07 Dekabr 2023 12:43
1374
ƏDƏBİYYAT

“Cavid buna görə əsəri geri götürmüşdü...” - Turan xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Axtarışlarınız təkcə “Xəyyam”la tamamlandl, yoxsa?..

- Cavidin belə bir adəti vardı: Yazacağı əsərin məzmununu əvvəlcə təfərrüatına qədər dəftərinə qeyd edərdi. İndi əldə qalan dəftərində də belə qeydlər var. Məsəlçün, “Knyaz” əsəri bütöv halda əldə deyil. Cavidin əsərlərini əvvəlcədən plana salıb onları nəşr etsəydilər, indi bizim əlimizdə “Şəhla” da olacaqdı, “Telli saz”ı tapacağıma ümid etsəm də, bu istəyim baş tutmadı. 

- Tapılacağına ümid vardı?

- “Telli saz”ı İşçi Teatrı repertuara daxil etmişdi. Teatr indiki Kukla Teatrının binasında yerləşdirdi. Çox maraqlı bir teatrdı, 1921-ci ildə “Tənqid-təbliğ” teatrı kimi fəaliyyətə başlamışdı. Bir neçə ildən sonra adını dəyişib “İşçi-kəndli teatrı” qoymuşdular. Kəndli sözü də özünü doğrultmadı, sonra qaldı yalnız İşçi Teatrı. İşçi Teatrında çox maraqlı tamaşalar gedirdi. Repertuar Dram Teatrının repertuarından fərqliydi. Nadir hallarda təkrar əsərlər qoyulurdu. Baba “Telli saz”ı İşki teatrına təqdim etmişdi. Rollar bölünür, məşqlərə başlayırlar. Baş rola-Məcnunşaha Opera Teatrının aktyoru Hüseynqulu Sarabskini dəvət edirlər. Sarabski çox sevinir və düşünür ki, vaxtilə oynadığı Məcnundan sonra bu Məcnunşah onun ən gözəl rollarından biri olacaq, onun aktyor kimi dram səhnəsində yeni bir tərəfini açacaq. O zaman opera aktyorları operada ona görə yaxşı oynayırdılar ki, onlar dram teatrında da rol ifadə edirdilər. Buna görə də obrazı yaratma dərəcəsi onlarda güclü olurdu. “Telli saz”ın məşqləri başlanır. Bu arada tənqidçilərdən kimsə əsərdə bəzi düzəlişlər olunmasını müəllifdən az qala tələb edir, Cavid də əsərin getməsinə razı olmur və onu geri götürür. Bəraətdən sonra 1957-ci ildə Gəncəyə getdim. 

- Gəncəyə niyə? 

- Çünki, 1937-ci ildə İşçi Teatrı bütün heyətilə birgə Gəncəyə köçürülmüşdü. Ümid edirdim, bəlkə həyatda olan aktyorlardan pyesi tapa bilərəm. Yaxud o dövrdə tamaşada oynayacaq aktyorların rol dəftəri qala bilərdi. Amma nə pyesi tapdım, nə də rol dəftərindən birini. Heç bir şey qalmamışdı. Sonra rejissor Həbib İsmayılovun arxivinə baxdım, təəssüf ki, orda da “Telli saz”ın izi-tozu yoxdu. “Telli saz”dan yalnız ananın danışdığı məzmun qalır. Bir də... Ərtoğrolun qəribə adəti vardı, əsərlərdən sevdiyi parçaları dəftərinə köçürərdi, bax, onun dəftərində “Telli saz”dan, “Xəyyam”dan, “Knyaz”dan müəyyən parçalara rast gəlmək olar. “Şəhla” isə ümumiyyətlə, yoxdu. “Şəhla”nı Ədil İsgəndərov tamaşaya qoymq istəyib. Dram Teatrının repertuarına daxil ediblər. Ədil İsgəndərovun Cavidlə bağlı xatirələrində “Şəhla”nın məzmunu verilib. Qalan əsərlər isə evdən çıxmamışdı. 1937-cı ildə həmin əsərlər- “Çingiz”, “Atilla”, “İblisin ilhamı” NKVD tərəfindən müsadirə olundu...”.

Ardı var...
 Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn