08 Oktyabr 2025 13:52
111
SİYASƏT

Qordan Yandrokoviç Sahibə Qafarovanı Xorvatiyaya dəvət etdi

"Xorvatiya və Azərbaycan iki tərəfdaş və dost kimi bütün səviyyələrdə əməkdaşlıq əlaqələrin dərinləşdirilməsi üçün davamlı olaraq yeni yollar axtarmalıdır. Bugünkü görüşdə biz bu məqsədə sadiqliyimizi bir daha təsdiq etdik".

Adalet.az xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz parlament əməkdaşlığının daha da gücləndirilməsinə xüsusi diqqət yetirmək istəyirik”, - deyə o vurğulayıb.

Dediyinə görə, Azərbaycana bugünkü səfəri Xorvatiya Parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar atmağa hazır olduğunun təsdiqidir:

“Milli Məclisin sədri və mən parlament komitələrimizlə dostluq qruplarımız arasında daha sıx əməkdaşlıq görmək arzusundayıq. Bilirik ki, parlamentlərimizi birləşdirməklə biz həm də xalqlarımızı və dolayısı ilə mədəniyyətlərimizi birləşdiririk”.

Q.Yandrokoviç bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanı, Xorvatiyaya səfərə dəvət edib.

“Ümid edirəm ki, biz Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməyə davam etmək üçün gələn ilin əvvəlində onu qəbul etməkdən şərəf duyacağıq”, - deyə spiker fikrini tamamlayıb.