Buyurub o dövr nə qədər agenti varsa, açsınlar - Fazil Mustafa yazır

FİRUZ MUSTAFA
28844 | 2020-06-08 17:17
- Bir daha qeyd edim ki, o dövrdə Azərbaycan müharibə aparırdı, onsuz da gərginlik var idi. Siz təsəvvür edin ki, bu məsələ daha çox orta və yaşlı nəsilə aid ola bilərdi. Biz tələbə hərəkatından gəlmişdik və gənclərin bu məsələdə hər hansı ciddi problemlərinin ola biləcəyi real deyildi. Daha çox kimlər ola bilərdi? Hər hansı dövlət qurumunda işləyən, fəallığı olan, uzun illər ədəbiyyat, sənət və digər sahədə çalışan şəxslər daha çox bu kateqoriyaya aiddir. 

Məsələ burasındadır ki, burada 3-5 nəfərin sıradan çıxması, ifşa olması kampaniyası ölkədə əlavə gərginlik yaradacaqdı. İndi sabit vaxtdır. Buyurub o dövr nə qədər agenti varsa, açsınlar. Və ya son müsahibəsində bu məqamlara toxunan şəxsin özü əlində olanı niyə açmır? Biz onsuz da hakimiyyətdə kimlərin təqribən Rusiya kəşfiyyat orqanlarının iradəsi ilə hərəkət etdiyini bilirdik. Şəxsən mən bilirdim. Amma bilmək yetərli deyil axı. Bizim hakimiyyət dövründə kimin Rusiya xətti ilə fəaliyyət göstərməsini davranışları, aldığı qərarlar, telefon dinləmələri, alınan məxfi informasiyaların əksəriyyətini bilirdim. Bilgini o vaxt açmaq olar ki, onun nə zaman "verbovka” olunduğunu bilirsən, ləqəbinin nə olduğunu sübuta yetirirsən. Müəyyən olunsun ki, kim tərəfindən "verbovka” edilib, hakimiyyət dövründə hansı məqsədlərlə hansı hərəkətləri edib. Hərəkətlərin özündən bilinirdi ki, Rusiya birinə Bakıda, birinə Lənkəranda, birinə də Gəncədə silahını təhvil verdi. Bunların heç biri də hərbçi deyildi. Necə oldu ki, Rusiya adamları seçir və müəyyən edir ki, sənə silah verirəm, digərinə vermirəm? Birdən Rusiya hərbi bazasına qəhrəmancasına hücum edirdilər. Prosesə könlünü verən adam həlak olurdu, amma onlar qəhrəman kimi qalırdılar. Bunlar hamısı görünən şeylərdir. Odur ki, mən məsələnin bu gün spekulyasiya edilməsinin tərəfdarı deyiləm. Bu gün o dövrlə bağlı əldə olan nələrsə varsa, aça bilərlər. Məlum olar ki, kim KQB-nin, kim Rusiya hərbi kəşfiyyatının adamı olub. Bizim kimi ölkələrdə bu, onsuz da qaçınılmazdır. Uzun illər SSRİ kimi hərbi diktaturanın tərkibində olan ölkələrdə strateji postlarda, habelə komsomol, partiya postlarında oturanların bağlılığı ola bilərdi. Amma bu bağlılıq hamının ifşa olunması mənasına gəlməməlidir. Çünki bir çoxlarını məcburi bağlayıblar. Adam komsomolda yuxarı ranqda olub, amma vəziyyət dəyişdikdən sonra öz xalqına xidmət etmək istəyir. İndi onu ifşa edib sıradan çıxaranda hamı bir-birilə düşmənə çevrilməli olurdu. Əbülfəz Elçibəyin prinsipcə yanaşması bu idi ki, cəmiyyətdə qarşıdurma yaradacaq, insanları üz-üzə qoyacaq proseslər baş verməsin. Yalnız bu məqam olub.

Mən bununla bağlı belə bir çağırış xatırlamıram. Hakimiyyət dövründə problem bu idimi? O dövrdə bu məsələ xüsusi aktual problem kimi gündəm təşkil etməyib. Bəzi adamlar gedib Əbülfəz bəyə deyib ki, beş nəfər agentdir. O da cavab verib ki, bunu ifşa edəcəksiniz aləm dəyəcək bir-birinə. Biri yazıçıdır, biri şairdir, biri nə bilim nüfuzlu adamdır. Aləm qarışacaq bir-birinə, gərginlik yaranacaq, bu tərəfdən müharibə gedir. Elçibəy bunu cəmiyyəti qarışdırmamaq mənasında deyib. Yoxsa, indi hamı populistcəsinə deyir ki, arxivləri niyə açmadınız.

TƏQVİM / ARXİV