adalet.az header logo
  • Bakı -°C
13 Mart 2026 12:27
76
GÜNDƏM
A- A+

Deputat Sabunçu rayonunun problemlərindən danışdı: "Xeyli qanunsuz evlər, obyektlər tikilib"

"Sabunçu rayonunun Bakıxanov qəsəbəsində və eləcə də Sabunçu rayonunun digər qəsəbələrində zirzəmisi su ilə dolu olan binalarla bağlı müəyyən işlər görülsə də, amma ciddi irəliləyiş baş vermədi. Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi ilə bağlı da müəyyən addımlar atılsa da, müəyyən köçürmələr olsa da, amma yenə də əsas işin ağırlığı başqa vaxtlara, növbəti illərə ertələndi".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, dövlət büdcəsindən bircə manat vəsait xərcləmədən özəl sektoru bürokratik basqıdan qorumaq şərtilə yaxın beş il müddətində ölkə ərazisində qəzalı bina söküntülərinə son qoyula bilərdi:

“Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını bu rayona göndərirlər. Avtomobil yolunun üzərində əməlli-başlı müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yoxdur, nə yağırsa yolun üstünə toplanır və Allahın günəşi gəlib qurutmayınca günlərlə insanlar palçığa bulaşmış səkilərdə yürüyürlər. Neft şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizi qazandığımız gündən başlayaraq ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərin boş qalmış xeyli hissəsində də artıq neft çıxarılmır. Adətən biz büdcəyə vəsait qazandırmağın ən bəsit yolu olan vətəndaşın və sahibkarın hesabına cərimə növlərinin genişləndirilməsi və məbləğinin artırılmasına üz tuturuq. Halbuki artıq neft çıxmayan ərazilərdə qanunsuz tikilmiş evlərin və obyektlərin özəlləşdirilməsindən daha əhəmiyyətli vəsait büdcəyə cəlb edə bilərik və vətəndaşın da bütövlükdə problemi həll edilmiş olar.

Artıq uzun müddətdir ki, burada nə torpağın təmizlənməsi gerçəkləşdirilir, nə də 20-30 ildən artıq məskunlaşmış insanların evlərinin özəlləşdirilməsi həyata keçirilir, nə də o torpaqlarda geniş park massivi salınmasına təşəbbüs göstərilir. Real olaraq 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsinə nümunə göstərməyi bircə park tapa bilməzsiniz. Həm də bunu dövlətin maliyyə vəsaiti hesabına deyil, sahibkarları stimullaşdırmaqla etmək olar. Hər ərazidə sahibkara bir obyekt tikməyi, bir müəssisə qurmağı imkan verilsə, o həm parkı saxlayacaq, büdcədən vəsait xərcləmək hesabına da orada əhalinin məskunlaşmasına, yaxşı istirahətin təmin olunmasına şərait yaradacaqdır”.