30 Oktyabr 2023 13:56
630
ƏDƏBİYYAT

“Cavid haqqında bunu bilmədən yazıb...”- Mişkinaz xanımın Sabit Rəhmana iradı

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib. Növbəti yazını təqdim edirik:

Əvvəli ötən sayımızda...

“1961-ci ildə Abdulla Şaiq “Xatirələrim” adlı kitabçasında yazır ki, guya Cavidin yaxşı səsi olub, atası ilə şəhərbəşər hər yeri  gəzib, atası mərsiyə deyər, bu da sinədən oxuyarmış. Guya Cavid alver də edirmiş...

Cavidin nə səsi vardı, nə də alver etməyi bacarardı. Bir neçə dəfə bazarlıq etməyə getdi: heç birini bacarmadı. Demək olar ki, o kitabda

Cavidin tərcümeyi-halının yarıdan çoxu yanlış yazılıb. 

Cavidgil üç qardaş, üç bacı olublar. İki qardaş ikinci arvaddan olub. İkinci arvaddan olanın böyüyünün yaxşı səsi vardı. Atasıyla gedən də o idi. Sonralar yaxşı mərsiyəxan oldu. Axır vaxtlar bəzi xatirələri xatirə yox, xətalar adlandırmaq daha düz olar.  Xatirə o deməkdir ki, nöqtəbənöqtə dəqiq olan bir işi, bir hadisəni, bir sözü onu eşidən, oxuyan gözüylə görmüş kimi canlandırsın. 

Gələcək nəsil o xatirələri oxuyub ürəkdən sevdiyi bir sənətkar haqqında nə qədər kəmiltifat olacaq. 

Məncə yazıb çapa verəndən çox, onun düzgün olub-olmadığını yoxlamaqdan qəbul edib, mətbəəyə göndərənin səhvi daha çoxdu. Hal həyatda olanlara nə qədər ağır təsir edirsə, gələcək nəslə, bir tədqiqatçıya keçilməz bir körpü olacaq. Ələlxüsus tanınmış qələmlərdən çıxa.

1970-ci ilin iyul ayının 4-də “Ədəbiyyat və incəsənət” qəzetində Sabit Rəhman dəqiq bilmədən yazır. Amma mən Cavidlər 1918-ci ildən bir damın altında yaşamışam. Onu bir dəfə də olsa başını ülgüclə qırxılmış görməmişəm. Başının qabaq tərəfdən tükləri tökülmüşdü. Qalan tükləri də elə gur deyil. Yazır ki, sürmeyi papaq qoyardı... Amma o həmişə buxara papaq qoyardı. Axır vaxtlar qara kepka qoyardı. Son zamanlar da dəvə yunu rəngində bir panaması vardı, hərdən onu qoyardı. Sabit Rəhman isə yazır: “Həyatının son dövrlərində onda xalqa, vətənə məhəbbət güclənmişdi. Yadımdadı ki, böyük şairin söhbətlərində yavaş-yavaş “Naxçıvan”, “Bizim Naxçıvan” ifadələrini eşitmək olurdu”. 

Desəm ki, Cavid qədər xalqına, elinə bağlı ikinci bir adam yoxdu, bu, ən doğru söz olar. Onda dar çərçivə, sənin, mənim, şəkili, bakılı, naxçıvanlı, gəncəli, yerli sözü yoxdu...

Deyərdi: “İçərişəhər, bayır şəhər davası eləyirlər, bu faciədi, gələcəyə, gəncliyə ən ağır bir zərbədir. Keçmişdə “ağıllı” ruhanilərimiz bu milləti sünni-şiə deyib iki hissəyə ayırdılar. İndiyə qədər o yara sağalmayıb. Düşüncəsiz qalıqlar bunun nə olduğunu bilmədən hələ də davam etdirirlər. 

1972-ci ildə yayda biz Şüvəlan bağındaydıq. Bir gün ev sahibi oğluna qışqırıb ağzına gələn nalayiq sözlərlə söyüş söyürdü: 

- Ədə, o maştağalı balası idi, niyə onu vurub öldürmədin. Hələ o buzovnalı da ona kömək edirdi. Cavid balkonda oturub işləyirdi. Buz sözləri eşidib... başını tutdu və: “Bu bədbəxt millət, zavallı gənclər... Ağsaqqal ata oğluna tərbiyə verir”. 

