adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 09:51
67
ƏDƏBİYYAT
A- A+

Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə” şeirinin təhlili - Adilə Nəzər yazır

Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə” şeiri Qarabağ torpağına həm sevgi, həm ağrı, həm də qayıdış həsrətinin poetik etirafıdır. Şeirin ilk misralarında Xankəndi adi coğrafi məkan kimi deyil, sanki ümumi yurd – binə kimi təsvir olunur: “Tavanı - göy şüşəli, döşəməsi - meşəli”. Bu bənzətmə Xankəndinin təbiətini gündəlik məişət obrazına çevirərək həm sadəlik, həm də doğmalıq yaradır.

“Ovçunun yuxusunda marala bənzəyir o” misrası isə daha çox tarix və münaqişə kontekstindən doğan məna daşıyır. Buradakı “ovçu” – düşməndir, (burada: erməni tərəf) Maral isə həm zərifliyini, həm də cazibəsini qoruyan Qarabağın özüdür. Əsrlər boyu bu torpaq düşmənin nəzərində belə cəlbedici olub, ovçunun yuxusuna girəcək qədər dəyərli görünmüşdür. Bu bənzətmə əslində Qarabağın, o cümlədən Xankəndinin gözəlliyinin necə arzuolunan, necə həsəd doğuran bir nemət olduğunu xatırladır.

“Dağların yaxasında medala bənzəyir o” misrası isə artıq başqa bir məqamı – Zəfəri tamamlayan son nöqtəni işarə edir. Medal burada təkcə bənzətmə deyil, həm də Xankəndinin azad edilməsi ilə Qarabağ Zəfərinin tamlığı, bütövlüyü simvolizə olunur. Yəni Xankəndi dağların qoynunda parlayan, qələbəni təsdiqləyən son medaldır.

Şeirin ortasında Qulu Ağsəs torpağın insan yetişdirmə gücünə toxunur: “Burda doğulmur adam, əkilir şitil kimi”. Bu misra həm poetik, həm də fəlsəfi anlam daşıyır, belə ki, bu torpaq insanı yalnız doğmur, həm də yetişdirir, formalaşdırır. Şair özünü bu torpağın yazdığı sətrə, bir misraya bənzədir və “şütüyən sətir kimi” yurd-yurd dolaşsa da, sonunda yenə öz “Xanım”ına, yəni Xankəndinə dönür.

Buradakı “Xanım” müraciəti əslində çoxqatlı simvolik məna daşıyır. Bu söz həm Xankəndinin adındakı “Xan”a işarədir, həm də Qarabağ musiqisinin səsini – Xan Şuşinskinin irsini çağırır. Beləliklə, şair təkcə torpağa yox, bu torpağın səsinə, musiqisinə, xatirəsinə də dönür.

Şeirin ən yüklü misralarından biri isə “Yaşamaq vaxtı öldük, ölmək vaxtı yaşayaq!” misrasıdır. Burada müəllif şəxsi həyatının illərini Qarabağın taleyi ilə eyniləşdirir: onun gənclik illəri Qarabağdan qaçqın düşdüyü dövrlərə, qocalıq çağı isə geri dönüşün mümkün olduğu zamana təsadüf edir. Yəni yaşamalı olduğu çağlarda – ömrün baharında itirmiş, ağrı çəkmiş, ömrün payızında isə yenidən o torpağa qovuşmaq nəsib olub. Bu misra həm tale acısını, həm də gec də olsa qayıdış sevincini özündə cəmləyir.

Bütün bu məna qatları şeiri sırf nostalji mətn etmədən, həm tarixi, həm mənəvi, həm də bədii çalarlarla dolu olan çoxqatlı bir poetik etirafa çevirir. Qulu Ağsəs bu şeirdə Xankəndini həm maral kimi həzin, həm medal kimi dəyərli, həm də ev kimi doğma göstərərək Qarabağın üç halını bir yerdə təqdim edir: şeirdə itirilən gözəllik, ulduz kimi parlayan Zəfər və gec də olsa qayıdışın sevinci var.

19.11.2025

 

*Şeiri oxumayanlar üçün paylaşıram.

Qulu AĞSƏS

Xankəndi və M.Zəkiyə

Tavanı - göy şüşəli,

Döşəməsi - meşəli...

Ovçunun yuxusunda

Marala bənzəyir o.

Dağların yaxasında

Medala bənzəyir o.

Burda bahar payızı,

Qış yayı məst eləyir.

Bu yerlərin havasın,

Bu göylərin yağışın

Üzeyir bəstələyir.

Burda doğulmur adam

Əkilir şitil kimi.

Adladım yurddan yurda

Şütüyən sətir kimi.

Gəzdim düzü, dünyanı

Bu düz-dünya tükəndi.

Sənə dönmüşəm, Xanım,

Sənə dönmüşəm, kəndim.

Dünyada nələr gördük

Həyatımız baş-ayaq:

Yaşamaq vaxtı öldük,

Ölmək vaxtı yaşayaq!

Tavanı - göy şüşəlim,

Döşəməsi - meşəlim...