adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 10:27
61
MÜSAHİBƏ
A- A+

C.Marinaj: “Qaranlıq aydınlığın yonulduğu materialdır”

Hörmətli oxucular! Tanınmış özbək şairi və jurnalisti, Azərbayan ədəbiyyatının   tədqiqatçı və təbliğatçısı Cahangir Namazovun müasir dünya ədəbiyyatının ünlü nümayəndələrindən alban əsilli amerikan şairi Cek Marinajla müahibəsini sizə təqdim edirik. C.Marinaj şair, yazıçı, ədəbi tənqidçi, naşir, fəlsəfə doktoru və tərcüməçidir. O, müasir dünya ədəbiyyatnda “protonizm nəzəriyyəsi” kimi tanınan bədii tənqid üsulunun banisidir.

Cahangir Namazov: Müsahibəmizin Azərbayanda dərc olunacağını nəzərə alıb, gəlin söhbətimizə Azərbaycan ədəbiyyatından başlayaq.

 

Cek Marinaj: Azərbayan ədəbiyyatının da bir çox xalqların ədəbiyyatı kimi, məncə, əyalət çərçivələrini qıraraq, dünya ədəbiyyat meridianlarına çıxmasıan ehtiyac var.  Bugünkü dünya qlobal dünyadıır. Gərək yazarlar öz əsərlərini dünya oxucusuna hesablasınlar, dünya insanını maraqlandıran mövzular və üslublara üz tutsunlar. 

 

C.N: Albaniyada keçirdiyiniz uşaqlıq illəri ilə ABŞ-dakı yaradıcı həyatınızı müqayisə etdikdə, daxili aləminizdə hansı fərqləri hiss edirsiniz?

 

C.M: İçimdə iki mənzərə var. Birincisi, doğma dağların daş sükutudur. Bu sükut özünəməxsus sintaksisə malikdir. Külək isə gənc şairin ilk poetik ifadələrinin redaktoru funksiyasını yerinə yetirir. O dövrün Albaniyası məhdudiyyətlər məktəbi idi -  siyasi, iqtisadi və leksik məhdudiyyətlər. Ehtiyatlılıq nitqimizi formalaşdırırdı, metafora isə yalnız bədii seçim deyil, həm də sığınacaq idi. İlk açıq risklərim -  “Atlar” şeirimdə olduğu kimi -  tarixə toxunma cəhdlərim hər cümlənin arxasında at nallarının səsini eşitməyi, bir obraz üzərində tarixin təzyiqini duymağı mənə öyrətdi. İkinci mənzərə isə Amerika səhifəsidir - geniş, çoxsəsli və bəzən çaşdırıcı dərəcədə sərbəst. Burda “mən” anlayışının öz lüğəti, öz dialektləri var. Xarici senzorlardan azad olan daxili dünya artıq öz diqqət və məsuliyyət etikası ilə yaşamalıdır. Mən bunu “Protonizm intizamı” adlandırıram. İstər mətn, istər həyat, istər mədəniyyət olsun -  başlanğıcı canlı olandan götürməli, inkarın elektron”undan çox,  “möhkəm proton”u üstün tutmalı, sorğudan həqiqətə doğru, dağıtmaq yox, qurmaq niyyəti ilə irəliləməlidir. Albaniya mənə şifahi yaddaşın ritmini və hər sözdəki mənəvi məsuliyyəti, Amerika isə həmin ritmi müxtəlif səslərlə yoxlamaq və üfüqü genişləndirmək imkanı verdi. Əslində, daxili dünyam iki hal arasında hərəkət edir: dağların sərt işığından öyrəndiyim ayıqlıq və sinif otaqlarında, redaksiya masalarında formalaşan səxavət. Son işlərimdə hər iki coğrafiya var: Əgər bir cümlə ilə ifadə etməli olsam, belə deyərdim: albaniyalı uşaq mənanın içində sağ qalmağı öyrəndi, amerikalı yazıçı isə onu böyütməyi öyrənir.

 

C.N: Sizcə, bugünkü  dünyada insanlığın ən böyük mənəvi problemi  nədir?

 

C.M: Ən çox rastlaşdığım şey diqqət aclığıdır. Bizdə fikir və istəklərin çatışmazlığı yoxdur; əksinə, çatışmayan şey, bir başqasına yetərincə diqqətlə baxa biləcək, beləliklə də şəfqətin məsuliyyətə çevrilməsinə imkan verəcək intizamlı baxışdır. Elə buna görə də, protonizmə görə, söhbət əvvəlcə bir əsərdə və ya bir insanda estetik, intellektual və əxlaqi baxımdan baş verən nələr varsa, onlardan başlamalıdır, sonra isə çatışmazlıqları sadalamaq lazımdır. Boşluq sadəcə iman və ya sevgi yoxluğunda deyil; bu, baxmaq, dinləmək və sonra qurmaq bacarığını itirmiş bir etik duyğunun solmasıdır.

 

C.N: Belə demək olarmı ki, məhz bu həyat təcrübələri sizi protonizm nəzəriyyəsini formalaşdırmağa sövq edib?

 

C.M: Əlbəttə, çünki protonizm seminar otağında yaranmayıb. O, böhranlardan süzülüb ortaya çıxıb. Postkommunist Albaniyasında mən sözün həm bədəni necə təhlükəyə atacağı, həm də bir xalqı oyada biləcəyini öyrəndim. “Atlar” şeirim çıxanda onun avtoritar “sürü instinkti”nə qarşı satirası həm gizli alqışlar, həm də rəsmi qəzəblə qarşılandı. O göstərdi ki, dil insan ləyaqətini ya əsarətdə saxlaya, ya da azad edə bilər. Sonra dağlardan qaçdım. Qorxu, qətiyyət və “biz” deməyin qiymətini öyrədən bir təhsil məni bir sualla üz-üzə qoydu: hansı tənqid həyatın yaşamasına kömək edir? Amerikaya çatanda mən başqa bir qütblə qarşılaşdım -  burda intellektual müzakirələrdə bəzən hər şeyi tənqid etmək və dağıtmaq dərinlik hesab olunurdu. Çoxlu rəy və məqalə gördüm - ritorik baxımdan parlaq, amma sosial baxımdan son dərəcə sönük. Belə tənqidlər tənqidçinin parıltısını artırır, amma əsərin oxucu və mədəniyyət üçün mümkün xidmətini azaldırdı. Protonizm bu vəziyyətə bir düzəliş kimi meydana gəldi: tənqidçidən tələb olunan metod əvvəlcə mətnin həyatverici elementlərindən başlamaq, sonra tənqid sərhədlərinə keçmək, beləliklə, verilən hökmü nümayişə deyil, mədəni məsuliyyət aktına çevirməkdir. Formal olaraq, protonizm beş əsas istiqamət üzərində formalaşıb: protonizmiotika, bərpa, araşdırma, həqiqət və əxlaq. Bunların hər biri əsərdə estetik, intellektual və əxlaqi baxımdan həyatvrici  elementlərə diqqəti yönəltmək üçün nəzərdə tutulub, yalnız bundan sonra  çatışmazlıqlar qeyd olunur.  Amma bundan məqsəd əsla sadəlövh tərif deyil.  Məqsəd inkarın asan cazibəsinə qarşı duran ardıcıl diqqətdir.

 

C.N: Bununla belə, müxtəlif mədəniyyətlərdən olan oxucular protonizmi fərqli qəbul edir. Nəzəriyyəniz Şərq və Qərbdə necə qarşılanır, fərqlər varmı?

 

C.M: Əslində, cazibə mərkəzi eynidir, fərq yalnız orbitlərdədir. Əgər bir fərqdən danışmaq lazımdırsa, bu, ton fərqidir, mahiyyət fərqi deyil. Şərqdə protonizm çox vaxt tədris və davranış etikası kimi qəbul olunur.  Qərbdə isə o, çoxsəsli tənqid içində fəlsəfi bir mövqe kimi müzakirə edilir. Hər iki yol eyni məqsədə xidmət edir - mətndə həyatın başladığı nöqtədən başlamaq və ehtiyatla həqiqətə doğru irəliləmək.

 

C.N: Məncə, oxucularımızın çoxu bilir ki, protonizm ədəbiyyatda “müsbət” anlayışını vurğulayır. Amma qaranlıq, ağrı və faciə ilə üzləşmədən böyük sənət mümkündürmü?

