““Xəyyam”ı iki min manata aldım, belə bil dünyanı...” - Turan xanım...
Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında xatirə yazılarına start verib.
Turan xanımın müsahibəsini davamını təqdim edirik:
“Dostlarımdan biri, sənətşünaslıq doktoru Kərim Kərimov İrəvanı yaxşı tanıyırdı deyə mənə yoldaşlıq etdi. Qatarla getdik.
- Neçənci ildə?
- 1957-ci ilin qışı. Kimin də ayaqlarının radikuliti vardı, çox əziyyət çəkirdi. Buna baxmayaraq, məni tək buraxmadı. Gedəndə özümlə birgə “Xəyyam”dan müəyyən parçalar götürmüşdüm ki, lazım gəlsə tutuşdurmaq mümkün olsun.
- Sizdə “Xəyyam”ın hissələri vardı?
- O zaman qəzetlər müsabiqədə yer tutmuş əsərlərdən parçalar dərc etmişdi. Həmin qəzetlərdən götürmüşdüm. Şahsabahlıyla görüşdük. Təbii ki, Cavidin öz xəttiylə yazılmamışdı Şahsabahlıdakı dəftər. Amma “Xəyyam” idi, Cavidin əsəriydi. Aldım.
- Neçə manata aldınız?
- İki min manata.
- İki min manata “Xəyyamı” xilas elədiniz...
- Elə bil ki, dünyanı mən vermişdilər. O gün vağzalda tranzit otaqda oturub səhərə qədər gözlədik.
- Sonra nə oldu?
- Bir neçə dəfə repertuarda salındı. Bir neçə dəfə tamaşaya qoymaq üçün təşəbbüs olundu, 1970-ci ilə qədər. Yazılışından 35 il sonra Mehdi Məmmədov quruluş verdi “Xəyyam”a. Əvvəl Adil İsgəndərov qoymaq istəmişdi, alınmamışdı, daha doğrusu, nazirlikdə mane olmuşdular. Ədil İsgəndərovdan sonra Şəmsi Bədəlbəyli musiqili tamaşa kimi quruluş vermək istədi, bu da alınmadı. Sonra Əliheydər Ələkbərov... elə dəyişiklik etmişdi ki... Mən Əliheydər Ələkbərovun düzülüşlərini oxudum. Teatrın bədii rəhbəri Tofiq Kazımovla görüşdüm və Ələkbərovun düzəlişləri barədə ona iradlarımı bildirdim. Tofiq mənimlə razılaşdı... bu dəfə da tamaşa alınmadı, yedə də qaldı... Şıxəli Qurbanov ideoloji katib olanda Əziz Mirəhmədovla ikisi mənə sübut etmək istəyirdilər ki, “Xəyyam” zəif əsərdi.
- Necə sübut etmək istəyirdilər?
- Söz tapmağa nə var ki... Nəhayət, bir gün, 1970-ci ildə Mehdi Məmmədov Teatr Muzeyinə mənim yanıma gəldi. Söhbət əsnasında Mehdi “Xəyyam”ın repertuara salındığını bildirdi. Çox sevindim. Mehdi o vaxta qədər artıq “Canlı meyit”ə quruluş vermişdi.
- Sevinməyə dəyərdi...
- Hə. Musiqisini isə Cahangir Cahangirov yazırdı. Bu o vaxt idi ki, Cəfər Cəfərov ideoloji katib işləyirdi. Sevindim, amma ana xəstəxanada yatırdı deyə, heç nə gözümdə deyildi. Ana 1969-cu ilin sentyabrında birinci infarktla xəstəxanaya düşdü, xəstəxanadan çıxmaq ərəfəsində ikinci infartk keçirdi bir də may ayında çıxdı. Bu müddətdə isə, mart ayında “Xəyyam”ın premyerası oldu... Yüksək səviyyəli tamaşaydı. Çox qəribədir, ona qədər Məmməd Arif də Mehdiyə sübut etməyə çalışırdı ki, Cavidin bu əsəri səhnə üçün yararlı deyil. Əsərin daxili baxış tamaşasında Məmməd Arif Mehdiyevə: - “Sən məni məğlub elədin. Cavidin bu əsəri əsl səhnə əsəridir”,-dedi. Mehdi Məmmədov əsərə heç bir dəyişiklik etmədən yazdığı kimi quruluş vermişdi. Cahangir də gözəl musiqi bəstələmişdi. Yadıma gəlir. Cahangir müəllim musiqini xüsusilə bəyənmişdi. Ananın həkimlərini də tamaşaya dəvət etmişdim.
- Ana “Xəyyam”a baxa bilmədi?
- Sonralar baxdı.
- Axtarışlarınız təkcə “Xəyyam”la tamamlandı, yoxsa?..”.
Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn