adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 11:05
66
ƏDƏBİYYAT
A- A+

Dərənin çətini, elmin cəbri və şairin nəsri - Pərvanə Bayramqızı yazır

Oxuduqlarımızdan öyrənmişik ki, qədimdə insanlar əşyanın miqdarını bilmək üçün ipə düyün vururmuşlar. Farslar da asılmış ipin vasitəsilə əşyanın sayını təyin edirmişlər. Qədim hindlilərsə Koxau ronqo-ronqo adlanan düyünlü yazı ilə həm tarixi hadisəni təsvir edir, həm də şeir yaza bilirmişlər. Demək, riyaziyyatın bünövrəsi düyünlə qoyulub, bəlkə də, buna görə çox adam bu elmin çətinliklərinə hazır ola bilmir. Bu məqamda yəqin ki, yadınıza tanıdığınız riyaziyyatçılar düşdü. Əlbəttə, düyünləri çözənlər az deyil. Onları yadda saxlamaq, açmaq və bu düyünlə şeir yazmaq insanların fərqli qabiliyyətləri, istedadlarıdır. 

Riyaziyyat elminin tanınmış simalarının şeir yazması mənə həmişə maraqlı görünüb. Mövzu ətrafında şairlər Vahid Aslan, Süleyman Abdulla ilə yarızarafat-yarıciddi, mehribancasına mübahisəmiz də olub. Riyaziyyatla poeziyanın bir yerdə necə yol getdiklərini fizika-riyaziyyat elmləri doktoru, şair Hamlet İsaxanlıdan da soruşmuşdum. Cavab vermişdi ki, o elmdən (riyaziyyatdan) bu elmə (ədəbiyyata) keçəndə heç bir əziyyət çəkmir.

Ömrünü Azərbaycan təhsilinə, ədəbiyyatına həsr edən Vahid Aslandan söz düşəndə düşünürəm ki, görəsən, həm riyaziyatçı, həm də şair olan bu ziyalı daha çox hansı sahədə dinclik tapır? Vahid müəllim riyaziyyatçı olub şeir yazdı, şair olandan sonra da nəsr əsərlərini oxuculara təqdim etdi. Elmdən-elmə, janrdan-janra keçən şairin "Çətindərə" adlı nəsr kitabı nə riyaziyyat kimi çətin, nə də poeziya kimi poetik ifadələrlə zəngindir. Kitab olduqca sadə üslubla yazılıb. Məktəblilərin dili ilə desək, su kimi oxunur. “Çətindərə”yə “enməmiş” əvvəlcə şairin “Bir qədəh sükut” şeirini oxuyaq. Ardınca kitabdakıları oxuyanda aydın olacaq ki, bir mövzunu həm poeziyada, həm də  prozada təsvir etmək hərdən rəqəmlərdən uzaqlaşıb sözə könül verməkdən irəli gəlir.

Xatirələr yaşayar,
Hər döngədə, hər tində.
Kim bilir daha nə var,
Yolların qismətində.

 Bir qədəh sükut içir,
Darıxanda küçələr.
Bəzən yollardan keçir,
Ürəyindən keçənlər.

 Bir tikə ümid saxlar,
Yolların köndələni.
Ötən illərdə axtar,
Ömürdən kəm gələni.

Şeir yetkin insanın duyğuları ilə, “Çətindərə” isə xatirələrlə doludur. 

Hekayədəki obraz – kənd uşağı həyatını olduğu kimi anlaşıqlı dillə nəql edir. 

 Müxtəlif hekayələrin yer aldığı kitabda ilk səhifələrdəncə adamı vətən yeli vurur, torpaq qoxusu gəlir. Dağ yolu, cığırlar, bulaqlar adamı xəyallara aparır. Kənd yerlərində böyüyən uşaqların gözlərinin önünə uşaqlıq illərinin gəlməməsi mümkün deyil. Kitabda xeyli toponim, oykonim (Parakənd), hidronim (Dəlmə çayı, Yayra göl, Çayqarışan) və oronimlər (Çətindərə, Arxaşan, Yalyurd, Göy yurd, Zağayurd, Kəkil, Poladlı tombası, ) var. Bunlar adamı ensiklopedik mənbələr axtarmağa  sövq edir.

Ərmən boynu, Gəlin qaya, Qara qaya adlarını axtarışa verəndə bu adda oronimlərin Azərbaycanın müxtəlif bölgələrində olduğunu öyrənirik. 

V.Aslanın yurduna, el-obasına bağlı olduğu “Çətindərə”yə yığdığı hekayələrdən bəllidir. O, vətəninin hər bucağını sevir, müharibəsindən ağrı ilə söz açır. Şairin doğulduğu Parakənd yaşayış məntəqəsinin XIX əsrdə Leşkər kəndindən ayrılmış ailələrin saldığını deyirlər. Yeni salınan kəndə – Parakəndə Leşkər kəndinin bir parası mənasına uyğun gələn ad seçilib. (Bu adda Tovuz rayonunda da kənd var) Leşkər kəndini də deyilənə görə vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Ləşkər (Leşkər) adlanan yerdə salıblar. Yerli əhalinin söylədiklərinə görə, müharibə zamanı İran şahının qoşununun bir müddət burada düşərgə saldığı üçün həmin yerə bu adı veriblər.

Hekayə qəhrəmanının dilindən söylənilən "hüyxaq", "qındır" sözləri adamın yaddaşını qurdalayıb nənələrin, babaların “leksikon”unu üzə çıxarır. Dialekt sözlər bizi keçmişimizdən, dilimizdən qopmağa qoymur. 

“Çətindərə”də kənd uşaqları arasında məşhur olan süzdürmə, çöpdağıtma və s. oyunları da xatırlanır. İndi nənələr nehrə çalxamır, bu iş çoxdan texniki qaydaya keçib. V.Aslanın söhbət açdığı quzu sırasını ilk uşaq əməyi kimi qəbul etmək olar. Kitabdakı digər hekayələrlə tanış olanda müəllim mövqeyi hiss edirik. Bəzi hekayələrdə Vahid müəllimin təhsilə, elmə, xüsusilə qızların təhsilinə böyük diqqət göstərdiyi aydınca görünür. 1992-ci ildə Qarabağ müharibəsinin qızğın vaxtlarında Gədəbəyin kəndlərinin ermənilər tərəfindən, atəşə tutulması, yandırılması da şairin acı xatirələrinin ayrılmaz hissəsidir. Onun şəhid valideynlərinə, qəhrəman əsgərlərə həsr etdiyi şeirlərdə də əsl vətənpərvərlik hissləri duyulur.  Arzu edirik Vahid müəllim daim yenilənən ilhamı ilə yeni ədəbi nümunələr yaratsın, Azərbaycan şairlərinə bu cür ağrılı misralar yazmaq bir də qismət olmasın.