 

C.M: Protonizmdə “müsbət” heç də qaranlığı inkar etmək deyil. O, intizamlı işıqla qaranlığa daxil olmaqdır. Böyük sənət əzabdan üz çevirmir — o, predmetə daha uzunmüddətli, daha dəqiq və daha məsuliyyətlə baxır. Az öncə dediyim kimi, protonizm tələb edir ki, tənqidin ilk addımı əsərdə uğursuzluqdan öncə, həyatverici cəhətlərə yönəlmək olmalıdır. Qaranlıq hər mərhələdə mövcuddur, amma heç vaxt son məqsəd deyil; o, aydınlığın yonulduğu materialdır.

 

C.N: Ədəbiyyat üzrə Nobel mükafatına bir neçə dəfə namizədliyiniz irəli sürülüb. Bu gün də potensial namizədsiniz. Bəzi tənqidçilərin fikrincə,  bu mükafatın verilməsinə  siyasi amillərin təsiri var. Fikrinizcə, siyasi  amil ədəbi faktın dəyərini verməyə qabildirmi?

 

C.M: Mükafatlar hava hadisəsidir, ədəbiyyat isə iqlim. Mən bu sürət əsrində kitabları yaddan çıxarmayan hər bir quruma minnətdaram, amma ədəbiyyatın dəyərinin institutların küləyindən asılı bir referendumla verilməsini istəmirəm. Bununla belə, mədəni institutların tarixdən kənarda dayandığını iddia edə bilmərik,  onlar həm işıq saçır, həm də kölgə salır. Bəs, ədəbiyyatın gücünü necə ölçməliyik? Əvvəlcə əsərin oxucu düşüncəsi və cəmiyyətdə nələr elədiyinə baxmaq lazımdır.  Qavrayış aydınlaşmalı, vicdan genişlənməli, düşüncə daha tələbkar olmalıdır. Sonra bu qazancları həqiqət və zaman qarşısında sınamalıyıq. Siyasi təsir bəzən görüntünü sürətləndirə bilər, amma davamlılığı təmin edə bilməz.

 

C.N: Müasir ədəbi mənzərədə romanlar və hekayələr daha çox oxucu cəlb edir, poeziya isə daha dar bir çevrəyə xitab edir. Sizcə, poeziyanın gələcəyi necə olacaq?

 

C.M. Poeziyanın heç vaxt çoxluğa ehtiyacı olmayıb. Onun ehtiyacı intensivliyədir. Roman çox zaman izdiham toplayır, şeir isə vicdanı tərbiyə edir. Mən poeziyanın gələcəyini dəqiqlik və mövcudluğun birliyində görürəm. O elə bir dil olmalıdır ki, sürətlə səs-küyləşən dünyada insanlıq ölçüsünü bərpa edə bilsin. Bu gələcəyi üç meyl formalaşdıracaq: səsə qayıdış; formanı itirmədən formatlararası keçid; etik tənqidin mədəni oksigenə çevrlməsi. Məncə, poeziyanın oxucu auditoriyası az qalacaq, amma onun təsiri daha dərin və nəticəli olacaq. Onun “səlahiyyət dairəsi” hələ çox genişdir.

 

C.N: Yapon haykusu, ərəb qəsidəsi, türk dastanı, yunan faciəsi -  bu qədim janrlar müasir poeziyanı necə zənginləşdirə bilər?

 

C.M: Bu formaların hər biri hələ də insan ovqatına mükəmməl köklənmiş qədim musiqi alətidir. Hayku qısalığı idrak forması kimi təqdim edir -  dəqiqlik və mövsümi şüur vasitəsilə. Ərəb qəsidəsi əvvəl itkidən danışır, sonra yol göstərir və sonda insanları birləşdirən fikrə gətirən hərəkət modelidir. O bizə göstərir ki, məhdudiyyət bəzən genişlik yarada bilər. Türk dastanı soy, təbiət və qanunu birləşdirir, müasir poeziyaya “biz” sözünü “mən”i itirmədən saxlamağı öyrədir. Yunan faciəsi isə xorun qarşılıqlı oyunu, tanıma, katarsis kimi elementlərlə bağlı dramaturji zəka və  ziddiyyətləri səhnəyə çıxarmaq cəsarətinə sahibdir.

