Nigeriyalı yazarın Azərbaycan sevgisi

Oktyabrın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyi ilə “Libraff” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında Nigeriyalı yazıçı, tədqiqatçı Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimatı və imza mərasimi keçirildi.
Tədbir “TEAS Press” nəşriyyatının yüksək keyfiyyətlə çap etdiyi bu xatirə kitabının ictimaiyyətə təqdimatı ilə müşaiyət olundu. Kitab müəllifin Azərbaycanda və Qarabağda gördüklərini, Beynəlxalq Avrasiya Mətbuat Fondunda qazandığı təcrübələri və müşahidələrini əks etdirir. Odur ki, müəllif giriş nitqində bunları söylədi: “Umud müəllim həm mənim rəhbərim, həm də mənəvi atamdı. Mən Azərbaycanda təkcə işləmədim, həm də böyüdüm, öyrəndim, dəyişdim. Qarabağa səfərlərim isə həmişə bu yolun mənəvi zirvəsi olub”.
Tədbirdə millət vəkilləri, səfirlər, ictimai xadimlər, ali məktəb rəhbərləri, media nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirdilər. Tədbirin moderatoru Mətbuat Şurasının sədri və BAMF Himayəçilik Şurasının üzvü Rəşad Məcid idi.
BAMF-ın prezidenti Umud Mirzəyev öz çıxışında müəllifin Azərbaycana gəlişinin tarixçəsini xatırladı. O, Nik Nvolisanın Bakıya ilk gəlişindən, Xəzər Universitetində təhsil almasından, daha sonra BAMF-da könüllü fəaliyyətə başlamasından danışdı. Bu enerjili oğlanın kollektivdə necə mehriban davranmasından, təşkilatın Proqram Departamentinin rəhbəri vəzifəsinədək yüksəlməsindən söz açaraq:
“Nik illər boyu təkcə təşkilatımızda deyil, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda həyata keçirilən humanitar və sülhyaratma missiyalarında da iştirak edib. Onun kitabı təkcə şəxsi xatirələr toplusu deyil, həm də Azərbaycanın mübarizə və dirçəliş tarixinin bir salnaməsidir,” – söylədi.
Umud Mirzəyev həmçinin əlavə etdi ki, Nikin bu kitabı müasir Azərbaycanın xarici oxucuya tanıdılması baxımından mühüm, orijinal və dəyərli bir işdir.
Kitabın təqdimatında çıxış edən Azərbaycan Beynəlxalq Məktəbi – TİSA-nın direktoru Angela Romney müəllifin kitabda Qarabağın tarixini və xalqımızın mübarizəsini çox canlı və təsirli şəkildə qələmə aldığını bildirdi.
Daha sonra Xalq yazıçısı, AYB-nin baş katibi və BAMF Himayəçilik Şurasının sədri Çingiz Abdullayev, millət vəkilləri Səməd Seyidov, Fazil Mustafa, Ceyhun Məmmədov, Razi Nurullayev, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, həmçinin media təmsilçiləri və səfirlik nümayəndələri çıxış etdilər.
Çingiz Abdullayev, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür kitablara daha çox ehtiyac duyulduğunu vurğuladı:
“Əgər biz öz tariximizi yalnız öz dilimizdə danışsaq, bizi kim eşidəcək? Ona görə də Nik kimi haqsevər, Azərbaycansevər müəlliflərin yaradıcılığı bizim üçün çox qiymətlidi. Bizim keçmişimizi və bu günümüzü dünya ictimaiyətinə bu cür təmənnasız müəlliflər çatdırdıqda daha effektli olur”.
Millət vəkili Səməd Seyidov isə çıxışında kitabı ədalət və sülh ideyalarının təbliğinə töhfə kimi dəyərləndirdi:
“Uzun illər Azərbaycan həqiqətlərinə qulaq asmaq istəməyən dünyaya biz indi öz səsimizi dinlədə bilirik. Belə kitablar bu səsimizi daha uzaqlara aparır” – söylədi.
Millət vəkili Fazil Mustafa əsərin ingilis dilində yazıldığına görə onun təsir dairəsinin nə qədər geniş olacağını vurğuladı:
“Başqa xalqlar Azərbaycanı bizim baxışımızla yox, öz dillərində, öz düşüncə tərzlərində tanıyanda daha dərindən anlayırlar. Bu mənada Nik Nvolisanın kitabı çox dəyərlidir”.
Siyasi şərhçilər Elçin Alıoğlu və Azər Həsrət də öz çıxışlarında kitabı yüksək qiymətləndirərək, Azərbaycan həqiqətlərinin xarici auditoriyaya çatdırılmasında önəmli addım olduğunu qeyd etdilər.
Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev isə kitabı “hər bir oxucu üçün yeni həyat dərsi” adlandırdı:
“Bu əsərdə həm Qarabağın ağrısı, həm də dirçəliş ümidləri var. Xarici müəllifin qələmindən çıxması onu daha da təsirli edir”.
Nik Nvolisa artıq 20 ilə yaxındır Azərbaycanda yaşayır. O, Xəzər Universiteti, Slavyan Universiteti və ADA Universitetində təhsil alıb, burada ailə qurub. İllərdir ki, Azərbaycan cəmiyyətində “ikinci vətən” adlandırdığı Azərbaycan naminə yorulmadan fəaliyyət göstərir. Onun “Mənim Qarabağa səfərim” kitabı sadəcə, bir xarici müşahidəçinin qələmə aldıqları deyil, sülh və ədalət tərəfdarı olan bir insanın haqq səsi, peşəkar jurnalistin obyektiv və qərəzsiz mövqeyidir.
Bu kitab həm də dostumuz və həmkarımız Nikin Azərbaycana olan sevgisinin, sadiqliyinin ifadəsidir. O, Qarabağla bağlı reallıqları sadəcə bir reportyor kimi deyil, eləcə də BAMF ailəsinin bir üzvü olan insanın baxış bucağından qələmə alıb.
Tədbir iştirakçılarının da vurğuladığı kimi, bu cür nəşrlər  Azərbaycanın sülh missiyasının, mədəni irsinin və mübarizə tarixinin dünya miqyasında tanıdılması uğrunda vacib addımlardandır. 
Murad Köhnəqala
Digər Xəbərlər
 31 Oktyabr 2025 19:09
 31 Oktyabr 2025 19:09 “ALTI VƏ SIFIR”DAN SONRAKI EXTRA TİME - Qulu AĞSƏS YAZIR
 30 Oktyabr 2025 15:34
 30 Oktyabr 2025 15:34 Taleyi əfsanəyə çevrilən Əfsanələr- Əntiqə Kərimzadə yazır…
 30 Oktyabr 2025 12:32
 30 Oktyabr 2025 12:32 Gənc şair: “Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki…”
 30 Oktyabr 2025 10:36
 30 Oktyabr 2025 10:36 

 Bakı -°C
 Bakı -°C 














