23 May 2025 09:04
146
LAYİHƏ

ÇOX AZ MİLLƏTİN AZƏRBAYCANLILAR  QƏDƏR BÖYÜK ÜRƏYİ VAR

Hansı millətin, hansı  xalqın nümayəndəsini dindirsən, danışdırsan özləri haqqında yüksək fikirdə olacaqlar və deyəcəklər ki, dünyada bizdən vətənpərvər, bizdən bəşəri və bizdən insanlara yüksək dəyər verən ikinci bir millət yoxdur. Təbii ki, bu fikirə birmənalı yanaşmaq olmaz. Ən azından ona görə ki, el dilində demiş olsaq, "heç  kəs öz ayranına turş deməz". Elə bu kontekstdən də həmin məsələlərə yanaşanda heç şübhəsiz, hər bir millətə , hər bir xalqa o millətin  nümayəndəsi yox, başqaları daha obyektiv və ədalətli qiymət verə bilər. Çünki o millət ki, digər  millətlərə  hörmətlə, sevgiylə yanaşır, onun mədəniyyətinə, adət-ənənəsinə diqqət yetirir, təbii ki, həmin millətlər də dünya tərəfindən sevilir.

Azərbaycan da çox zəngin tarixi keçmişə və qədim mədəniyyətə malikdir. Bu xalqın qədim bir tarixi, bir həyat tərzi və yaşam yolu var. Bəlkə də Azərbaycan xalqı dünyanın yeganə millətidir ki, o, bütün xalqlara, bütün millətlərə böyük sevgi, böyük məhəbbətlə yanaşır. Heç də hər bir millət və hər bir xalq bu dəyərlərə malik deyildir. Çünki bir də görürsən ki, tarixi olmayan, bir kökü olmayan millət özünü dünyanın ən qədim xalqı kimi təbliğ edir. 

Heç uzağa getməyək, mənfur erməniləri yada salmaq bəs edir. Bu millətin nə dövləti olub, nə ərazisi olub, nə də tarixi keçmişi. Amma özünü dünyaya ən qədim millət kimi təqdim edir və qəribəsi də odur ki, dünya ermənilərin bu yalanlarına inanır, onlara sevgi ilə, məhəbbətlə yanaşır. Deyirlər ki, yalanın ömrü qırx gündür, qırx gündən sonra hər şey aydınlaşır, yəni sular durulur və məlum olur ki, bunlar hamısı yalanmış. Təəssüf ki, ermənilərin yalanları isə açılmır ki, açılmır, əksinə gündən-günə çiçəkləyir, Avropanı və Amerikanı "fəth" eləyir. Ancaq gəlin səbirli olaq, vaxt gələcək, onların iç üzü açılacaq və hər şey göy üzü kimi təmiz olacaq. Bax, onda ermənilər də ifşa olacaq, onlara arxa duranlar da!

Azərbaycançılıq ideyalarının təbliği daim diqqət mərkəzində olmalıdır ki, dünya həqiqəti, eləcə də tariximizi, keçmişimizi və mədəniyyətimizi yaxşı tanısın. Heç şübhəsiz, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklər və eləcə də qeyri-hökümət təşkilatları xalqımızın nə qədər zəngin keçmişə malik olmasını digər ölkələrə çatdırmamış deyil, amma görünən odur ki, bizi - yəni, Azərbaycanı hələ dünya bir o qədər də yaxşı tanımır. Təbii ki, bu da dövlətimizlə bağlı zəngin məlumatları digər ölkələrə ötürməkdə və çatdıırmaqda ləngiməyimizdir. Amma fakt faktlığında qalır ki, bu gün Azərbaycana kimin yolu düşürsə, onlar ölkəmizin nəinki tarixi keçmişinə və eləcə də bugünkü inkişafına təəccüblənirlər, onlar gəlib heç bir ölkədə görmədikləri diqqəti və qayğını, sevgini bizim ölkədə görürlər. Onlar görürlər ki, doğrudan da Azərbaycan balaca ölkə olmasına baxmayaraq, nəinki Yaxın Şərqdə, dünyada sayılıb-seçilən ölkələrdən biridir. Çünki bu ölkə heç vaxt dini inanclara və eləcə də müxtəlif dinlərə və ayrı-ayrı xalqlara pis gözlə baxmayıb, əksinə hər bir başqa xalqın mədəniyyətinə, adətinə, dilinə, dininə hörmətlə yanaşıb. Bir dəfə Almaniyadan bir əcnəbi bizə qonaq gəlmişdi. Dedi ki, dünyanın heç bir ölkəsində görmədiyim mədəniyyəti, əxlaqı Azərbaycanda, Bakıda gördüm. Adətən, başqa ölkələrdə olanda, onların vətəndaşları bizə yuxarıdan aşağı baxırdılar və bəzən hətta kobudluq edirdilər. Amma Azərbacyanda tamamilə bunun əksini gördüm. Gördüm ki, mən alman olsam da, mənə sizin millətin nümayəndələri çox böyük sevgi ilə yanaşırlar. Avtobusda, metroda hamı ayağa qalxıb mənə yer verirdi. Sözün düzü, mən heç harda belə bir diqqət görməmişdim və çaşıb qalmışdım. Bir nəfər orta yaşlı bir kişi mənimlə almanca danışdı. Gördüm ki, bizim dili, tariximizi, mədəniyyətimizi gözəl bilir. Həmin adam məni evinə dəvət elədi və bir axşam da qonaq saxladı. İnanın, mənə ən yaxşı otağı vermişdi və gülə-gülə dedi ki, biz bu otağı həmişə qonaq üçün saxlayırıq. Qonaq-qaramız olanda, onlar bu otaqda istirahət edir və yatırlar. Səhər-səhər də yuxudan qalxanda gördüm ki, masanın üstünə çox ləziz gözəl yeməklər var. Qaymağa gözüm düşdü, dedilər ki, Gəncə qaymağıdır. 

