BU YERLƏRƏ BİR DƏ GƏL
Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna, hansı qəsəbəsinə və hansı kəndinə ayaq bassan, orda birmənalı olaraq böyük dəyişikliklər, böyük quruculuq işləri, abadlıq və qeyri-adi mənzərələrin şahidi olmaq mümkündür. Əlbəttə, bütün bunları həyata keçirmək üçün ölkəmizin zəngin iqtisadiyyatı, maliyyə mənbələri mövcuddur. Təbii ki, bu maliyyə mənbələri olmadan bölgələrimizdə o qədər möhtəşəm abadlıq və quruculuq işlərini həyata keçirmək çox çətin olar. Və bir də hansı rayondakı quruculuq işləri görülür, həmin rayonun sakinləri də bu işdə heç şübhəsiz, yaxından iştirak edir.
Belə abadlıq və quruculuq işləri görülən rayonlarımızdan biri də Qubadır. Təbii ki, Quba şimal bölgəsinin bütün dövrlərdə mərkəzində dayanan bir region olub. Yəni burda istər Sovet dönəmində, istərsə də müstəqillik dövründə iqtisadiyyatın inkişafına, böyük tikinti işlərinə, sosial obyektlərin inşasına xüsusi bir önəm verilib. Həm də onu qeyd edək ki, Quba şəhəri tarixi və memarlıq üslubuna görə zəngin mədəniyyətə malikdir. Bu yerlərin xalçası, min rəngə çalan o gözəl gəbələri təbii ki, insanların həmişə diqqət mərkəzində olub. Amma bizim məqsədimiz heç də Quba xalçalarından danışmaq deyil, Quba rayonunda görülən möhtəşəm abadlıq və quruculuq işlərindən söhbət açmaqdır. Heç şübhəsiz, bütün bunları həyata keçirmək üçün bayaq dediyimiz kimi, böyük maliyyə imkanları tələb olunur.
Son 20 ildə demək olar ki, Qubada bir-birindən gözəl parklar, xiyabanlar, istirahət mərkəzləri, muzeylər və eləcə də digər sosial obyektlər inşa edilib. Ən müasir üslubda Olimpiya İdman Mərkəzi, xəstəxana, uşaq bağçaları tikilib. Onu da qeyd edək ki, Qubada gedən abadlıq işlərinə tək yerli camaat deyil, həm də xarici ölkələrdən bura səyahət edən turistlər də heyran qalırlar. Çünki ilk növbədə xaricdən gələn əcnəbilər hotellərdə, istirahət mərkəzlərində, restoranlarda, yeməkxanalarda rahat yer axtarırlar. Başqa sözlə demiş olsaq, onlar komfortlu və hər cür şəraiti olan istirahət mərkəzinə daha çox meyl edirlər.
Heç şübhəsiz, bu qədər böyük, möhtəşəm işlərin görülməsi hər bir insandan, hər bir vətəndaşdan böyük məsuliyyət tələb edir. Qubada bir-birindən gözəl parklar, xiyabanlar çoxdur. Və eyni zamanda bir-birindən gözəl istirahət mərkəzləri də az deyil. Amma adama ən çox xoş gələn odur ki, bu gözəl məkanlara minlərlə insan təşrif buyurur və orda ürəkləri istədiyi kimi istirahət edirlər. Bütün bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, Quba hər gün qubalıların gözündə bir az da böyüyür, bir az da ucalır və bir az da inkişaf edir.
Biz dəfələrə Qubada olmuşuq. Ümumiyyətlə, bir fikri deyək ki, Qubanın bütün fəsilləri gözəldir. Yazın öz gözəlliyi var, yayın öz gözəlliyi, payızın da öz əsrarəngsizliyi. Qışın da özünəməxsus cizgiləri var.
