adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyun 2023 13:00
559
MƏDƏNİYYƏT

Bu rəzalətə son qoyulsun! - Aygün Attar yazır

Azərbaycan əhlinə çağırışımdır!

Nə vaxtdır yazacaqdım, fürsət tapa bilmirdim. 

Son dövrlərdə Azərbaycanda yeni bir rəqs metodu ortaya çıxıb. Toy-nişandan, elçilikdən tutmuş küçənin ortasındakı şıdırğı görüntülərdən sosial mediada gəzən “rəqs görüntüləri”nə kimi vəziyyət qorxuncdur.

Bu, yaşadıqlarımızın bütün ləyaqətini və gözəlliyini şeirinə, musiqisinə siraət etdirən, xüsusilə zərif rəqsləri ilə dünyanı məftun edən ölkəmə, Can Azərbaycanıma aid bir mədəniyyət ola bilməz!

O iyrənc əzilib-büzülmələri, mədəniyyətimizdə heç bir vaxt özünə yer almayan şişirdilmiş burcutmaları Azərbaycana aid rəqs kimi təqdim etmək xəyanətdir!

Göbələk kimi sürətlə artaraq açılan “rəqs məktəbləri”nə nəzarət edən bir mexanizm yoxdurmu?

Milləti həvəsləndirən nə olduğu bilinməyən ucuz və milli mədəniyyətimizə zidd olan axınlara “dayan” deyən niyə yoxdur?

Elin ermənisi və sairəsi bizim milli musiqimizi, milli rəqslərimi oğurlayıb mənimsəmək sevdasında ikən biz kimlərin dalınca düşmüşük?

Balaca uşaqların özlərindən çıxaraq trans halında əcaib rəqslərini mərifət kimi topluma təbliğ edən TV proqramlarını görəndə vəziyyətin qorxuncluğunu daha yaxşı anladım.

Kişi, qadın, qoca, cavan - fərqi yoxdur, farsların zənansayağı əzilib-büzülməsindən ərəblərin göbək orientalından əfqanların “baça bazi” qarışığından törəmiş bu rəqs modasını kim başladıb Azərbaycanda?

İran təranələrini milli musiqimizdən öndə tutmağa cəhd edən “sənətçi qırıqları”na yüksək bəxşişlər versəniz, fars ritmlərinə səviyyəsiz sözlər yazan “parikli fabrik istehsalı” və arxası hər mənada böyük qadınları ulduz etsəniz milli mədəniyyətimizin nadir incisi olan Azərbaycan xalq rəqslərinin ruhuna bugün olduğu kimi “Fatihə” oxumuş olar və belə həvəskar oyunlarla baş-başa buraxılarsınız.

Bizim qadınlarımızın məclislərdə görməyə vərdiş etdiyimiz göyərçin kimi zərafətli, havada süzən əlləri yerinə kişifason qol sallamaqlarını, su sonası kimi ahəstə-ahəstə ritmli ayaq hərəkətləri yerinə sağa-sola dəli dana kimi şıllaq atmasını şəxsən mənim mədəm qəbul etmir. 

Kişilərin, xüsusilə gənc dəliqanlıların dərman atan alüdəçilərə məxsus özünü itirmiş vəziyyətdə toyda əndam oynatmaqları, oynamaq adı altında anormal hərəkətləri nə qədər iyrəncdir!

“Uzundərə”, “Tərəkəmə”, “Qaytağı”, “Sarı köynək”, “Vağzalı” kimi milli rəqslərimizin əfsanələrini çaldıran, üzübə baxan yoxdur, amma sərsəm “Can cana” kimi ucuz havalar toyların şahıdır.

Ayıbdır, günahdır!

Bu rəzalətə son qoyulsun!

Kim hansı mahnıya istəyirsə oynasın, amma Azərbaycan milli rəqsi adı altında rəqqaslıq etməsin!

Bir zamanlar can çəkişən və son nəfəsibi verməkdə olan Azərbaycan muğamına sahib çıxan hörmətli Mehriban Əliyevanın sayəsində yenidən nəfəs alan Muğam sənətimiz indi dünyanıb dörd bir yanında ayaqda alqışlanır.

Eyni diqqət və qayğı Azərbaycan milli rəqsinə göstərilərsə millət olaraq mütəşəkkir olarıq.

Hər çaları, hər hərəkəti milli irsimizin zənginliyi ilə taclanmış milli rəqsimizə sahib çıxaq, xahiş edirəm!

Milli rəqsimizin milli ruhdan, milli ünsürlərdən uzaq salmaq milli kimliyimizə xəyanətdir.

Milli mədəniyyətimizi qorumaq əcdadlarımızın əmanətini gələcəyə daşımaqdır.

Ey millətim, çağırışım sizədir.

Cənazələrinizi mərsiyə və nohələrlə işğal edərək kişilərimizdə bizim mədəniyyətə tərs olan sinə söymə, saçyolma adətini “normallaşdıran” qüvvəkərə və toylarımızı “burcudanlar”ın məclisinə çevrilməsinə zəmin yaradanlara “dayan” deyin!

“Ay duman, gəl, get bu dağlardan” havasının müşayiətilə bu harayımı sizə göndərirəm.

 

Aygün Attar,

Ankara

 

Dilimizə uyğunlaşdıran: Eminquey