Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
İranla ABŞ arasında hazırda baş verən toqquşma xarakterinə görə "40 günlük müharibə"dən xeyli fərqlənir. Həmin müharibə zamanı əsas məqsəd İrandakı hakimiyyəti dəyişmək, daxildə etirazları təmin etmək və kürd qruplaşmaları vasitəsilə İran güclərini parçalayaraq — parçalanmayacağı təqdirdə — son dərəcə zəif, ələbaxan və sözəbaxan bir İran yaratmaq idi.
Ancaq müharibə zamanı hakimiyyəti dəyişmək mümkün olmadı. Yalnız rəhbər şəxslər fiziki cəhətdən məhv edildi. Əksinə, SEPAH bu müharibədən daha da güclənərək çıxdı. Daxildə demək olar ki, etiraz dalğası baş vermədi; xalq hakimiyyətlə daha da yaxınlaşdı. Kürd qruplaşmaları isə arzulanan addımları atmadı.
İranda hakimiyyəti dəyişmək niyə mümkün olmadı? Əslində prossesləri diqqətlə izləyənlər bilir ki, İran müharibədən əvvəl də öldürüləcək hər bir şəxsin yerinə namizədlər müəyyənləşdirmişdi. Hətta bunu açıqlamışdılar. Yəni hakimiyyət baş verəcəkləri əvvəlcədən proqnozlaşdıra bilmişdi. Ümumiyyətlə, müharibələrdə proqnozlaşdırma həlledici əhəmiyyət kəsb edir. Əgər bir tərəfin proqnozlaşdırması 70%-dən yuxarı doğrultsa, orada uğur əldə etmək mümkündür. Görünən odur ki, İran tərəfi ABŞ və İsrail cütlüyündən fərqli olaraq müharibəni və prosesləri daha düzgün hesablaya bilib.
Hazırda davam edən toqquşmalarda isə ABŞ-nin əsas məqsədi sahil zolaqlarını iflic etmək, limanları sıradan çıxarmaq və İranın iqtisadi cəhətdən uzun illər dirçəlməsinin qarşısını almaqdır. ABŞ da fərqindədir ki, Hörmüz boğazına tamamilə nəzarət etmək asan deyil; proseslər bunu hətta imkansız edir. Çin faktoru mütləq şəkildə göz önünə alınmalıdır.
ABŞ tərəfi iddia edir ki, müharibənin başlamasına səbəb İrandır. Hətta bu iddianın altını doldura bilmədikləri üçün müharibənin başlama səbəbi kimi 47 il öncə baş verən prosesləri göstərirlər. Ancaq dünya artıq çox dəyişib. İnternetin inkişafı və alternativ xəbər mənbələri var. Əvvəllər çox rahat idi — necə deyərlər, "qələm düşmən əlində idi". Yazırdılar, televiziya kanallarında car çəkirdilər ki, Əfqanıstanda terrorçu var, İraqda bioloji silah var, Suriyada o var, bu var...
Artıq "İranın nüvə silahı əldə etməyə yaxın olması" mifi də darmadağın olub. MAQATE-dən tutmuş ABŞ-nin öz mütəxəssislərinə qədər bir çox mənbə qeyd edir ki, İran nüvə silahı əldə etmək üçün birbaşa addım atmayıb. İrana hücumun gerçək mahiyyəti əslində Ağ Evdə keçirilən mətbuat konfransında ortaya çıxdı. Ağ Evin mətbuat katibi açıq şəkildə bildirdi ki, onlar Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayacaqlar. Jurnalistlərin "Bəs İrana niyə qarşı çıxırsınız?" sualına cavab çox açıq və sadə oldu: "Səudiyyə Ərəbistanı müttəfiqimizdir".
Yəni, atom və nüvə yaxşı şeydirsə, Səudiyyə Ərəbistanında niyə ola bilər, İranda yox? Deyənlər olacaq ki, İranda hakimiyyətdə radikal dindarlardır. Səudiyyə Ərəbistanında hakimiyyətdə olanlar LGBT üzvləridir, ateistlərdir? Yaxud Tramp və Netanyahunun özü radikal dindar deyil? Bir dəfə də yazmışdım, İran–ABŞ/İsrail müharibəsi məhz radikal dindarların müharibəsidir. Qeyd etmək lazımdır ki, hazırda ən təhlükəli nüvə ölkəsi elə ABŞ-nin özüdür, çünki bu silahdan praktikada istifadə etmiş yeganə dövlətdir. ABŞ əmin olsa ki, İrana nüvə silahı atan kimi Rusiya Ukraynaya və ya Avropa ölkələrinə qarşı ondan istifadə etməyəcək, bəlkə günü sabah nüvə silahından istifadə edər.
Rusiya–Ukrayna müharibəsinin başlaması mətbuata və jurnalistikaya baxışımı 180 dərəcə dəyişdirdi. Qərbin və ABŞ-nin adlı-sanlı media qurumları vaxtilə bizə "müqəddəs standart" kimi nəyi sırıyırdılarsa, hamısını özləri darmadağın etdi. Ən nüfuzlu media qurumları Ukrayna müharibəsinə getmək üçün muzdlu döyüşçülərin hansı məntəqələrə toplanmalı olduqları barədə reportajlar hazırlayır, həmin yerlərdən canlı yayımlar edirdilər. Bəs bu, media əxlaqına zidd deyildimi? Biz vaxtilə "Ermənilər qaniçəndir, işğalçıdır, vəhşilik edib, dinc insanları qırıblar" yazanda bizə deyirdilər ki, bunu bu cür yazmaq olmaz, media əxlaqına ziddir, jurnalist tərəfsiz olmalıdır. Həmin media qurumları və onların əlaltıları ukraynalı, ABŞ vətəndaşı, yəhudi, avropalı öləndə matəm saxlayır, hümanizm, insanlıq deyə bağırırlar. Milyonlarla ərəb, afrikalı, azərbaycanlı (Xocalı) qətlə yetiriləndə isə hümanizm və insanlıq yoxa çıxır. Nə bomba standartıdır.
ABŞ iddia edir ki, İran ərazisindəki hərbi obyektlərə zərbələr endirir. Ancaq körpülərin, tunellərin, su mənbələrinin və elektrik stansiyalarının vurulduğunu açıq şəkildə görürük. İran tərəfi də Körfəz ölkələrinə qarşı analoji davranır. Bəziləri deyir ki, İran "müsəlman ölkələrini" vurur. Bəs müsəlman ölkələrində ABŞ hərbi bazalarının nə işi var? Müsəlman ölkəsinin ərazisindən başqa bir müsəlman ölkəsinin torpaqları bombalananda bu irad nəyə görə tutulmur? Tutulmur və tutulmayacaq da.
İran rəsmi olaraq bəyan etdi ki, o, neft satmayacağı təqdirdə Körfəzdə heç kim neft sata bilməyəcək. Bu dillema o deməkdir ki, İran Körfəz ölkələrinin neft və qaz yataqlarını birbaşa hədəf ala bilər. Bu isə onsuz da kəskin böhran keçirən dəniz ticarətini və qlobal iqtisadiyyatı tamamilə iflic edər. İran Körfəz ölkələrinin elektrik stansiyalarına və su qaynaqlarına zərbə endirərsə, bərli-bəzəkli ərəb dövlətləri yenidən bədəvi dövrünə qayıdacaqlar. Nəzərə almaq lazımdır ki, BƏƏ və Səudiyyənin içməli suyunun 80%-dən çoxunu dəniz suyunu şirinləşdirən zavodlardan alır.
İranın bu müharibədə mövqeyini gücləndirən ikinci əsas faktor isə Husilərdir. Husilərin arsenalında gəmi əleyhinə "Al-Mandab 1", "Al-Mandab 2" (İranın "Qader" və "Noor" raketlərinin analoqu) və "Sayyad" qanadlı raketləri, həmçinin "Asef" (İranın "Khalij Fars" raketi əsasında) və "Aqlib" balistik raketləri mövcuddur. Bu raketlər 100–300 km məsafədəki dəniz hədəflərini vurmaq gücünə malikdir. Husilərin arsenalında, eyni zamanda, "Burkan-2H", "Burkan-3" və "Toufan" uzaq mənzilli balistik raketləri var ki, onların mənzili 1000–2000 km-ə çatır. Bu raketlər Səudiyyə Ərəbistanı, BƏƏ, hətta İsrail ərazisini vurmaq qabiliyyətindədir. Bundan əlavə, onların əlində "Samad-2", "Samad-3" və "Qasef-2K" dronları, Babəlməndab boğazının dayaz sularında tətbiq oluna bilən dəniz minaları və insansız dəniz vasitələri var.