 Dəftəri-qələmi götürüb qoydu bir tərəfə, fikirli oturdu. Bu nimçə üzüm gətirib qoydum, dedim ki, darıxma, bunları düzəltmək çox çətindi. Qabdakı üzümə baxıb: “Səni keyfiyyətli yetişdirdiyi kimi övladını tərbiyəli, vətənpərvər yetişdirsəydi daha səmərəli olardı”-dedi.

Bir neçə gün sonra bağ sahibi əlində bir salxım kişmiş üzümü gətirdi. Cavid oturub işləyirdi. Dedi:

- Mirzə, gör necə üzüm yetişdirmişəm? Niyə bel bikefsən? 
Cavid dedi: 
- Kərbalayi, səndən bərk incimişəm. Ona görə də bir neçə gündü ki, çox narahatam. Buyur, əyləş. 
Kişi pərt olmuş halda:
- Mirzə, Allah eləməsin ki, mən sizi incidən bir iş görüm. 
- Tək mən incimirəm, övladına verdiyin tərbiyə onun nəvələrinin nəvələrindən də çox-çox uzaqlara gedib çıxacaq. 
Kişi: 
- Aa... vaxsey, mən nə etmişəmm ki?..
Cavid:
- Ən böyük fəlakət odur ki, nə etdiyini bilmirsən. Bir neçə gün bundan əvvəl oğlunu söyüb deyirin ki, filankəs maştağalı balasıdı, vur öldür. O kimdi? Sən kimsən? Mən kiməm? Bir vətən övladı. Maştağa, Buzovna haradı? Az qala çağırsan səsin çatar. Hamısı bir torpaq deyilmi? Zəhmətinin səmərəli bar verməsinə nə qədər sevinirsən. Amma övladına verdiyin tərbiyədən xəbərin yoxdu. O, nə ruhda övlad böyüdəcək. 
Kişi dinməzcə oturmuşdu. Bir az əvvəl əlində sevinə-sevinə gətirdiyi üzümə baxdı, bir də Cavidə baxdı. Dərindən ah çəkib dedi: 

- Mirzə, çox gözəl, qiymətli kəlamlardı. Bizi nadan böyüdən böyüklərimizin böyüklərinin qabırğasına çər dəyəydi. Nə qanıblar, nə də qandırıblar. Nə yazıq millət olmuşuq. Rəhmətlik nənəm deyərdi ki, əmisi maştağalı bir qızı istəyirmiş. Amma atası razı olmur. Deyir ki, maştağalı qızla evlənmək olmaz. O da ölənəcən evlənmir. Qız da ərə getmir. Otuz yaşına çatanda qız rəhmətə gedir. Əmisinin bir yaxın dostu varmış, bir neçə ildən sonra gedir onlara, orda xəstələnir. Dostuna deyir ki, mən öləndə mənir burda, Maştağa qəbiristanlığında dəfn edin. Atası bu sözü eşidib adam göndərir, onu xəstə-xəstə gətirib deyir: “Ölürsən, burda öl. Ürəyinə ox maştağalıların. Guya çox xoşum gəlirdi onlardan... Ölünü də orda qoymaram”. Öləndə bacısını çağırıb deyir: “Bacı, sən Allah yadından çıxmasın, mən öləndə Leylanın torpağından bir ovuc gətirib tök mənim qəbrimə. Atam orda yatmağa da qoymadı”. Bacısı elə də edir. Hələ qızın bir dəsmalını da gizlincə kəfənin altından ürəyinin üstünə qoyur. Mirzə, başağrısı verdim. Belə-belə dərdlərimiz var. Biz də anlamadan o yolu gedirik. Böyük gəlin mərdəkanlıdı, hələ iki nökərin də var. Onlara da tapşıracam, (bəlkə o vaxtacan dözmədi) biri maştağalı qızı alsın, bir də buzovnalı qızı. Mirzə, Allah sənə uzun ömür versin. Sən kitab yazansan, bu əhvalatı yaz, bəlkə mənim kimi yatanlar oyana. Mirzə, suyumuz başdan lilli gəlir. İndi gərək cavanlar o suyu durulda ki, əmi kimi nakamlar olmaya”. 

Cavid dedi: 
- Kərbalayi, kaş yatanlarımız sizin kimi tez ayılaydılar”.

Ardı var...
Mənbə: “Hüseyn Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn