adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 13:42
93
GÜNDƏM
A- A+

Sevinc Fədai: “Cəmiyyətdə sağlam dəyişikliklər yaratmaq üçün maarifləndirməyə ehtiyac var”

Məktəblərdə hicab ləğv olunması  və vahid məktəbli geyiminin tətbiqinə qadağalar və məhdudiyyətlər prizmasından yanaşmaq doğru deyil.  Məsələnin qadağa ilə həll olunması çıxış yolu deyil. Çünki qadağalar bəzən problemin zahiri tərəfini həll etsə də, onun mahiyyətinə toxunmur. Cəmiyyətdə uzunmüddətli və sağlam dəyişikliklər yaratmaq üçün anlayışa, maarifləndirməyə və qarşılıqlı hörmətə ehtiyac var.

Bu sözləri Adalet.az-a açıqlamasında  Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai söyləyib.

Onun sözlərinə görə, vahid məktəbli geyiminin olmasını məktəbdə nizam-intizamın, bərabərliyin və vahid təhsil mühitinin qorunması baxımından anlamaq mümkündür:

“Bu qaydaların tətbiqi zamanı ailələrin inancları, sosial-mədəni xüsusiyyətləri və uşaqların psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Əsas məsələ qayda yox, onun necə izah və tətbiq edilməsidir.

Düşünürəm ki, bu məsələdə adaptasiya əsas yanaşma olmalıdır. Ailələrlə dialoq qurulmalı, valideynlərə təhsil qaydalarının mahiyyəti izah edilməli, qarşılıqlı etimad formalaşdırılmalıdır. İnsanlara yalnız nəyi edə bilməyəcəklərini demək əvəzinə, müəyyən qaydaların nə üçün mövcud olduğunu başa salmaq daha sağlam nəticələr verə bilər.

Uşaqlar məktəbə öyrənmək, inkişaf etmək, dostluq qurmaq və gələcəyə hazırlaşmaq üçün gəlirlər.

Mənim üçün əsas sual budur: biz uşaqlara yalnız qaydalara tabe olmağı öyrətmək istəyirik, yoxsa qaydaların mahiyyətini anlayan, fərqli düşüncələrə hörmət edən və birgə yaşamağı bacaran insanlar yetişdirmək istəyirik? 

İnanıram ki, sağlam cəmiyyət qadağaların çoxluğu ilə deyil, insanların bir-birini anlamaq bacarığı ilə formalaşır. 

Təhsildə məqsədimiz yalnız qaydaları qorumaq deyil, həm də bu qaydaların arxasında dayanan dəyərləri uşaqlara doğru şəkildə çatdırmaq olmalıdır”.

Əntiqə