Növbəti müharibə ocağının məhz Babəlməndab boğazı istiqamətində alovlanacağını proqnozlaşdırmaq çətin dəyil. Bəs Husilər Babəlməndab boğazını tam bağlaya bilərlər? Fiziki olaraq tam və daimi şəkildə bağlaya bilməzlər, ancaq dəniz ticarətini de-fakto iflic etmək qabiliyyətinə malikdirlər.
Babəlməndab boğazı qlobal ticarət üçün kritik su yoludur. Bölgədə ABŞ, Böyük Britaniya və müttəfiqlərinin güclü hərbi dəniz qüvvələri mövcuddur. Ancaq Husilərin boğazı fiziki olaraq tam kilidləməsinə ehtiyac da yoxdur. Bir neçə gəmiyə raket və ya dron zərbəsi endirmək kifayətdir ki, beynəlxalq gəmiçilik şirkətləri riski nəzərə alaraq marşrutu dəyişsinlər. Hücum təhlükəsi səbəbindən Qırmızı dənizdən keçən gəmilər üçün sığorta xərcləri kəskin artır; bu da şirkətləri gəmiləri Afrika qitəsinin cənubundan (Ümid burnundan) dolandıraraq göndərməyə məcbur edir. Husilər klasik hərbi mənada boğazı tam bağlaya bilməsələr də, asimmetrik silahlar vasitəsilə yüksək risk zonası yaradaraq qlobal dəniz nəqliyyatını axsadarlar.
Babəlməndab boğazındakı xaos Çinin "Bir Kəmər, Bir Yol" layihəsinə və Avropa ilə dəniz ticarətinə birbaşa zərbə vursa da, Pekin hələlik Cibuti hərbi bazasından prosesləri təmkinlə izləməyə üstünlük verir. Çünki ABŞ-nin Yaxın Şərq bataqlığına daha dərindən batması və resurslarını parçalaması uzunvədəli perspektivdə Pekinin geosiyasi maraqlarına tamamilə cavab verir.
Husilərin güclənməsi Səudiyyə Ərəbistanı üçün də ciddi başağrısına çevrilib. Söhbət təkcə quru sərhədindən və ya toqquşma ehtimalından getmir. Səudiyyə Ərəbistanı Körfəzdəki itkilərini Qırmızı dənizə çıxış imkanları ilə kompensasiya etmək istəyirdi. Faktiki olaraq, Körfəzdə baş verənlərin onunla əlaqəsi yoxmuş kimi davranırdı. Ancaq Husilərin vurduğu son gəmilərdən sonra Ər-Riyad da anlayır ki, bu prosesdən yaxa qurtara bilməyəcək. Pakistan da onu sığortalayacaq gücdə deyil; çünki Pakistanın narahatlığı və hərbi aktivliyi Çinin geoiqtisadi maraqlarının çərçivəsindən kənara çıxmır.
Husilərin aktivləşməsi Tramp administrasiyasını da ciddi şəkildə narahat edir. Strateji baxımdan bu vəziyyət ABŞ-ni qüvvələrini parçalamağa və eyni vaxtda iki cəbhədə döyüşməyə məcbur edir. Bu isə asan məsələ deyil. Digər tərəfdən, ABŞ geniş koalisiya qurmadan İrana qarşı hərəkət etməyin səhvini hər gün daha aydın başa düşür. İndiki mərhələdə vaxtında koalisiya formalaşdırmadan eyni anda iki istiqamətdə effektiv hərbi əməliyyat aparmaq inandırıcı görünmür.
Açıq şəkildə görünür ki, dünya sürətlə böyük müharibəyə doğru gedir. Bu, təkcə Körfəz və Babəlməndab boğazı ilə yekunlaşmayacaq. Polşanın Almaniyanın da dəstəyi ilə Rusiya (Kalininqrad) və Belarus sərhədlərinə "Əjdaha dişi" istehkamları düzməsi və müdafiə qabiliyyətini artırması göstərir ki, hərbi münaqişə ocağı tezliklə Avropaya da sıçraya bilər.
Digər Xəbərlər
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 12:03
“İşğalçı müharibələr aparan dövlətləri sonda həmişə məğlub ediblər”
24 Iyul 2026 10:55
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24 Iyul 2026 09:34
“Moskva Kiyevlə birbaşa danışıqlara başlamaq istəyir...”
24 Iyul 2026 09:21
“Kremlin Azərbaycanla “strateji tərəfdaşlıq” barədə söylədiklərinin...”
23 Iyul 2026 23:05
Azərbaycan və Almaniya əməkdaşlığı daha da dərinləşir
23 Iyul 2026 18:25


Bakı -°C

