04 Dekabr 2023 12:27
1213
ƏDƏBİYYAT

“Orda tam qərara gəldim ki, mən həkim ola bilmərəm...” - Turan xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

“Amma Üzeyir bəylə bir yanlışımı da söyləmək istəyirəm. Üzeyir bəy Ərtoğrolun məktubunu oxuyub Radio Komitəsinin sədrinə zəng vurandan sonra həmin məktubu mənə qaytardı. Uzun bəyə həm şükrançı oldum, həm də ürəyimdə gəzdirdiyim bir xəyal qırıqlığı mənə əzab verdi. Düşünürdüm ki, görəsən Üzeyir bəy doğrudanmı Ərtoğrolun məktubunu özündə saxlmaqdan qorxdu, çəkindi...

Amma üstündən çox-çox illər sonra Üzeyir bəyin arxivində Ərtoğrolun Gürcüstandan ona yazdığı məktubları görəndə təskinlik tapdım. Üzeyir bəy aldığı çoxlu məktubların içərisində yalnız Ərtoğrolun məktublarını ayrıca sevgi ilə qoruyub saxlamışdı. Bunu biləndən sonra Üzeyir bəylə bağlı keçirdiyim tərəddüdlərimə nöqtə qoyuldu. Həm sevinirdim, həm də illər boyu Üzeyir bəy barədə yanlış şeylər düşündüyüm üçün özümü qınayırdım...

1944-cü ildə bir daha sənədlərimi Tibb İnstitutuna verdim. Bu dəfə yüksək qiymətlər aldım və müalicə fakültəsinə daxil oldum. Sentyabrda dərsə getdim. Bir gün... iki gün, gördüm yox, sentyabrın beşində tam qərara gəldim ki, mən həkim ola bilmərəm. Qalabalıq idi, çoxlu tələbə vardı. Mən isə Ərtoğrolda sonra elə bil, yaşadıqlarıma, çəkdiklərimə görə birdən-birə otuz-qırx il böyümüşdüm. Heç bir dərd-sər görməyən gənclərlə bir yerdə olmaq məni çəkindirirdi. Sənədlərimi çox çətinliklə qaytardılar. Dekan mənim institutdan çıxmağımı istəmirdi. Çox sonralar Ana: - “Nə yaxşı sən həkim olmadın, Tibb  İnstitutundan getdin”,-deyirdi. Özü də bu mümkün olmayacaqdı, “xalq düşməninin qızını” həkim kimi kim işə götürəcəkdi ki?

- Və siz teatrşünas oldunuz...

- O zaman Bakıda teatr texnikumu fəaliyyət göstərirdi-1923-cü ildən 1948-ci ilə kimi, 1945-ci ildə isə Teatr İnstitutu yaradıldı, institutla paralel texnikum üç il fəaliyyət göstərdi, sonra texnikum bağlandı və tələbələr fərq imtahanı verib keçdilər instituta. Burda isə artıq mən yerimdəydim. Çox gözəl müəllimlərimiz vardı: Əli Sultanlı, Məmməd Cəfər, Feyzulla Qasımzad, Sabit Rəhman, Mikayıl Rəfili, Kazım Ziya, Aleksandr Mixayloviç, Mudrov... Cəmi altı tələbəydik: Adil Babayev, Hüseyn Abbaszadə, Aişə xanım, Fatma Cabbarova və mən. Teatr İnstitutunda “xalq düşməninin” qızı olduğumu hiss etmədim. Baxmayaraq ki, aspiranturaya girə bilərdim, məlum səbəblərə görə bu mümkün olmadı, amma hər halda, ali təhsil ala bildim. Burda Cavidə münasibət aydın idi, elə bil ki, heç repressiya olunmamışdı.  Belə bir şəraitdə institutu bitirdim”. 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı. 
Hazırladı: Vasif Əlihüseyn