adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 14:22
49
SİYASƏT
A- A+

“Bu, son beş ildə yeddinci səfərimdir”

“Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır”.

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

“Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.

Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin məmnunluq hissi doğurur. Bütün bunlar Prezidentin düşünülmüş siyasətinin, strateji vizyonunun və Vətənə sevgisinin, həmçinin səmərəli dövlət idarəçiliyinin nəticəsidir”, - deyə dövlət başçısı qeyd edib.