Ceyhun Bayramov Elena Şekerletovanı qəbul edib

30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Elena Şekerletovanı qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və s. aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın rolu qeyd edilib.
Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Bolqarıstan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini Elena Şekerletova rəhbərlik edib.