CƏLLADSIZ EDAMLAR - Məzahir ƏHMƏDZADƏ yazır

MƏZAHİR ƏHMƏDZADƏ
2290 | 2023-09-28 21:05

Müəllifdən: Ölkədə intiharların artması haqqında yeni-yeni məlumatlar dolaşır. Xoşagəlməz haldır. Məsələyə hər yöndən ciddi müdaxilələr olmalıdır. Mən bu yazını bir dostun xahişi ilə “Metamorfoz” kitabımdan götürüb dərc etməyi vacib bildim. Dostum mənə izah edir ki, 8 il bundan əvvəl yazılmasına baxmayaraq indi də aktuallığını saxlayır. 

Təəssüf ki, belədir... 

Son illər sosial-iqtisadi inkişafın cəmiyyətə müəyyən nikbinlik təlqin etməsinə baxmayaraq, keçmişlərə nisbətən intihar və qətl hadisələrinin artması ciddi narahatlıq yaratmaqdadır. Biz uzaq okeanlarda balinaların, bəzən də delfinlərin kütləvi intiharlarına o qədər acıyır və bütün bunların səbəblərini öyrənməyə o qədər dərin maraq göstəririk ki, az qala ömrümüz boyu görmədiyimiz bu dəniz məməlilərini okeanşünaslar səviyyəsində tanıya bilirik. Heyvanlara sevgi və mərhəmətimizdəndirmi?

... Ölkədə isə hər ay orta hesabla 5-6 intihar hadisəsi qeydə alınır. Yeniyetmələr, gənclər, orta yaşlılar, hətta 80-85 yaşa qədər ömür sürənlər... Tanrı dərgahına hazırlaşan qocaların intiharı daha ağırdır, daha faciəvidir. Çox yaşamağın, uzunömürlülüyün, bütün bunların sonunda quruca bir varlıq kimi taqətdən düşüb bu dünyayla vidalaşmaq istəyinin çarəsi heç vaxt intihar ola bilməz. Balinalar da belə etməz. Guya ki, ekologiyanın pozulmasına etiraz olaraq kütləvi intihar təşkil edirlər. Əsl həqiqəti tapa bilməyən alimlərin uydurmasından başqa bir şey deyil.

Xarakiri də tamam ayrı fəlsəfədir - müasir intiharlarla əlaqəsi yoxdur.

Folknerin əsərlərində isə bənzər düşüncələrə rast gəlirsən və inanırsan ki, taqətsizlik 95-105 yaşlı insanı məhz bu cür danışdıra bilər: «İlahi pərvərdigar! Bu dünyadan bezdik axı. Bu qədər də yaşamaq olar?...» Vəssalam! Yoxsa ki, tez-tələsik kəndir və kətil axtarmaq? İnsan ömür boyu rahatlıq arzulayır. Ancaq hər dəfə Tanrısı ilə söhbət edə-edə buna nail olur.
Mən fikir vermişəm. Mətbuatımız da, sosioloqlar və digər qurum üzvləri də ölkədə baş verən intiharlara statistik məlumat və müəyyən qədər də mücərrəd faciə səviyyəsində diqqət yetirirlər. Səbəblər araşdırılmağa başlayan kimi yarımçıq qalır, unudulur. Bəzən bir çox məsələlər cəmiyyətdən gizlədilir də. Hələ də mentalitet və xahiş-minnətlər öz rolunu oynayır. Elə əsasən də biz özümüz, mətbuat işçiləri başqasının «dərdini təzələmək» istəmirik. Başa düşüləndir, ancaq...
Keçmişlərdə, lap elə yaxın keçmişin sovetlər dönəmində intihar hadisələri nadir hallarda baş verirdi. Adətən ruhi əsəb çatışmazlığı və iradəsi zəif olan qadınlar hansısa banal səbəb üzündən üstünə neft töküb kibriti çəkirdi. İnsanlar bu cür hadisələri eşidib dəhşətə gəlirdilər, uzun müddət bu faciədən danışırdılar.

Keçmişlərdə adi, sıravi adamların özünəqəsd faktı bəzən illərlə, onillərlə ara verib. Əksinə, yuxarı təbəqənin və məşhurların intiharları daha çox diqqət mərkəzində olub. Təbii ki, məşhurların intihar yolu ilə həyata vaxtsız vida etmələri uzun illər boyu danışılıb və danışılmaqdadır. İmpressionizmin dahi nümayəndəsi Van Qoqun, eləcə Mayakovskinin, Yeseninin,

Hemenqueyin... intiharı, Mayerlinq əhvalatı... Bunlar daha çox aristokrat intiharlar da sayıla bilər.
Qəfildən respublikamız timsalında fikirləşəndə ağrılı intiharlar sırasında ilk yadıma düşənlər Heydər Hüseynov, indi demək olar hamının unutduğu Sərdar Əsəd və mərhum qardaşımın tələbə yoldaşı Ülkərin faciələridir. Əliağa Kürçaylının qızı Ülkərin...

Sonra başqalarını da xatırlayacağam. Ancaq məqsəd bu deyil, məşhur və ya tanış intiharlardan məlumat xronologiyası hazırlamıram. Əsas məqamı diqqətə çatdırmaq    istəyirəm. İndi intihar edənlərin əksəriyyəti kasıb təbəqənin, müəyyən qədər də hələ formalaşmamış orta təbəqənin insanlarıdır. Uşaqlardan tutmuş qocalaradək! Mən demirəm ki, varlılar, ünlülər də bu bəşəri faciəyə qoşulsunlar. Allah qorusun! Ancaq ətrafımızda baş verən bu qeyri-adi ölüm hadisələrinə laqeyd qalmağa haqqımız yoxdur. Xüsusilə də mətbuatın. Ciddi müdaxilə lazımdır. Dolanışıq və kasıblıq mütləq bəhanə ola bilməz. Xatırlasaq çox kasıb və acınacaqlı dövrlər olub və heç o vaxtlar da indiki intiharların onda biri baş verməyib.
Cəmiyyətin bu dərəcədə biganəliyi də olmayıb!

Heç din xadimlərimizin də səsi çıxmır...


 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV