adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyun 2022 14:41
467
DÜNYA

Çin Uzaq Şərqə hücum etsə...

“Vajnıe istorii” saytı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədəki itkiləri, rus odursunun və hərbi-sənaye kompleksinin hazırkı durumu barədə geniş analitik yazıyla çıxış edib. “Adalet.az saytı mövzunun aktuallığını nəzərə alaraq həmin yazının kiçik ixtisarla tərcüməsini öz oxucuların nəzərinə çatdırır.

 

Ordu dəhşətli itkilər verir

 

“Biz artaq praktik olaraq insan itkisinə son qoymuşuq” – deyə Rusiya Dövlət Dumasının deputatı Andrey Kartapolov iyunun əvvəlində bildirmişdi. Onun sözlərinə görə Rusiya Müdafiə Nazirliyi mart ayından bəri həlak olmuş hərbçilərin adını açıqlamır (son dəfə onların sayının 1351 nəfər olduğu deyilmişdi), çünki “artıq elə sayda ölüm halı yoxdur.” Ancaq “Vajnıe istorii” saytı aydınlaşdırıb ki, müharibənin 4-cü ayına kimi Rusiya ordusu döyüşlərdə öz şəxsi heyətinin 2 faizindən 4 faizinə qədərini itirib. Britaniya kəşfiyyatı mayın axırında itkilərin sayının 15 min nəfər olduğunu bəyan eləmişdi ki, bu d yuxarıdakı göstəricinin ən aşağı həddi, yəni 2 faizi deməkdir. SSRİ – nin on il davam edən Əfqanıstan müharibəsindəki itkilərinin sayı da bu qədər olmuşdu. Rəsmi məlumata görə keçən əsrin sonlarındakı hər iki Çeçen müharibəsində isə ümumilikdə 11 min nəfər rus hərbçisi öldürülmüşdü.

Ukrayna ordusu Baş qərrargahının iyunun 19-a olan məlumatına görəsə Rusiya artıq 33 min nəfər hərbçi, yəni bütün ordusunun 4 faizini itirib. Xatırladaq ki, Ukrayna tərəfi itkilər siyahısına ölənlərlə yanaşı ağır yaralıları da daxil edir.

“Ordu dəhşətli itki verir. Adam elə bir yara ala bilər ki, döyüş qabiliyyətini birdəfəlik itirər. Məsələn, barmağı kəsilmiş adam bir də döyüş meydanına qayıtmayacaq” – deyə Ukrayna tərəfinin məlumatlarının şişirdilməsi fikriylə razılaşmayan hərbi ekspert Pavel Luzin bildirir.

İtkilərlə bağlı bu rəqəmləri Rusiya hakimiyyətinin rəsmi açıqlamaları, mediada dərc olunan informasiyalar və hərbçilərin yaxınlarının məlumatları əsasında “Vajnıe istorii” saytı da təsdiqləyir. İyunun 15-ə kimi 3677 məlumat yoxlanılıb və təsdiqini tapıb. Bu rəqəm real itkiləri əks etdirmir və Rusiya ordusunun şəxsi heyətinin 1 faizindən də azını təşkil edir. Amma hətta bu da Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlardan təxminən üç dəfə çoxdur.

Hərbi ekspert Pavel Luzin hesab edir ki, məlumatlarda müharibənin bütün statistikası öz əksini tapmayıb. “İtkilər ölən və ya yaralananlarla məhdudlaşmır, qalanlara da təsir edir. Artıq ordudan müqaviləli əsgərlərin böyük axını başlayıb. Hamı itkiləri görür və təbii ki, heç kim ölmək istəmir”, - Pavel Luzin deyir. - İnsanlar ikütləvi şəkildə tərxis olunurlar: təkcə hərbçilər deyil, polislər də döyüşə göndəriləcəyindən ehtiyatlanırlar. Müharibədəki itkilər və müqavilə bağlamayan köhnə çağırışçıların qovulması aktiv qüvvələrin ümumi gücünün azalmasına gətirib çıxarır. Ona görə də Rusiya indi bütün qüvvələrini Severodonetskdə (Luqansk vilayətində) cəmləyib – bundan daha çoxunu əhatə edə bilmirlər”.

