adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 13:00
79
SİYASƏT
A- A+

Deputat bu məhdudiyyətin götürülməsini təklif etdi

“Dövlət qulluqçusunun elmi və yaradıcı fəaliyyətlə məşğul olması rəhbərinin yazılı razılığından asılı olmamalıdır. Bu, insanın hüququdur”.

Adalet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət qulluğuna dair müddəaların vahid məcəllədə sistemləşdirilməsi mühüm yenilikdir. Onun sözlərinə görə, bu, dövlət qulluqçularına hüquq və vəzifələri ilə bağlı müxtəlif qanunları ayrıca araşdırmadan, müvafiq qaydaları vahid sənəd əsasında öyrənmək və işlərini daha səmərəli qurmaq imkanı verəcək.

Fazil Mustafa diqqətə çatdırıb ki, dövlət qulluğunda çalışan təxminən 27 min nəfərin peşəkarlığı dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsinə, eləcə də cəmiyyətdə aparılan siyasətin keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Buna görə də məcəllədə dövlət qulluqçularının hüquq və vəzifələri, habelə fəaliyyət prinsipləri düzgün müəyyənləşdirilməlidir.

Deputat layihənin 13.1-ci maddəsində dövlət qulluqçularının elmi və ya pedaqoji fəaliyyətlə məşğul olmasının qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılığı ilə mümkün sayılmasına etiraz edib. O hesab edir ki, işçinin elmi və yaradıcı potensialını reallaşdırması rəhbərin münasibətindən asılı olmamalıdır.

“Dövlət qulluqçusu yalnız dövlət işindən başqa həyatı olmayan bir insan kimi təsəvvür oluna bilməz. Əgər elmi və ya yaradıcı fəaliyyət onun xidməti vəzifələrini yerinə yetirməsinə mane olmursa, buna məhdudiyyət qoyulmamalıdır”, – deyə deputat vurğulayıb.

O, həmçinin dövlət qulluqçularının elmi yaradıcılığına, o cümlədən dissertasiya müdafiəsinə dair məhdudiyyətlərin aradan qaldırılmasını təklif edib.

Fazil Mustafa layihənin 31.2-ci maddəsində dövlət qulluqçusunun andının məzmununun sadələşdirilməsinin də tərəfdarı olduğunu bildirib. Onun fikrincə, dövlətə sadiqlik, Konstitusiyaya əməl etmək və ölkənin mənafeyini qorumaqla bağlı müddəaların təkrara yol verilmədən ifadə olunması məqsədəuyğundur.

Deputat, eyni zamanda, dövlət qulluqçusunun xidmət müddətinin uzadılması zamanı təltif olunmasının meyar kimi götürülməsinə dair müddəanın çıxarılmasını təklif edib. O bildirib ki, bəzi hallarda əməkdaşın təltif edilməsi rəhbərin subyektiv qərarından asılı ola bilər və bu, kadrların qiymətləndirilməsində bərabərsizliyə yol aça bilər.

Bundan başqa, Fazil Mustafa ehtiyat kadrlar siyahısında saxlanılma müddəti və həmin siyahının idarə olunmasına görə məsuliyyət məsələlərinə yenidən baxılmasını vacib sayıb.

Deputat qanunsuz qərarlara etiraz edən dövlət qulluqçularının təqib olunması ehtimalına da diqqət çəkərək, belə halların qarşısının alınması üçün müvafiq hüquqi təminatların nəzərdən keçirilməsinin vacibliyini bildirib.