 

C.N:  Müasir ədəbiyyatşünaslığın ən böyük zəifliyi nədir?

C.M: Üç təkrarlanan qüsur var: inkarı metod kimi qəbul etmək; qavrayışdan çox nümayişə yönəlmək; məsuliyyətsiz etika. Çoxlu tənqid mətndəki ən zəif nöqtədən başlayır, orda tonqal yandırır, şəxsiyyət oyununu qavrayışla səhv salır,  mənəvi dili qayğıdan ayırır. Çarə isə intizamlı diqqət ardıcıllığıdır, yəni mətndə həyatın başladığı yerdən başlamaq, onun ən yüksək cəhdini bərpa etmək, sorğulamaq, həqiqətə qarşı sınamaq və yalnız bundan sonra etik mühakiməyə keçmək.

 

C.N:  Müasir oxucular ədəbi əsərlərdə ən çox nə axtarır: mənəvi sakitlik, həqiqət, yoxsa süjet?

 

C.M: Oxucular istiqamət tapmaq üçün gəlirlər. Süjet - zaman içində ardıcıllıq, həqiqət -  reallıqla təmas, mənəvi sakitlik - insani sükutun təzyiqidir. Ən təsirli kitablar bu üç elementi bir-birinə hörür, elə bir diqqət nizamı yaradır ki, qavrayış yaşanıla bilən bir hal alır.

 

C.N: Gələcəkdə bəşəriyyətin Sizdən hansı ədəbiyyatı gözlədiyini düşünürsünüz?

 

C.M: Əgər mən insanlığa faydalı olmaq istəyirəmsə, gələcək kitablarım aydınlıq gətirməli, təsəlli verməli, mürəkkəblik qatmalı və öhdəlik daşımalıdır. Aydınlıq – dəqiq cümlələrlə,  təsəlli – cəsarəti möhkəmləndirməklə,  mürəkkəblik – incəlikləri bərpa etməklə,  öhdəlik – dili ictimai xidmət kimi dəyərləndirməklə baş verir. Formal baxımdan bu o deməkdir ki, şeirlər həm qulaqda, həm səhifədə yaşamalıdır; nəsr parıltısız, lakin istiliklə dolu olmalıdır; tənqid isə bir növ qəyyumluq kimi davranmalıdır.

 

C.N: Fikrinizcə, XXI əsrin ən  böyük mənəvi böhranı nədədir?

 

C.M: Ən dərin böhran  diqqətsizlikdir,  yəni insan baxışının o qədər zəifləməsi ki, artıq heç nə onun diqqətini yetərincə cəlb edə bilmir və məna daşımır. Diqqət dağılarsa, vicdan da onunla birlikdə çökməyə başlayır. Bunun dərmanı görmək və demək vərdişlərini elə tərbiyə etməkdir ki, diqqətin ölçü və dəyəri təcrübəyə yenidən qaytarılsın. Ədəbiyyatın vəzifəsi bu diqqəti vicdanla birləşdirərək öyrətməkdir.

C.N: Sufi ədəbiyyatının əsas ideyası “nəfsin saflaşdırılması və mənəviyyatın ucaldılması”dır. Müasir ədəbiyyat bu sufi ruhundan məhrumdurmu?

 

C.M: Əgər sufi ruhundan məqsədimiz qəlbin aydınlığına doğru nizamlı bir səyahətdirsə, bəli, müasir ədəbiyyat bəzən bunu səs-küy və nümayiş arasında unudur. Sufi modelinə görə dil xatırlamaq və məsuliyyət daşımaq vasitəsidir. Protonizm isə bu meyli əsərdə həyatverici nöqtədən başlayaraq, araşdırma yolu ilə həqiqətə doğru irəliləmək və qayğı etikası ilə davranmaqla birləşdirir.

 

C.N: Qloballaşan dünyada gənclər sürətli informasiya axınında yaşayırlar. Onları necə yenidən klassik, əbədi ədəbiyyatla birləşdirmək olar?