Rusiya ordusunun ümumi vəziyyətinə Ukrayna rəhbərliyinin itkiləri də təsir edir. “Mediazona” saytının məlumatına görə, iyunun əvvəlinə Ukraynada 581 zabit həlak olub. Bunlar yalnız ölümləri ictimaiyyətə məlum olanlardır. “Ölən generalların, polkovniklərin, mayorların, polkovnik-leytenantların yerinə başqalarını tapmaq da problemdir. Yüksək və böyük zabit heyətinin yerini kiçik zabitlər – leytenantlar, kapitanlar tutur ki, bu da nizamsızlığa gətirib çıxardacaq və gələcəkdə çoxlu yeni gənc generallarımız olacaq. Bu isə heç də yaxşı şy deyil. İndiki generallar sovet hərbi məktəblərində oxuyublar, onların sistemli dünyagörüşü var... İndikilərsə deqradasiyaya uğramış hərbi təhsil sisteminin yetişdirdiyi kadrlardır – Luzin hesab edir.

Ehtiyatda olanlar (2021-ci ildə onların sayı 2 milyon nəfər idi) şəxsi heyətin sıradan çıxması ilə bağlı vəziyyəti düzəldə bilməyəcəklər. Pavel Luzinin sözlərinə görə, onlar ancaq kağız üzərində mövcuddurlar: “Bu rəqəmə müəyyən yaşda hərbi xidmətdən keçmiş, rəsmi olaraq ehtiyatda olanlar, əslində isə nominal ehtiyatda olanlar daxildirlər. Əsl ehtiyatda olan şəxs döyüş qabiliyyətini artırmaq və yenilikləri mənimsəmək və s. üçün mütəmadi olaraq əlavə təlim keçməlidir. Sovet ordusu bu səfərbərlik modelini 70-ci illərin sonuna qədər davam etdirdi, ancaq ondan sonra bir neçə onilliklər ərzində bu iş aparılmadı.

Tankların və zirehli texnikanın bərpasına illər lazım olacaq

Döyüş meydanında Rusiya hərbi texnikasının itkilərinə gəlincə, bu müharibənin ən ağır zərbəsi tanklara və zirehli texnikalara dəydi. Bu sahə Rusiya ordusunun əsas silahlanma növüdür. Hesablamalara görə, Rusiya ordusu bütün döyüşə hazır tanklarının 23-faizindəndən 4 faizinə qədərini, və zirehli texnikasının 8-faizindən 19 faizinə qədərini itirdi. Bu qədər avadanlığın bərpası üçün Rusiyaya illər lazım ola bilər.

İtirilmiş texnikanın foto və videolarını təhlil edən Oryx layihəsinin məlumatına görə 785 tank (23%) və 1549 (8%) zirehli texnika sıradan çıxarılıb. Conflict Intelligence Team analitiklərinin fikrincə, bu rəqəmlər müharibənin ən azı ilk iki ayında real itkilərin təxminən 70-80%-ni əks etdirir. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, mayın sonunda Rusiya ordusu 1000 tank itirib ki, bu da Rusiyanın malik olduğu bütün aktiv tankların 29%-ni təşkil edir.

Eyni zamanda, Ukrayna tərəfi bildirir ki, Rusiya artıq işğal üçün ilkin olaraq ayırdığı tank və zirehli texnikanı itirib.

CIT analitiki Kirill Mixaylov deyir ki, avadanlıqların real itkiləri yenə də Oryx və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarının ortadasındadır. Digər hərbi ekspert Pavel Luzin Ukraynanın məlumatlarına inanmağa daha çox meyllidir: onun fikrincə, onlar hərbi texnikanın vurulması faktını qeydə alırlar ki, bu da zədələnmiş texnikanın foto və videolardan qeydə alınmasında daha etibarlı nəticələrə gətirib çıxara bilər.

Rusiya ordusunun ehtiyatında və ya konservasiya adlanan yerdə 10 mindən çox tank var, lakin onlara etibar etmək çətindir. CIT analitiki Kirill Mixaylovun sözlərinə görə, ehtiyatda olan bütün avadanlıqlar birbaşa istifadəyə uyğun deyil, onları qısa müddətdə bərpa etmək də çox çətindir.

“Rusiyanın anbarlarda saxlanan texnikası modernləşdirilməyib, avadanlıqların hamısı 1980-ci ildən əvvəlin istehsalıdır. Sovet cihazlarından necə istifadə edəcəyini bilməyən bir adamı köhnə tankın sükanı arxasına oturda bilməzsiniz. Eyni şey zirehli maşınlara da aiddir. - Onları döyüşə hazır vəziyyətə gətirmək üçün yeni istilik kamerası, radiostansiya, mühərrik qoymaq lazımdır” - deyə Pavel Luzin bildirir.

Rusiyanın tank və zirehli texnika parkını müharibədən əvvəlki səviyyəyə qaytarmaq illərlə çəkə bilər, lakin sanksiyalara görə bu, ümumiyyətlə, nəticə verməyə də bilər. Luzin deyir: “2011-ci ildən sonrakı son onillikdə Rusiya hər il 150-160 tank və 500-ə yaxın digər zirehli texnikanı modernləşdirərək istehsal edib. Bu texnikanın Ukrayna ilə müharibədə itkilərini nəzərə alsaq, onun bərpası üçün beş-yeddi il lazım gələcək. Amma modernləşdirmənin xaricdən gətirilən elektron komponentlərdən istifadə edilməklə həyata keçirildiyni nəzərə alsaq ( məsələn, T-72 tankında Thales termal görüntüləmə nişangahları quraşdırılıb), idxal qadağası vəziyyətində bu mümkün olmayacaq".

Zavodların 10 illik istehsal həcmi qədər raket istifadə olunub

İyunun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya qoşunları artıq ölkəyə 2500-dən çox raket atıb, onların əksəriyyəti mülki hədəfləri vurub. Müsahibə aldığımıız hərbi ekspertlərin fikrincə, həmin tarixə qədər Rusiya öz ehtiyatlarının üçdə ikisindən istifadə edib ki, bu da raket zavodlarının 10 illik istehsal gücü deməkdir.

“Rusiyanın iki növ raketi var: sovet və postsovet,”- Pavel Luzin izah edir. - Sovet raketləri artıq tükənir və heç kim onları bir daha istehsal etməyəcək. Məsələn, Sovet İttifaqından miras qalmış X-555 və X-22 qanadlı raketləri tükənəcək, onlardan artıq yoxdur. Rusiyada istehsal olunan raketlərin sayı (İskəndər, Kalibre, Oniks və başqaları) ildə hər növdən 50 ədəddən çox deyil. Buna görə də hesab edirəm ki, 2011-ci ildən bəri maksimum 2 min raket istehsal edilib, üstəlik, anbarda minə yaxın sovet raketi var. Bunlardan 2000-dən çox raket artıq buraxılıb - bu, bütün ehtiyatların üçdə ikisidir.

Bundan əlavə, ehtiyatda olan bütün raketlərdən istifadə olunması da mümkün deyil. “Şimal Donanmasının, Sakit Okean Donanmasının, strateji aviasiyanın ehtiyacları var ki, onlara toxunmaq olmaz. Nüvə silahından çəkindirmə doktrinası var və siz deyə bilməzsiniz: “Biz Lvov və ya Kiyevi bombalamağa uçuruq”. O zaman sizin bütün nüvə silahından çəkindirmə doktrinanız məhv olacaq” - Luzin deyir.

Hərbi ekspertin sözlərinə görə, Rusiya Ukrayna ərazisindəki raketlərdən istifadə eləməyə davam etsə də, mərmilərin intensivliyi xeyli azalıb: “İndi gündə 3-4 raket göndərirlər. Onlar qarşı tərəfi demorolizə etmək üçün hava terrorunun müəyyən tempini saxlamağa çalışırlar: hər gün hava hücumu olsun, qorxsunlar, rusların sonsuz silahları olduğunu düşünsünlər. Ancaq zavodların on illik istehsalı israf olunub, Rusiya hərbi sənaye kompleksinin hələlik başqa on ili yoxdur”.

