Bu üç nəfəri ifşa, beş nəfəri sıradan çıxarmaq üçün müharibə gedən ölkədə böyük qarışıqlıq yaratmaq demək idi. Əbülfəz Elçibəyin arxivlə bağlı heç bir problemi yox idi. Açılsa nə olacaqdı ki? Onsuz da, Elçibəyin məhkəməsində bəzi məqamlar açıldı, bu məlumatlar kitabda da çap olundu. Onun özü ilə bağlı guya nə açıla bilərdi ki?
Elçibəy hər hansı bir kənar ölkənin marağını təmin edən olsaydı elə hakimiyyətə gələndə Rusiyanın maraqlarını təmin edərdi də... Daha onun nəyinə lazım idi ki, Yeltsinlə mübahisə etsin? Və yaxud nəyinə lazım idi ki, İranla mübahisəyə girsin? Əgər maraqları təmin edirdisə, davam edər və hamı ilə yaxşı münasibət qurardı da. Məncə, bunların hamısı boş şeylərdir. Problem daha çox dünyagörüşü ilə bağlı məsələ idi, ideoloji kurs hakimiyyəti saxlamağa yetərli deyildi. İdeoloji kurs hakimiyyəti saxlamaq üçün yaramırdı. Bu ideologiya ilə hamı ilə düşmən olmalı idin. Bunu dəyişmək lazım gəlirdi, amma transformasiya baş vermədi. Məsələn, Heydər Əliyev kimi bir adam başa düşdü ki, Kommunist partiyası bitdi. Odur ki, yeni dövrə adaptasiya etdi, yeni dövrün adamı olmağı bacardı. Elə bacardığına görə də, prosesi uddu. Amma bizimkilər, özümüzün uydurduğumuz, düşündüyümüz və ya qəbul etdiyimiz münasibətlərdən kənara çıxa bilmədik və hesab etdik ki, bu, doğrudur. Türkiyədən başqa bir dövlətə üstünlük verə bilmədik. Sözsüz ki, Türkiyə bizim qardaşımızdır, amma hamı ilə normal münasibətlər, ətrafla qonşuluq əlaqələri saxlamağa məhkum idik. Həmçinin erməni məsələsində ermənilərlə savaş düşüncəsindən çıxmalı, buna daha geniş aspektdən baxmağı bacarmalı idik. Amma bu düşüncələrimizdən çıxa bilmədik. Budur problem.