 

C.M: Klassikanı daha gur səsləndirməyə ehtiyac yoxdur — onu daha yaxın etmək lazımdır. Həyatdan başlayın, bioqrafiyadan yox. Qədimi olanı təcili olanla qoşalaşdırın. Formanı düşüncə üsulu kimi öyrədin. Böyük evlərə kiçik qapılardan daxil olun. Protonist oxumağı məşq edin. Yaddaşı yenidən dəbə çevirin. Tərcümə edin. İctimai ayinlər qurun. Axına uyğun dizayn edin, amma dərinliyi çatdırın. Və həqiqətən vacib olanı öyrənin, ötərini, xırdaçılığı deyil.

 

C.N: Bu gün süni intellekt həyatımızın demək olar ki, hər sahəsinə nüfuz edib. Sizin fikrinizcə, bu texnoloji inqilab insan yaradıcılığı və düşüncəsinin mənəvi dərinliyini necə dəyişir?

 

C.M: Hər yeni alət diqqətin öyrənilmə qaydasını yenidən yazır. Süni intellekt – ən yaxşı halda baxış dairəmizi genişləndirə bilər. O, səsləri yenidən üzə çıxarmaq, arxivləri yan-yana düzmək, fərqinə vara bilməyəcəyimiz nümunələri modelləşdirmək imkanı yaradar. Bu şəkildə o qavrayışı əvəz eləmir, onun dayağı olur – kitabxana və ya mikroskop sayağı duyğularımızı genişləndirən vasitə kimi çıxış edir. Təhlükə maşının ağlında deyil, bizim görmək və demək əzələlərimizi tənbəlliyə təhvil verməyimizdədir. Rahatlıq bizi mühakiməni cilalayan zəhmətdən imtina etməyə sövq edir. Yaradıcılıq baxımından süni intellekt qədim bir həqiqəti kəskinləşdirir: forma  təzyiq altında verilən seçimdir. Qaralamalar sonsuz və ani olduqda sənətkarın işi daha çox seçmək və vicdanla davranmaq üzərində cəmlənir. Nəyi saxlayacaqsınız və niyə? Hansı cümlə reallığın ağırlığını daşıyır, hansı isə ehtimalın parıltısını? Mətn bollandıqca etik məsuliyyət də bir o qədər dəqiqləşməlidir. Böyük əsərləri fərqləndirəcək şey artıq yenilik deyil, seçimin dürüstlüyü olacaq, yəni insan ağlının alətlərin çağırdığı materialı necə və nə məqsədlə düzənləməsi. Ruhani baxımdan bu inqilab varlığın sınağıdır. Əgər süni intellektə büt kimi yanaşsaq, ikinci dərəcəli baxışların toplayıcısına çevriləcəyik,  daxili dünyamız xəbər lentinə bənzəyəcək,  məşğul, məlumatlı, amma çəkisiz. Ona nizamlı alət kimi yanaşmalıyq. Yəni tələsmədən oxumaq, cümlə həqiqəti deyənədək düzəliş etmək, bir insanı o qədər dinləmək ki, qayğı məsuliyyətə çevrilsin. Protonist baxımdan: alətin dəstəkləyə bildiyi həyatverici tərəfdən başlayın, sonra sorğu ilə həqiqətə doğru gedin və sonda yalnız insanın verə biləcəyi etik hökmə çatın. Ona görə də mən maşından qorxmuram, unutqanlığımızdan qorxuram. Çəkic heykəli yaratmır, o, sadəcə, onun yaranmasına şərait yaradır. Süni intellekt çəkic kimidir. İnsan isə hansı fiquru, kim üçün və hansı bahaya oyacağını bilən əldir.

 

C.N: Azərbayan ədəbiyyatının gələək inkişafıını necə görürsünüz?

 

C.M: Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı xəzinəsinə zəngin mənəvi pay verib. Bu fikrin təsdiqi kimi orta çağ intibah poeziyasıının böyük nümayəndəsi Nizaminin yaradıcılığını yada salmaq yetərlidir. Şərq şeiri və hətta romançılığı son min ildə Nizami Gəncəvi yaradıclığı ilə qırılmaz surətdə bağlı olub. Özündən sonrakı bütün böyük Şərq şairləri onun yoluyla gediblər. Əminəm ki, müasir Azərbaycan ədəbiyyatının yeni yüksəlişi məhz bu özül üzərində baş tuta bilər.

 

Müsahibəni ingilis dilindən Əsəd Cahangir tərcümə edib