05 Dekabr 2023 13:41
1096
ƏDƏBİYYAT

“Bəraətdən sonra eşitdim ki, İrəvan şəhərində kimdəsə “Xəyyam” əsəri var...”

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Sonra nə oldu?

- Sonra təyinatımı verdilər Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutuna. 

- Neçənci ildə?

- 1950-ci ildə.

- Bu institut hardaydı?

- Akademiyanın nəzdində, indiki Memarlıq və İncəsənət İnstitutu Üzeyir Hacıbəyov adını daşıyırdı, Üzeyir bəyin sağlığında vermişdilər bu adı, özü də oranın direktoruydu. 

Harda yerləşirdi?

- İndiki Rəyasət Heyətinin binasında. İnstitutda musiqi şöbəsi vardı və teatr şöbəsi də açılmaq üzrəydi, memarlıq şöbəsi ilə hələ yoxdu.  İndi təsəvvür elə, şöbə hələ açılmayıb və mənim təyinayımı veriblər bura. Demək olar ki, işsiz qaldım. İnstitutda isə Sabit Rəhman artıq dərsə gəlmirdi və Azərbaycan teatr tarixifənnini tədris etmək üçün müəllim yox idi. İnstitut rəhbərliyi Mudrovla məsləhətləşir ki, bu fənni kim tədris edə bilər. Bu zaman Mudov mənim adımı çəkir. Amma, təbii ki, bu baş tutmur. 

- Niyə?

- Əlbəttə ki, “xalq düşməni”nin qızı olduğuma görə. O vaxt Əziz Əliyev Xalq Kommissarları Sovet sədrinin müavini idi. Aişə xanımın məsləhəti ilə Əziz Əliyevib qəbuluna getdim. Aişə artıq Komissarlar Sovetində işləyirdi və Əziz Əliyevin göstərişi ilə İnstitutda teatr tarixi fənnini verdilər mənə. İnstitutda dərd dedim, bəraətə qədər mühazirələrimdə nə Cavidin, nə Abbas Mirzənin, nə Ülvi Rəcəbin, nə Tanailidinin adlarını çəkdim. Bir kəlmə də olsa, onlar barədə danışmadım. 

- Niyə?

- Axı mən yalandan necə deyə bilərdim ki, Abbas Mirzənin danışığı pafosluydu... Axı özüm kitablarda yazılanlara inanmırdım. Həqiqət belə deyildi axı. Tələbələr də hər şeyi başa düşürdülər və bu barədə heç vaxt sual vermirdilər. 

1956-cı ilə qədər, yəni bəraətəcən belə oldu. Bəraətdən sonra da Cavid haqqında danışanda mühazirələrimdə övlad münasibətimi bildirmirdim. 1953-cü ildə yenə də işsiz qaldım. Üçüncü dəfə isə mənə Cəfər Cəfərov kömək elədi. O zamn 53-cü ilin yayında İncəsənət İşləri İdarəsi ləğv olunmuşdu, yerində nazirlik yaranmışdı və Cəfər Cəfərov da nazir müaviniydi. Cəfər müəllimə Cavidin kimliyini başa salmağa ehtiyac yox idi. Cəfər Cəfərov Teatr Muzeyinin direktoruna zəng vurdu, söhbətlərindən hiss olunurdu ki, direktor qorxur. Onda Cəfər müəllim israr elədi, 1953-cü ildən 1991-ci ilə kimi Teatr Muzeyində çalışdım. 68-ci ilə kimi şöbədə elmi işçi, 1968-ci ildən 91-ci ilə qədər isə direktor işlədim... 

- Bu sizin qənaətinizdi ki, Cavidin həyatında rəqəmlərin rəmzi və mistik bir yeri var?

- Bəli. İndi çoxlarına bəllidi ki, Cavid 59 yaşında vəfat edib. Sibirdəki qəbrinin nömrəsi də 59 idi. Ölüm aktı da 59 nömrəliydi. Məqbərədə Cavidlər 59 ildən sonra (1937-96) görüşdülər. 

Məqbərənin inşaya başladığı gün (3 iyun 1996) Cavidin düz 59 il əvvəl (3 iyun 1937) həbs olunduğu gündü. Cavid cib dəftərçəsinə başının ölçüsünü qeyd edib-59. Maraqlıdır ki, bu yaxınlarda köhnə sənədlərimi araşdıranda tələbə biletimə rast gəldim-o da 59 nömrəliymiş. 1982-ci ildə Cavid vətənə gətiriləndə mən də, bu işin təşəbbüskarı Heydər Əliyev də - hər ikimiz 59 yaşındaydıq. Bu dam maraqlıdır ki, onun atası Əlirza Ərtoğrolla eyni vaxtda vəfat edib, anasının ölümü də oktyabrın 22-sinə-Əroğrolun doğum gününə təsadüf edir. 

- Nə üçün sonralar elmi mövzu götürmədiniz? Müdafiə edib alimlik dərəcəsi ala bilərdiniz.

- Bu çoxlarına təəccüblü görünürdü. Artıq elə bir işə başladım ki, mənə nə dissertasiya, nə də elmi ad gərək oldu. Bəraətdən indiyə qədər yalnız Cavid irsinin bərpası, tərtibi, axtarışı ilə məşğulam. Bu isə, mənə elə gəlir ki, bir mövzunu yazmaqdan qat-qat çətin və gərəklidi. 

- Cavidin “Xəyyam”ını da siz tapmısınız...

- Bəraətdən sonra eşitdim ki, İrəvan şəhərində kimdəsə “Xəyyam” əsəri var. Məndə böyük bir inamsızlıq olduğu üçün buna inanmadım. Amma sonralar deyilənlər həqiqət oldu. İrəvanda Əli Şahsabahlı adlı bir aktyor vardı. O, Akademiyanın Əlyazmalar fonduna – Məmmədağa Sultanovun adına rəsmi məktub yazmışdı. Məlum oldu ki, Şahsabahlı müəyyən məbləğ istəyir. Bir nəfərdən borc tapıb İrəvana getməli oldum”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn