdır.
Nüvə balansı: qorxu üzərində qurulan nizam
2026-cı ilin yanvarına olan məlumata görə, dünyadakı bütün nüvə başlıqlarının təqribən 90 faizi iki ölkənin - Rusiya Federasiyası (təxminən 4 300) və ABŞ-ın (təxminən 3 700) əlində cəmlənib. Bunun yalnız 1700-ə yaxını hər iki tərəfdə operativ vəziyyətdədir, yəni bir neçə dəqiqə ərzində buraxıla bilər. Bu rəqəmlər sadəcə, statistika deyil - planetin üzərində asılmış Damokl qılıncıdır. Bu iki dövlət eyni zamanda tam nüvə triadasına malik yeganə ölkələrdir: qitələrarası ballistik raketlər, strateji bombardmançı aviasiya, ballistik raketlərlə silahlanmış atom sualtı qayıqları. Məhz bu texniki simmetriya XX əsrin ikinci yarısında “qarşılıqlı məhvetmə təminatı” (MAD - Mutually Assured Destruction) adlı qorxu balansını formalaşdırdı. Nəticə paradoksal oldu: müharibə mümkün idi, amma qalib yox idi.
Karib böhranı: bəşəriyyətin ölümə ən yaxın anı
1962-ci ilin oktyabrında dünya faktiki olaraq nüvə müharibəsindən bir neçə saatlıq məsafədə idi. Karib böhranı zamanı ABŞ və SSRİ bir-birinə birbaşa nüvə zərbəsi endirmək həddinə çatdı. Sonradan bilindi ki, sovet sualtı qayıqlarından birində olan nüvə torpedasının buraxılmaması yalnız bir zabitin şəxsi qərarı sayəsində mümkün olub. Bu, dövlət strategiyası yox, insan refleksi idi. Məhz bu böhrandan sonra tərəflər anladılar ki, nüvə silahı nəzarətsiz buraxılarsa, gec-tez istifadə olunacaq.
Müqavilələr dövrü: qorxunun hüquqla cilovlanması
1963-cü ildə SSRİ və ABŞ Moskva Müqaviləsini imzaladı - atmosferdə, kosmosda və su altında nüvə sınaqları qadağan edildi. 1968-ci ildə isə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) qəbul olundu. Bu sənəd nüvə dövlətlərinə silahsızlanmaya doğru istiqamət götürmək, qeyri-nüvə dövlətlərinə isə atom silahı əldə etməmək öhdəliyi verirdi. 1972-ci ildə imzalanan OSV-1 və ABM (PRO) müqaviləsi artıq texniki səviyyədə qarşılıqlı zəifliyin tanınması idi. ABŞ və SSRİ raketdən müdafiə sistemlərini məhdudlaşdırmaqla etiraf etdilər. Tam qorunma mümkün deyil, çünki tam qorunma qarşı tərəfi daha çox hücuma sövq edir. Bu məntiq 1987-ci ildə RSMD Müqaviləsi ilə pik nöqtəsinə çatdı - bütöv bir raket sinfi məhv edildi. Bu, tarixdə nadir hadisə idi. Silahlar sadəcə azaldılmadı, fiziki olaraq ləğv edildi.
“Soyuq müharibə”nin sonu və təhlükəli arxayınlıq
1991-ci ildə imzalanan SNV-1 müqaviləsi hər tərəfin arsenallarını 6000 başlığa, daşıyıcıları isə 1600 vahidə endirməyi nəzərdə tuturdu. Daha sonra SNV-2 və nəhayət, 2010-cu ildə SNV-3 (DSNV) ilə bu rəqəmlər 1150 başlıq və 700 daşıyıcıya qədər azaldıldı. Lakin bu azalma sülh yaratmadı, sadəcə, illüziya yaratdı. Müqavilələrin sonu nəzarətsiz dövrün başlanğıcı oldu. 2020-ci illərdə bu sistem çökməyə başladı. ABŞ 2002-ci ildə ABM müqaviləsindən çıxdı. 2019-cu ildə RSMD faktiki olaraq ləğv edildi. Rusiya 2023-cü ildə DSNV-də iştirakını dayandırdı. 2026-cı ildə isə sonuncu böyük nüvə müqaviləsinin müddəti bitdi. Bu, 60 ildən artıq davam edən nəzarət arxitekturasının tam dağılması deməkdir. İndi isə heç bir hüquqi tavan yoxdur, heç bir yoxlama mexanizmi yoxdur, heç bir məcburi şəffaflıq qalmayıb.
Çin, Avropa və yeni nüvə iştahı
Çinin təxminən 600 nüvə başlığı var və bu rəqəm sürətlə artır. Pekin açıq şəkildə bildirir: paritet olmadan danışıqlar olmayacaq. Fransa (300), Böyük Britaniya (225), Hindistan və Pakistan (170-172), İsrail (təxminən 90-100), Şimali Koreya (50) - hamısı öz regional qorxu balansını qurur. Daha təhlükəlisi isə nüvə silahı olmayan ölkələrdə başlayan açıq müzakirələrdir: Kanada, İsveç, Yaponiya. Bu, NPT-nin ruhunun deqradasiyasıdır.
