28 Oktyabr 2023 18:10
820
ƏDƏBİYYAT

“Uşağın dərmanına pul lazım olduğu üçün kostyumunu...”- Mişkinaz xanımın xatirələri

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib. İlk yazımızı təqdim edirik.

Əvvəli ötən sayımızda...

“Gələndən bir neçə gün sonra, Cavid mənə dərs verməyə başladı. Özü də məktəbdə müəllimlik edirdi. Bir neçə aydan sonra maarif idarəsi tərəfindən Bakıya göndərdilər. Oradan böyük qardaşıma məktub yazır: “Münasib bir adamla Mişkinazı göndər”. 

Cavidin kiçik qardaşı ilə, onun ailəsi də bizimlə bir yerdə, Bakıya gəldik. Necə gəldik? Naxçıvandan Tiflisə dörd beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin ağır vaxtlarıydı. Qatar gündüzlər gedir, gecələr dayanırdı. Üç günlük yolu bir həftəyə Bakıya gəlib çıxdıq. Kiçicik bir ev kirələdik. Evdə heç bir şey yoxdu. O çətinliklə ki, biz gəlmişdik, evə dair heç bir şey gətirə bilməmişdik...

Cavid orta məktəbdə dərs deyirdi. Axır vaxtlar isə dərsi çox azaldı, vəziyyətimiz günü-gündən ağırlaşdı. Bir dəfə evdə oturmuşdum. Gəlib gördü ki, bikefəm.

Dedi:

- Bax, əsl qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Buna bir şey yazmaq lazımdı. 

- Canın sağ olsun. Həmişə belə olmayacaq ki...

“Qaçqın” şeirini o vaxt yazmışdı. 

Maarif idarəsi tərəfindən guya nəzərə alaraq ona qız məktəbində əlavə dərs verdilər. Molla oğluydu deyə, şəriət müəllimi təyin etdilər. Buna çox əsəbiləşdi. Ona baxmayaraq dərs deməyə getdi. Getməmək mümkün deyildi. Heç yerdən bir gəlir yox idi...

Cavid deyirdi:

-Sinifə girdim. Dedim, qızlar. Məni sizə şəritə dərsi demək üçün molla göndəriblər. Ancaq mən molla deyiləm. 

Qızlardan biri:

- Yox, biz istərdik ki, siz bizə ədəbiyyatdan dərs verəsiniz-dedi. 

- Mən də o fikirdəyəm, -dedim.

Bir neçə gün belə dərs dedim...

Bir gün müdir məni çağırdı:

- Cavid əfəndi, bu necə dərs verməkdi?

- Mənim şəriət dərsim budu.

O gündən dərs kəsildi. 

1920-ci ildə xəstələndim.

Bir gün kitablarından bir neçəsini ayırdı. Soruşdum:

- Onları neynirsən?

- Bir nəfər istəyib, ona verəcəm-dedi. 

Kitabları götürüb getdi. Bir neçə saatdan sonra gəldi. Mənim dərmanım, qənd, çay, çörək, ət...alıb gətirdi. Onda bildim ki, kitabları satdırıb. Çünki pulu olmadığını bilirdimş Amma çox fikirliydiş Çünki hər kitabı bir neçə dəfə əlinə alıb yerə qoyurdu.

Ağladım. Məni ağlayan görüb: 

- Adam dar gündə dözümlü olar. Həmişə belə olmayacaq ki-dedi. 

- Sən darıxdığın üçün ağladım...

- Keçib gedər, darıxma. Dar günün ömrü az, acısı çox olar. 

Amma özü daha çox qəmgin idi. 

Bir azdan uşaq da xəstələndi. Ağ yun parçadan kostyumu vardı. Onu istədi:

-Verim satsınlar... Ancaq daha ağlamayasan.

- Yox, daha ağlamaram. Uşaq xəstədi. Ona xüsusi yemək, dərman lazımdı. 

Uşağın biri öldü. Belə ağır bir vəziyyətdə Cavid üçün işləmək çox çətin idi. O ərəfədə yazdığı bir əsərini cırıb atdı:

- Belə bir ovqatda yazılan əsər heç nəyə yaramaz-dedi. 

Xeyli əziyyətlərdən sonra onu Darülmüəlliminə müəllim təyin etdilər. Get-gedə vəziyyət dəyişdi. 
Cavid sənətini çox sevirdi. Bir əsərinin üzünü dönə-dönə köçürərdi. Özü istədiyi kimi tamam hazır olmayınca, üzə çıxarmazdı. Əl yazısı nə qədər qatmaqarışıq olurdusa, üzünü köçürəndə də o qədər təmiz, səliqəli olardı ki, elə bir çapdan çıxıb. Dəftərin üstünə suçəkən kağız qoyardı ki, ləkə düşməsin. Əksərən gecələr işlər, gündüzlər üzünü köçürərdi. Yazı masası o biri evə keçən qapının yanındaydı. Evin quruluşunu dəyişmək mümkün deyildi. Ona görə də işlədiyi vaxt çox gir-çıx etməzdim. Uşaqları ona mane olmağa, səs salmağa qoymazdım. Bir gecə uşaqlar yatmışdılar, mən də oturub kitab oxuyurdum. Bir az sonra durub o biri evə keçmək istədim. Baxıb gördüm elə məşğuldu ki, keçmək mümkün deyil. Nə qədər yavaş keçsəm yenə fikri dağılacaq. Əl hərəkətləri ilə kiminləsə danışırmış kimi hərəkətlər edird.. Qayıdıb yerimdə oturdum. Kitabın vərəqini çevirməyə də ehtiyat edirdim ki, birdən fikri dağılar. Bir xeyli sonra ayağa qalxdı. Gördü ki, oturmuşam.

Soruşdu:

- Sən yuxusuz qaldın, niyə gedib yatmadın?

- Qıymadım. Sənin fikrini dağıtmaq istəmədim. 

- Bu gecə çox yaxşı işlədim. Onun da səbəbi sən oldun. Sənə qurban olum, sən olmasan, mən ölərəm. Həmişə belə deyərdi. Hər gün nahardan sonra bir-iki saat yatardı. İşləməyə başlamazdan əvvəl arada bir fincan tünd qəhvə içərdi, ayaqlarını isti suya qoymağı çox sevərdi. Özünün xəbəri olmadan hazır edərdim ki, əziyyət olmasın deyə, razı olmazd. O gün də belə etmişdim. Həmişə çalışardım ki, o, rahat olsun. İşləyən vaxt heç kim ona mane olmasın. 

Çox əsəbiydi. Deyirdi ki, sənin iki yox, üç uşağın var, özünə işarə edərdi, -biri lap cəncəl, nadincdi. Bir qonaqlığa, ya bir toya gedəndə deyərdi:

- Gec gedib, tez gələk. Adam da dörd-beş saat bir yerdə otura bilər?

Amma işlədiyi vaxt nəinki üç-dörd saat, ondan da çox oturduğu vaxtlar olurdu. 

İstirahətə və sağlamlığa fikir verərdi. Deyərdi: “Sağlam bədəndə sağlam fikir olar. Çürük ağacın çürük də meyvəsi olar. Geyimin sadə olmasının eybi yoxdu, mümkün qədər o da yerində olsa daha yaxşı”. 

Bir dəfə ayaqqabısı və kostyumu çox köhnəydi. Ha fikirləşdim necə edim ki, heç olmasa ikisindən birini ala bilim. Özünə deyndə cavab verirdi ki, özün bil, ancaq bazardan kəsmə, bir az gözlə. Bir qədər sonra gedib bir cüt ayaqqabı aldım.

Sabahı gün geyinib getdi. Evə gələn kimi dedi:

- Sağ ol ki, bu ayaqqabını aldın. Bu gün bir neçəsi dedi ki, bax, Cavid Əfəndi, bu sənə yaraşır, o nə idi geyirdin?

Mərdimazarlara, evyıxanlara lənət. Zaman gəldi, həmin ayaqqabıya pənah gətirdim. 
Yay mövsümündə, bağda üzümü dənəli, qabıqlı yeməyə qoymazdı. Deyərdi: “Tənbəllik içinizi alıb, hər gün belə etmək lazımdır”. 

Qəndlə şəkərə fərq qoyardı. Deyərdi: “Bəzən şəkər təmiz olmur. İmkan daxilində qənd al”. 

“Mümkün olaydı, bütün ehtiyacı olanlara kömək edə biləydim. Ən çətin iş odur ki, ürəyindən keçə, imkanın olmaya”. 

Cavidin bacısı deyirdi: “Hüseyn uşaq vaxtı çox nadincdi. Məktəbə gedəndə qonşu arvadların hamısı deyirdilər:
“Heç olmasa, gündə uşaqlarımız bir neçə saat rahat olarlar”. (Sakit oturduğu vaxtlar anası belə əzizləyirmiş: “Ay qara Hüseyn, göy Hüseyn, uşaqları döy Hüseyn”). 

O nadincliyindən yenə də qalmışdı. Gecə vaxtı bir yerdən gələndə danış bir qapıdan heçəndə qapını döyərdi. Uşaqlar nadinclik edəndə deyərdi: “Darıxma, nadinc uşaq yaxşıdı. Ziyanəvər, mərdimazar yox, ağıllı, xeyirxah olmalı”. 

Cavid ən dəyərli, qayğışkeş, qədirbilən bir ailə başçısıydı. Yadıma gəlmir ki, mən səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durar, onların çay-çörəklərini verib yola salardı...”

Ardı var...
Mənbə: “Hüseyn Cavid haqqında xatirələr kitabı”
Hazırladı:Vasif Əlihüseyn