Üstünə də sizin Lerik rayonundan gətirilmiş baldan töküb, ləzzətlə yedim. O qaymağın, o balın dadı damağımdan bu gün də getməyib. Nolsun ki, biz avropalıyıq, amma Allaha and olsun ki, Avropada Azərbaycanda olduğu qədər qonaqpərvərlik, səmimiyyət və şirinlik yoxdur. Sadəcə olaraq, siz bunu dünyaya az təbliğ edirsiniz. Ancaq mən Almaniyaya gedəndən sonra sizin belə gözəl adət-ənənəniz və qonaqpərvərliyiniz barəsində ağızdolusu danışdım. Elə mənim qohumlarım da bu söhbətə çox maraqla qulaq asdılar. Dedilər ki, sənin danışdığın həqiqətdən çox nağıla oxşayır. Mən də dedim ki, ay qardaşlar, demirsiniz nağıla oxşayır, gedin Azərbacyana görün mən nağıl danışıram, yoxsa gördüklərimi? Bax, mənim bu söhbətlərimdən sonra bir neçə qohumum Azərbacyana gəzməyə getdi və dediklərimin şahidi olduqlarını söylədilər. Görürsünüzmü, bizim ölkənin, bizim dövlətin və bizim xalqın dünyada necə böyük nüfuzu var. 

Yəni, hər hansı bir əcnəbi Azərbaycana gəlirsə, burada çox şeyi görüb təəccüblənir. Təəccüblənməyə də bilməz. Çünki bu xalq, bu millət heç vaxt kiminsə torpağına, varına, dövlətinə, vətəninə göz dikməyib və Azərbaycan dünyada heç bir ölkənin haqq işinə də müdaxilə etməyib. Sadəcə olaraq, Azərbacyanın zəngin mədəniyyəti, zəngin həyat tərzi bir daha təsdiq edir ki, Azərbaycan dünyadan görünən bir ölkədir. Bu ölkədə bütün xalqlar, bütün millətlər çox rahat yaşayır, fəaliyyət göstərir və gözəl həyat tərzi keçirirlər. Əlbəttə, dünyada ən ali dəyərlər insalıqdır. 

İnsanlıq və humanistlik olmayan yerdə bütün digər nələr varsa, gözdən düşür. Qüdrətli Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı olaraq deyə bilərik ki, öz adət-ənənələri heç bir millətə bənzəməyən dəyərləri ilə həmişə seçilib və bundan sonra da seçiləcək. Ən azından ona görə ki, bu dövlət və bu xalq demokratik dəyərlərə, bəşəri duyğulara və eləcə də digər qeyri-adi keyfiyyətlərə malikdir. Ona görə də dünya xalqları Azərbaycanı tanıdıqca, bizim millətə və dövlətə məhəbbətləri daha da artır! 

Təbii ki, dünya xalqları arasında Azərbaycançılıq ideyaları gün işığı kimi  daha geniş yayılıb. Belə  ki hansı millətin nümayəndəsinin yolu  ölkəmizə düşür, onlar bir həqiqəti görür və dərk edirlər: görürlər ki, Azərbaycanda heç bir millətə  yuxarıdan-aşağı baxılmır. Onların  dili, dini və mədəniyyəti hörmətlə qorunur. Və eyni zamanda azərbaycanlılar  həmişə dünyanın bütün xalqlarına qucaq açıblar və onlara çox böyük sevgi göstəriblər. Yenə el dilində demiş olsaq, bir tikə  çörəklərini onlarla yarı bölüblər. Ona görə ki, azərbaycanlılar dünyada çox az xalqlardandır ki, onların ürəyi dünya boydadır, insanlara və bəşəri dəyərlərə böyük önəm verir!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.