adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2026 12:24
70
SİYASƏT
A- A+

“Bu, sülhün imzalanması üçün yeganə qalan ilkin şərtdir”

“Post-münaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma mərhələsinə doğru inkişaf etməsi Azərbaycan Prezidenti tərəfindən irəli sürülən sülh gündəliyinin uğurla həyata keçirilməsinin əyani nəticəsidir”.

Adalet.az xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

“Eyni zamanda nəzərə alınmalıdır ki, sülhə doğru irəliləyişə yalnız ikitərəfli səylərin əsasında nail olmaq mümkündür və bu istiqamətdə Ermənistan tərəfindən hüquqi müstəvidə zəruri addımların atılması sülh müqaviləsinin imzalanması, onun parlamentlər tərəfindən ratifikasiyası və qüvvəyə minməsi üçün ciddi əhəmiyyət daşıyır. 

Hər bir ölkənin Əsas Qanunu olan konstitusiyanın yenidən qəbulu və ya hansısa müddəasının dəyişdirilməsinin həmin ölkənin daxili məsələsi olduğunu vurğulayaraq, eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın çıxarılması sülh müqaviləsinin yekun imzalanması üçün yeganə qalan ilkin şərtdir. Cənab Prezidentin vurğuladığı kimi Ermənistanın konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, bu, sadəcə obyektiv şərtdir.

8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoysa da, Ermənistanın mövcud Konstitusiyanın Preambulasında Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan müstəqillik bəyannaməsinə istinad çıxarılmadan sülhü şərtləndirən formal hüquqi prosedurlar yekunlaşa bilməz. 

Noyabrın 23-də Ermənistan hökuməti tərəfindən təqdim olunan yeni konstitusiya layihəsi erməni müxalifətçiləri və revanşist dairələr tərəfindən sərt tənqid olunaraq həmin sənədin guya Ermənistanın milli maraqlarına zidd olmasını ön plana çəkiblər. Əlbəttə ki, Ermənistandakı siyasi çəkişmələri bir qırağa qoyaraq qətiyyətlə qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər nəticəsində regionda yeni reallıqlar formalaşıb, dövlətimiz tərəfindən atılan ardıcıl addımlar tamamilə yeni təhlükəsizlik arxitekturası yaranmasına xidmət edir və hərbi-siyasi kapitulyasiyaya uğrayan tərəf baş verən hadisələrdən düzgün nəticə çıxarmalıdır. 

Bu gün sülhə nail olunmağa, dövlətlərarası münasibətlərdə etimad rejiminin formalaşmasına, regional əməkdaşlığın inkişafına başqa alternativ mövcud deyil və bu məsələlər beynəlxalq gündəlikdə prioritet təşkil edir. Cənab Prezidentin qeyd etdiyi kimi, 30 ilə yaxın bir müddətdə davam edən münaqişəyə artıq son qoyulub və uzun illər davam edən münaqişələrin zonası olmuş Cənubi Qafqaz sülh zonasına çevrilir”, - deputat qeyd edib.