Deputat beynəlxalq platformada Azərbaycanın sülh və tolerantlıq təcrübəsindən danışıb - FOTOLAR

Çad Respublikasının Ncamena şəhərində Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 13-cü Plenar Sessiyası keçirilib. Milli Məclisin deputatı Könül Nurullayeva sessiyada iştirak edib. Çıxış zamanı millət vəkili diqqəti Azərbaycanda əsrlərdir mövcud olan multikulturalizm təcrübəsinə yönəldib. Bildirib ki, “əsrlərdir müxtəlif din və etnik qruplar arasında harmoniya və qarşılıqlı hörmət dəyərləri dövlət siyasətimizin ayrılmaz tərkib hissəsidir. Eyni zamanda, tariximiz göstərir ki, sülh hər zaman ədalət ilə qorunmalıdır”.
K.Nurullayeva Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə də toxunub. Qeyd edib ki, təxminən otuz il ərzində Azərbaycan işğala, etnik təmizləməyə məruz qalıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edib: “Bununla da Azərbaycan demək olar ki, 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. Bu, təkcə hərbi və ya siyasi deyil, həm də ədalətin və suverenliyin qələbəsi idi. Bu gün biz yeni bir səhifə açmışıq: postmünaqişə dövründə bərpa işləri, “Böyük Qayıdış” proqramı və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə Azərbaycan azad edilmiş əraziləri firavanlıq, əməkdaşlıq və sülh regionuna çevirir.”
K.Nurullayeva Azərbaycan-Ermənistan normallaşma prosesinə də toxundu, bu kontekstdə cari ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalara da diqqət çəkdi. Bunu normallaşma prosesində tam yeni mərhələ kimi qiymətləndirdi: “Azərbaycan və Ermənistan liderləri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyanat bölgəmizdə sülh və sabitliyin təmin edilməsinə töhfə verəcək. Beləliklə, Cənubi Qafqazda sülh və rifahın bərqərar olması üçün tarixi bir fürsət yaranmışdır. Sülh sazişinin paraflanması və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə çağırış da uzunmüddətli sülhə doğru atılmış mühüm addımlar kimi qiymətləndirilməlidir. Regional əlaqəlilik uzunmüddətli sülhə nail olmaq baxımından strateji vizyonumuzun mərkəzində dayanır”.
K.Nurullayeva Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin əhəmiyyətini qeyd etdi. Vurğuladı ki, bu təşəbbüs Zəngəzur dəhlizi vasitəsilə maneəsiz əlaqəni təmin edəcək və regional əlaqələri gücləndirəcək.
K.Nurullayeva qeyd edib ki, Azərbaycanın mesajı aydındır - sülhə nail olmaq mübarizənin sonu deyil, daha yaxşı gələcək qurmaq üçün başlanğıcdır: “Azərbaycan barış, inkişaf və mədəniyyətlərarası dialoqa sərmayə qoymaqla regional və qlobal sabitliyə töhfə verməyə çalışır”. Deputat onu da vurğulayıb ki, bu sessiyanın Afrikada — böyük potensiala malik bir qitədə keçirilməsi təsadüfi deyil. Belə ki, qitə boyunca baş verən son keçidlər inklüziv idarəetmə və sabitliyə olan güclü öhdəliyin göstəricisidir: “Afrikanın rəqəmsal əsrə doğru irəliləməsi, onun zəngin insan və təbii ehtiyat potensialı ilə birləşərək dayanıqlı inkişafa yeni imkanlar açır. Texnologiyanın, gənclərin innovativ ruhunun və resurslara əsaslanan artımın inteqrasiyası yalnız Afrikanı deyil, həm də qlobal əməkdaşlığı zənginləşdirəcək.”
Deputat həmçinin bildirib ki, əgər dövlətlər birgə çalışsalar, suverenliyə hörmət etsələr və dialoqa açıq olsalar, bu dəyərlər tam reallaşa bilər: “Bizim parlamentimiz bu vizyonun canlı sübutudur — dünyanın hər bir guşəsindən gələn səsləri bir araya gətirərək, müharibə, ekstremizm və parçalanmadan uzaq bir gələcəyə sadiqliyimizi nümayiş etdirir”.
Digər Xəbərlər

Qordan Yandrokoviç Sahibə Qafarovanı Xorvatiyaya dəvət etdi

İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib - FOTOLAR

“Prezident dəfələrlə bəyan etmişdi ki, Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”

“Ermənistanın Gəncə terroru ilə Xocalı faciəsi arasında elə böyük fərq yoxdur”

Xorvatiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Səfir Azərbaycan və Ermənistan arasında sülh prosesinə həsr olunan tədbirə qatılıb

TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi
