"Xalq və Qaragüruh" - Fazil Mustafa yazır

FİRUZ MUSTAFA
50968 | 2020-08-12 12:44
"Xalq və Qaragüruh", "Ziyalı qaragüruhçuluğu" kimi məqalələrimdə, "Sadə həqiqətlər" proqramında ziyalıların qaragüruhçu zehniyyətə təslim olmasının acı nəticələrini yaxın tariximizdə baş verən hadisələrin nümunəsində təhlil etmişəm. Əlbəttə, bu fikirlərin əleyhinə yazıların da, görüşlərin də ortaya qoyulması gözləniləndir. 

Xüsusilə də artıq öz düşüncəsinin istehsalına güvənməyib, kütlənin diqtəsi ilə mülahizə yürüdən milli standartlarımıza uyğun ziyalı tiplərinin opponentlik etməsini də normal qəbul edirəm. Bu mövzuda qeydlərini yazmış və şəxsimizə qaragüruhçu platformadan ziyalı ədası ilə tövsiyələrini vermiş tanınmış hüquqşunas Adil İsmayılovun da duyğu və mülahizələrini anlayışla qarşılayıram. Xalqla qaragüruhun sərhədlərini doğru ayıra bilmədiyinə görə, mövzunun bu tərəfinə toxunmaq istəməzdim. Yalnız Adil İsmayılovun bir-iki cümləsi üzərində qısa bir fikir bildirəcəyəm: "Hakimiyyətdə olanlara səslənirəm, həqiqətən də əmin-amanlı istəyirsinizsə və bu siizn sifarişiniz deyilsə yığışdırın bu ara qızışdıranları, onları qarşıdurma, toqquşma yaratmağa yönələn çıxışlarına son qoyun". Bax, budur əsl ziyalı qaragüruhçuluğu, bax budur fikir, düşüncə qarşısında zavallı duruma düşmək. Xatırlayıram, iki il öncə tariximizlə bağlı ortaya qoyduğum düşüncələrdən qeyzlənən bir qaragüruhçu professor Milli Məclisin sədrinə müraciət etmişdi ki, "xahiş edirik, Fazil Mustafaya filan mövzularda məqalələr yazmağa imkan verilməsin". Eyni zehniyyətdir.

Eh, hörmətli Adil bəy, müstəqil düşüncə sahibi olmadığınıza görə bəlkə sizi bir əşya kimi haradansa yığışdırmaq olar, bizlər isə cəmiyyətin daha təhlükəsiz gələcəyinə məsuliyyət daşıdığımızdan, sizləri düşüncə həyatımızdan yığışdırmağı qətiyyən düşünmürük, çünki bu, demokratik dünyagörüşümüzə zidd davranış olardı, sadəcə qaragüruhçu baxışlarınızla bu xalqa yön verməyə, onu yanlış istiqamətə aparmağa fürsət vermək istəmirik. Adil bəy həm də sevinclə qeyd edir ki; "yaxşı ki onların sayı azdır". Doğrudur, başqa necə ola bilər ki? Həmişə qaraguruhçuluğa təslim olmayan çox az sayda ziyalılar, düşüncə adamları, siyasətçilər olur. Onlar yalnız tarixdən və xalqdan aldıqları sifarişləri yerinə yetirirlər və istəyirlər ki, günün problemlərini və gerçəkliklərini daha soyuqqanlı şəkildə müzakirə edək, yenə də meydanın diqtəsi ilə oxumağa məcbur olduğumuz xorun yeknəsəqliyinə uyub böyük faciələr yaşamayaq.

TƏQVİM / ARXİV