Bu yaxınlarda ailəlikcə yenidən Qubaya baş çəkmişdik. Bir müddət idi ki, ora getmirdik, amma az müddətdə gördüyümüz abadlıq, quruculuq işləri bizi çox sevindirdi. Hətta o qədər sevindirdi ki, müalicə ocaqlarının birində bir neçə gün müalicə olunduq. Əvvəllər bu müalicə üçün Rusiyaya getməliydin, amma bu gün Qubada elə sağlamlıq mərkəzləri, sanatoriyalar, müalicə ocaqları var ki, heç də xaricdəkindən geridə qalmırlar. Həmin müalicə mərkəzində istirahət edən bir nəfərlə tanış olduq. Bu 85 yaşlı Məmməd Cəfər oğlu Əliyev idi. Dedi ki, oğul, mən hər il Qubaya iki dəfə istirahətə gəlirəm. Bir dəfə yay aylarında, onda gəlib Qəçreşdə və bir də gözəl meşəliklərdə düz bir ay istirahət edirəm. Payızda isə xəstəliklərin oyandığı dövr olduğu üçün gəlib burda sanatoriyada müalicə alıram. Özü də hər dəfə müalicədən sonra özümü daha yaxşı hiss edirəm. Ona görə də noyabr və dekabr ayının əvvəlində bir qayda olaraq bura müalicəyə gəlirəm. Sözün düzü, biz də bir neçə gün həmin müalicə ocağında olduq. Hər cür şəraiti olan bu sanatoriyada elə bir neçə gün müalicə almaq da insana bəs edir. Pulun olsa lap çox müalicə götürsən, səhhətin daha da yaxşılaşar.
Ordan tənbəllik eləməyib Heydər Əliyev parkına üz tutduq. Noyabr ayı olsa da hava bir qədər əvvəlki vaxtlara nisbətən ilıq keçirdi. Elə bir neçə təqaüdçü, yaşlı insanlarla da bu parkda tanış oluruq. Onlardan biri Həşim Əliyevdir. Həşim Əliyev uzun müddət iqtisadiyyat sahəsində çalışıb. Daha doğrusu, Quba Konserv zavodunda işləyib. İndi onun doxsana yaxın yaşı var. Həşim müəllim deyir ki, ömrümü çox gözəl yaşamışam. Doqquz övladım olub, hamısına da ali təhsil vermişəm, evləndirmişəm, ev-eşik sahibi etmişəm. İndi onların hərəsi bir sahədə işləyir, oğlum Cəfər isə həkimdir. Maşallah, nəvələrim də hamısı ali məktəbi qurtarıb bir işin qulpundan yapışıb. Biz dədə-babadan zəhmətkeş nəsil olmuşuq. Bununla yanaşı, kitab oxumağı da yaddan çıxarmamışıq. Uşaqlarım deyir ki, ata, sənə nə kömək edək? Bəlkə bir çətinliyin var? Şükür Allaha, mənim heç bir çətinliyim yoxdur, aldığım təqaüd mənə bəs edir. Mühasib işlədiyimə görə müəyyən adamlar gəlib məndən məsləhət alırlar. Onlar da istər-istəməz çəkdiyim zəhmətə görə mənə pul ödəyirlər. Heç çox vaxt pul da istəmirəm, amma mənə zorla verirlər.
Həşim müəllim deyir ki, mənimlə həmyaşıd dostlarım var, Qəzənfər, Paşa , Cəmil, İdrak, Nikolay və Qurban, onlar da elə hər gün mənim kimi bu parka gəlirlər. Allaha and olsun, Qubanın hansı yerinə gedirsən, bax, belə cənnətdir. Tək rayon mərkəzi deyil, qəsəbələrimiz, kəndlərimizdə belə çox böyük abadlıq, quruculuq işləri görülüb. Kəndlərə asfalt yollar çəkilib, yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları tikilib və orda Quba camaatı özünü çox rahat hiss edir və rahat da yaşayırlar. Bütün bu gözəlliklərə görə, yaradılmış şəraitə görə Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə minnətdarıq. Çünki Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə Qubada çox möhtəşəm abadlıq işləri görülüb. İndi də onun siyasətini İlham Əliyev cənabları davam etdirir. Allah ona cansağlığı versin və doğmalarını qorusun!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
01 Dekabr 2025 10:40
Azərbaycan gəncləri üçün interaktiv idman, əyləncə və sağlam həyat platforması - GəncFit
28 Noyabr 2025 09:00
MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜNYAYA SƏS SALDI
25 Noyabr 2025 21:36
“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi
21 Noyabr 2025 09:00


Bakı -°C

