20 Iyun 2024 16:39
424
GÜNDƏM

Bu valideynlər 5 min manat cərimələnsin - TƏKLİF

“Müvafiq icra nümayəndəsinin icazəsi ilə nikah yaşının 1 il azaldılmasını düzgün sayıram və bu maddə qalmalıdır. Mən rayon icra hakimiyyətinin qərarı ilə 1 il tez evlənən ailələrdən birində problem görməmişəm”. 

Adalet.az xəbər verir ki, bunu parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə deputat Tahir Kərimli deyib.

“Çox maraqlıdır ki, bu maddənin ləğv olunmasının arayış hissəsində yazılır ki, bu maddə uşaq psixologiyasını və sağlamlığını pozur. Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundan, nikahdan kənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir?! Ancaq 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə rayon icra hakimiyyəti nikaha icazə verirsə, biz buna uşaq psixologiyası pozulur deyirik. Mən də başqa maddə təklif edim. 18 yaşına çatmamış, qeyri-nikah cinsi münasibətlərdə olan uşaqların valideynlərinə 5 min manat cərimə kəsək. Deyək ki, necə belə tərbiyəsiz uşaqlar böyüdürlər, necə nəzarət etmirlər? Cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəksinlər. Yoxsa mində bir hadisə olur ki, icazə alıb bir il tez nikah qurulur, onu problem edirik. Hesab edirəm ki,  12-ci maddə qalmalıdır əvəzinə, yetkinlik yaşına çatmayanların nikahdan kənar münasibətlərinə görə valideynləri yüksək məbləğdə cərimə olunsun”.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə cavab olaraq bildirib ki, bu maddədən çox sui-istifadə edən insanlar var: “Siz dediniz ki, tək-tük belə hallar var. Amma bu düzgün deyil. Bu maddədən çox sui-istifadə edən insanlar var və belə insanlar icra hakimiyyətindən icazə alırlar. Lakin onların 1 %-i yalnız atası-anası ağır vəziyyətdə olan ailələrdi. Qalanları tam sağlam ailələrdir. Onların fikrinə gəlib ki, mən oğlumu, qızımı evləndirmək istəyirəm. Statistikaya baxsaq görərik ki, həmin zaman evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm, lakin məni məcbur evləndirirlər. Bəs onlara nə edək?! Necə kömək edək?! Bu 1 il nə üçün belə böyük problemə çevrilib ki, bunlar dözə bilmirlər. 18 yaşına çatsın sonra ailə qursun".