02 Noyabr 2023 11:22
1103
ƏDƏBİYYAT

Dedi ki, “Koroğlu” ssenarisinin müqaviləsini bağladıq, beş min...”- Mişkinaz xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında həyat yoldaşı Mişkinaz xanımın xatirələrini silsilə şəkildə oxuculara təqdim etməyə start verib.

Növbəti yazını təqdim edirik:

Əvvəli ötən sayımızda...

“Uşaqlaqlarımın biri məktəbdən, o biri də institutdan gəldilər. Qabiliyyətli, saleh övlad, xoşbəxt ailə nə qədər fərəhlidi. Biz Cavidi gözləyirdik ki, gəlsin bir yerdə nmahar edək. Nədənsə, bu gün çox gec gəldi. Mən uşaqların xörəklərini verib özüm Cavidi gözlədim. Saat altıda gəldi. Qapıdan girən kimi:

- Nə istəsən alacam sənə, amma əvvəl mən istəyəni alacam-dedi. 

Onun qulağa yapışan brilyant sırğadan xoşu gəlirdi. Əlimi qaldırıb onu uşaqlara göstərib:

- Mənim brilyantım var, ona ehtiyac yoxdur-dedim, xeyir ola, bu sərvət əcəb? 

- Kinostudiyadan gəlirəm. Bu gün “Koroğlu” ssenarisinin müqaviləsini bağladıq. Ayın 5-də beş min manat alacam. Qalanını da film çəkilib qurtarandan sonra verəcəklər. Sən saydığını say, qoy qalsın, gör fələk nə sayır. Çörəyini yedi. Keçdi yataq otağına: “Bir saat yatım, sonra durub işləyəcəm”-dedi. 
Qara günün yelimi dəymişdi, ya nə idisə, çox narahat idim. Amma bir bədbəxtçilik üz verəndə, elə bil əvvəlcədən duyur. 

Saat 8-də Cavid yuxudan durdu, üzünü yudu, çay içdi: 

- Həə... İndi işləmək lazımdı,-dedi. 

Üzümə baxdı:

- Deyəsən kefin yoxdu?

- Elə darıxıram ki. Heç özüm də bilmirən nə üçün. 

- Darıxma. Bu gün işim çoxdu, sabah gedərik gəzməyə. İstəyirsənsə bir saat çıxıb hava alaq, sonra gəlib işləyərəm. 

- Yox, - dedim, - yorularsan, sonra işləyə bilməzsən. 

- Mənim dəheç işləmək həvəsim yoxdu. Amma bir neçə göstərişim var, gərək onları edim ki, sabah aparıb verə bilim...
Cavid işinin sahibi idi. Bir əsərini özü bəyənməsəydi, onu üzə çıxarmazdı. Aylarnan vaxt sərf etdiyi bir işi xoşuna gəlməsəydi, onu cırıb atardı. Deyərdi: “Mənasız çoxdansa, mənalı az yaxşıdı”. 

Yersiz göstərişlərə, lüzumsuz tələblərə razılıq verməzdi. Əsərləri tamaşaya hazırlananda məşq zamanı həmişə teatra gedərdi. Mümkün qədər çalışardı ki, öz istədiyi kimi olsun. Bir dəfə “Şeyx Sənan”ın məşqindən çox əsəbi gəldi. Bildim ki, nə isə razı olmadığı bir iş olub. Bir qədər sonra sakit olub dedi:

- Neçə dəfə demişəm ki, sözün deyilişində, səsin ahəngində nə qədər məna var. Əzra Sənana yaxınlaşıb elə bir ahəng ilə dedi ki: “Zəhra səni vidayə gəlmiş”. Halbuki Zəhra onun ən yaxın rəfiqəsidi. O səs, o deyiliş onu bir düşkün qadın kimi nəzərə çarpdırır. Bir əsəri yazmaq onu həyata keçirməkdən asandı.

... Cavid əsəbiləşdi, çox gərgin işləyəndə papirosu çox çəkərdi. Bu səbəbdən də öskürərdi. Az papiros çəksin deyə, tənbəkidən papiros düzəldərdi. Tənbəki qutusuna ətirşah gülünün yarpağından qoyardı ki, ətirli olsun. Bəzən işləyəndə hazır papiros çəkərdi. Deyərdi: “Papirosu bükənə qədər fikrim dağılır”. 

... Cavid gülü, yaşıllığı, mənzərəni çox sevərdiş Ələlxüxsus qızılgülü. Gül fəsli gülqabından gülü əskik etməzdim. Gülqabını yazı masasının üstünə qoyardım. Qoxusunu duyub, dönüb baxar və deyərdi: 

- Güllərin şahı qızılgüldü”.  

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr”.
Hazırladı: Vasif Əlihüseyn