21 May 2025 10:26
255
ƏDƏBİYYAT

Dahi fizik, riyaziyyatçı, astronom, filosof şair: Yaddaşlarda yaşayan "alkaş"

İbn Sinadan sonra sevdiyim digər farsın doğum günüdür... Dünyanın hər yerində Ömər Xəyyam kimi tanınan böyük şair riyaziyyatçı, astronom və filosof, bir sözlə müdrik insan - Qiyas əd-Din Əbu-əl Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  1048 -ci ilin may ayında  Səlcuq dövlətinin Xorasan vilayətinin NeyŞahBur-Nişapur (farsca deyilişi) şəhərində anadan olub.

Hərdən düşünürəm ki, Oğuz türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən Böyük Səlcuq imperiyasında yaşadığı üçün, daha çox türklərlə təmasda olduğu üçün o bu qədər mükəmməl olub? Bəlkədə genetikasında mütləq bir türk qarışığı vardır.. Çünki müasir farslara baxnda düşünürəm ki, 11-ci əsrdə bir fars bu qədər geniş təfəkkürə malik ola bilməz .

Sonralar atamın dayısı oğlu, nəslimizin, elimizin fəxri AMEA-nın müxbir üzvü Zakir Məmmədovun əsərlərin oxuyanda anladım ki, Ömər Xəyyamın bu qədər ağıllı olmasında onun ustadının, dərs verəninin böyük əməyi olub. Deməli Z. Məmmədov ilk dəfə olaraq araşdırıb ortaya çıxartmışdır ki, Ömər Xəyyam oğuz türkü, böyük filosof Bəhmənyarın şagirdi olub. Hətta araşdırmadan məlum olub ki, əslində Ömər Xəyyam fars deyil, bir Xorasan Azərbaycanlısıdır.(Oğuz türkü-red-Ə.R).

Bu fars olsa da, bütün dövrlərdə sevilib. Bu günə qədər onun həyat tarixi sirli və müəmmalı qalıb. Bu səbəbdən adına əfsanələr qoşulub, rəvayətlər deyilib. Məsələn mütəxəssislər deyirki, Şair Ömər Xəyyamın rübailərinə o qədər böyük tələbat var ki, hətta qaraçı dilinə belə tərcümə edilib.

Əldə olan bəzi məlumatlara görə, riyazi tənliklərdə məchulu ifadə edən "x" anlayışını da ilk dəfə elmə o gətirmişdir. Bəziləri onu Nyuton binomunun müəllifi hesab edirlər. Binomial əmsallardan ibarət Paskal üçbucağının Ömər Xəyyama aidliyi isə şübhəsizdir; hətta Iranda bu riyazi modeli "Xəyyam üçbucağı" adlandırırlar. Lakin Qərb burada da öz yolu ilə gedib, bu elmi kəşfi Xəyyamdan 550 il sonra yaşamış Blez Paskala aid etdi.

XX əsrin əvvəllərində Böyük Britaniyada düzəldilmiş ən böyük sərnişin gəmisi olan “Titanik” aysberqə çırpılıb batan zaman göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması - “Rübaiyyat”ının da olması məlumdur. Çünki əsərləri sadədir, yığcamdir, fəlsəfidir, zəngin mənalıdır.

Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb.

Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tutub.

AMEA-nın ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi bildirib ki, O, həddən artıq danışmağı, uzun-uzadı cavab verməyi sevərmiş. Onun dövründə Nizamiyyə Universitetinin müəllimi olmuş Mühammədül Qəzzali belə bir hadisə nəql edir ki, günlərin bir günü Xəyyam bir suala yarım gün cavab verdi və mən dözməyib, onun sözünü saxlamaq üçün "Quran"dan bir ayə səsləndirdim. Bundan əlavə çox iti yaddaşı olub. Onunla yol yoldaşı olan şəxs heyrətlə qeyd edirdi ki, yol boyu bir kitabı oxuyub, mənzil başına çatanda əzbərdən söyləməyə başladı.

Müasirlərimizin "şəraba meyilli", "sərxoş şair"("alkaş") kimi tarixə düşən, təhlil edilən, meyə- şəraba meyilli kimi təsvir edilən Ömər Xəyyam əslində 12 yaşında Quranı əzbər bilib. Allahın yolunu saxlayıb. Amma indiki kimi o vaxt da dövrün haqsızlıqlarına, xüsusən din adamlarının din pərdəsi altında etdikləri əxlaqsızlığa dözümsüz olub. Bu səbəbdən dindarların dediyinin əksini deyib: Mən şərab içəyim, sən namaza dur,

Mən haqq söyləyəyim, sən yalan uydur.

Mən dinsiz haqlıyam, sən dinli haqsız,

Haqqı boğmaq üçün fətvalar uydur.

Yaxud

Ey şəhər müftisi, səndən huşyarıq,

Bunca sərxoşluqla səndən pərgarıq.

Biz şərab içirik, sən xalq qanını,

İnsaf et, hansımız daha qəddarıq?

Daha sonra

Cənnət-cəhənnəmə girən yox, könül,

Gedib o dünyanı görən yox, könül,

Ümid və qorxumuz o şeydəndir ki,

Onlardan heç nişan verən yox, könül.

Tanrı, yaratmısan bir incə dilbər,

Bir dodağı şəkər, saşları ənbər,

Sonra da deyirsən ona baxma, bu

Əy, ancaq dağıtma deməyə bənzər.

Ağlı olan suya düzərmi kərpic?

Kilsəyə, məscidə uyan gicdir-gic!

Kim deyir ki, Xəyyam cəhənnəmlikdir?

Cəhənnəmi görüb, gələn varmı heç?

Amma başqa rübailərində dindarlara qarşı çıxmasının səbəblərini aydın dildə ifadə edib.

Dünən meyxanədə mən bir qocadan,

Soruşdum ki, gedib bu qədər insan,

Onlardan xəbər ver. Dedi: - Şərab iç!

Gedənlər qayıtmaz bir də heç zaman.

***

Əfsus gəncliyimin dövranı getdi,

Ömrümün son bahar zamanı getdi,

Gənclik dedikləri o quş bilmirəm,

Nə zaman tərk edib bu canı getdi.

***

Əkmə qəm ağacı qəlbində bir an,

Şadlıq kitabını oxu hər zaman.

Şərab iç, xoş keçin, bəlli bir şeydir

Dünyada nə qədər yaşayır insan.

***

Mey içsən ağıllı bir insanla iç,

Ya incə gülüşlü bir cananla iç.

Çox içmə, gizlin iç, meyə alışma,

İçsən xumar gözlü bir ceyranla iç.

***

Çətin sövdalara düşmə heç zaman,

Doldur piyaləni, nuş et durmadan.

Üzümün qızıyla oturub kef çək,

Haram qız yaxşıdır, halal anadan.

977 ildən sonra deyirəm:Nə yaxşı ki var olmusan, nə yaxşı doğulmusan Ömər Xəyyam! Unudulmamısansa, deməli yaşayırsan: 977 yaşın mübarək!

Əntiqə Rəşid