Raket zavodları xaricdən gətirilən avadanlıqlardan istifadə etdiyi üçün Qərbin şəraitində istehsal çətinləşə bilər. “İdxal olunan avadanlıq xarab olur və tükənir. Ya onlar nəyin bahasına olursa-olsun istehsal tempini saxlamağa çalışacaraq (bu vəziyyətdə də zay məhsulun miqdarı çoxalacaq), ya da istehsal sürətini azaltmağa başlayacaqlar”, - Luzin deyir. - Bu ona gətirib çıxarır ki, Rusiyanın 23 fevral 2022-ci il tarixinə olan hərbi gücü artıq əlçatmaz olaraq qalacaqidealdır. Əlbəttə, il ərzində hər növdən daha 50 raket istehsal oluna bilər, lakin bu, 2000 raketi geri qaytarmayacaq. Bu rəqəm Ukraynaya problem yaradacaq, lakin Rusiyanın qələbəsini təmin etməyəcək. Hələ məsələnin başqa dəhşətli tərəfi də var: 2030-cu ilə qədər Rusiyada hərbi sənaye kompleksindən əsər-əlamət qalmayacaq. Sanksiyalar onu məhv edəcək”.

"Sovet ehtiyatları tükənir"

Artilleriyaya gəlincə “Vajnıye istorii”-nin məlumatına görə Rusiya artıq bütün sursat ehtiyatının 16 faizini itirib. Döyüş meydanlarından çəkilmiş foto və videolara görə itkilərin 5faizi qeydə alınıb. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə Rusiya artilleriya silahlarının 6 faizini, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə isə 1faizini itirib. “Artilleriyada əsas problem mərmidir. Sovet ehtiyatları tükənmək üzrədir” – deyə Pavel Luzin deyir.

Həmin tərəflərin məlumatına əsasən müharibənin dördüncü ayına qədər Rusiya əvvəlcə Ukraynanın işğalı üçün ayırdığı artilleriyasının 18-45 faizini itirlb.

Conflict Intelligence Team analitikləri deyirlər: “Rusiyanın pilotsuz təyyarələrin itkisini necə ödəyəcəyi bəlli deyil, orada çoxlu idxal elektronikadan istifadə olunur və əsas sual onun analoqlarını tapmağın mümkün olub-olmamasıyla bağlıdır”. Rusiya müharibədə ölkə ilə xidmətdə olan bütün dronların 4-faizdən 30 faizə qədərini artıq itirib.

Bundan əlavə, Ukrayna ilə müharibə Rusiyanın Hərbi Hava Qüvvələri donanmasını zəiflətdi: ölkə bütün təyyarələrinin 2 -14, helikopterlərininsə 3-12 faizə qədərini itirdi.

Rusiya dəniz texnikası ən az itki verdi: ölkə hərbi-dəniz potensialının 1-2 faizini itirdi - bu, hərbi gəmilərin və işğal üçün nəzərdə tutulmuş digər gəmilərin 12- 17 faizidir.

Rusiya Ukraynadakı itkiləri nəzərə alsaq, digər ölkələrə müqavimət göstərə biləcəkmi?

Hərbi ekspertlər deyirlər ki, Rusiya bu müharibədə artıq o qədər insan və texnika itirib ki, indi başqa dövlətlər hücum etsələr, cavab vermək asan olmayacaq. “Rusiyanın quru ordusu demək olar ki, tam gücü ilə Ukraynaya cəlb olunub. İndiki vəziyyətdə Çin birdən Uzaq Şərqi almaq istəsə o zaman Rusiya nüvə silahı olmadan bunun öhdəsindən gələ bilməyəcək”, -deyə Pavel Luzin bildirir.

“Hazırda hər hansı bir ölkənin Rusiyaya hücumu qeyri-mümkündür, lakin indiki vəziyyətdə, məsələn, heç Şimali Koreyanın öhdəsindən gəlmək son dərəcə çətin olardı, - Bunu isə CIT analitiki Kirill Mixaylov deyir. - Digər tərəfdən, Rusiya özü Ukraynada müharibəni davam etdirdiyi şəraitdə nəinki Finlandiya, heç Estoniyaya girə bilməz. NATO-ya üçün ciddi təhlükə yaratmaq üçün Rusiyaya ordunun yenidən qurulması və hərtərəfli islahatlar, bundan ötrüsə illər lazımdır”.