Nüvə silahı bəşəriyyəti xilas etmir, sadəcə ona möhlət verir. Müqavilələr bu möhləti uzadır. İndi isə o möhlət başa çatıb. Bu gün dünya müharibəyə yox, hesablanmamış səhvə daha yaxındır. Çünki qaydalar yoxdursa, instinkt qalır. İnstinkt isə tarix boyu ən zəif təhlükəsizlik mexanizmi olub. Əgər yeni nəzarət formaları yaranmasa, növbəti böyük sənəd yenə də qanla yazılacaq. Tarix göstərir ki, atom dövründə bütün qaydalar əvvəlcə pozulur, sonra kağıza köçürülür. Tarix göstərir ki, nüvə silahı heç vaxt sülhün qarantı olmayıb, sadəcə, müharibənin formasını dəyişib. Tankların yerini rəqəmlər, diviziyaların yerini doktrinalar, cəbhələrin yerini isə qərargah masaları tutub. Lakin dəyişməyən bir həqiqət var: nüvə silahı mövcud olduğu müddətdə dünya təhlükəsiz deyil, sadəcə partlamır. Bu günkü təhlükə qaydaların yoxluğundadır. Müqavilələr pozulduqca qərarvermə texniki mexanizmlərdən çıxıb emosional və siyasi instinktlərin öhdəsinə keçir. Halbuki atom epoxasında instinkt ölümcül zəiflikdir. Bir səhv siqnal, bir yanlış kəşfiyyat hesabatı, bir gecikmiş telefon zəngi... və tarix artıq diplomatik terminlərlə deyil, radioaktiv izotoplarla yazılar.
Ən təhlükəli illüziya isə budur: guya, nüvə müharibəsi hələ də “idarə oluna” bilər. Tarix buna heç vaxt zəmanət verməyib. Karib böhranında dünya xilas olmadı - sadəcə, təsadüfən məhv olmadı. Təsadüf isə strategiya deyil. Bu mənada, bugünkü vəziyyət keçmişdən daha təhlükəlidir. Çünki əvvəl qaydalar vardı, ancaq pozulurdu. İndi isə qayda yoxdur. Atom sükutu sülh yox, yalnız fasilədir və bu fasilənin nə vaxt bitəcəyini heç kim bilmir.
Yeni atom dövrü üçün qaçılmaz addımlar
1. Nəzarətin tam bərpası yox, minimum çərçivənin yaradılması
Yeni reallıqda köhnə tipli, genişmiqyaslı, hüquqi baxımdan sərt müqavilələrin imzalanması real deyil. Lakin bu, nəzarətsizliyin qaçılmaz olması da demək deyil. Minimum hədəf: yerləşdirilmiş strateji başlıqlar üçün qeyri-rəsmi, lakin qarşılıqlı tanınan yuxarı hədd; texniki yoxlama mexanizmlərinin qismən bərpası (peyklər, məlumat mübadiləsi).
2. Böhran kommunikasiya xətlərinin gücləndirilməsi
Nüvə müharibəsi daha çox qəsddən deyil, anlaşılmazlıqdan doğa bilər. Buna görə: ABŞ-Rusiya, ABŞ-Çin, Rusiya-Çin arasında daimi institusional böhran rabitə xətləri yaradılmalı, bu xətlər siyasi yox, hərbi-strateji səviyyədə işləməlidir.
3. Çinlə dialoq üçün yeni stimullar
Çini klassik “böyük üçlük” modelinə məcbur etmək mümkün deyil. Bunun yerinə regional təhlükəsizlik zəmanətləri, raketdən müdafiə sistemləri üzrə şəffaflıq, kosmos və kiber sahədə qarşılıqlı məhdudiyyətlər təklif edilməlidir. NPT-nin formal deyil, funksional islahatı. NPT müqaviləsi kağız üzərində yaşayır, praktikada isə aşınır. Yeni yanaşma tələb olunur: nüvə dövlətləri üçün real azaldıcı öhdəliklər, latent proliferasiya riskləri üçün xüsusi mexanizmlər, “nüvə çətiri” anlayışının hüquqi çərçivəsinin yenidən gözdən keçirilməsi.
4. Süni intellekt və avtomatlaşdırılmış qərarverməyə qadağalar
Ən təhlükəli ssenari nüvə qərarlarının alqoritmlərə həvalə edilməsidir. Tövsiyə: erkən xəbərdarlıq sistemlərində süni intellekt yalnız məsləhətçi rol almalı, insan təsdiqi olmadan heç bir nüvə qərarının verilməməsi barədə razılaşmalar əldə olunmalıdır. Nüvə silahı ilə bağlı əsas problem onun gücü deyil; əsas problem odur ki, bəşəriyyət onu icad etdiyi sürətlə idarə etməyi öyrənə bilmədi. İndi zaman daha az, oyunçular daha çoxdur, səhvlərin qiyməti isə dəyişməz qalıb. Əgər bu dəfə də qaydalar gecikərsə, tarix bir daha sübut edəcək ki, atom dövründə ən böyük risk silah deyil, məsuliyyətsizlikdir.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Digər Xəbərlər
14 Fevral 2026 17:00
Qriqoryan İrəvanda Azərbaycan nümayəndələri ilə görüşdü
14 Fevral 2026 14:11
Bolqarıstan Prezidenti İlham Əliyevə muğamdan danışdı
14 Fevral 2026 13:48
Prezident Münxendə görüş keçirdi - FOTOLAR
14 Fevral 2026 13:16
"Bu olmasa, sülh sazişi imzalanmayacaq" - Prezident
14 Fevral 2026 13:11
Prezident sülh müqaviləsi ilə bağlı məsələyə nöqtə qoydu – Politoloq
14 Fevral 2026 11:56
“Rza Pəhləvinin Münhen Təhlükəsizlik konfransına dəvət edilməsi...”
14 Fevral 2026 10:34
“Ermənistan həmin hərbi texnika hesabına Qarabağda hərbi mövcudiyyətini...”
14 Fevral 2026 10:00


Bakı -°C

