Dəyişən dünya nizamı: Sülhün kövrək təməli
Sülh uzun illər ərzində beynəlxalq siyasətin nail olunmalı ümumi məqsədlərindən biri kimi qəbul edilib. Dövlətlər arasında müharibələr baş versə də, sülhün ümumbəşəri dəyər olduğu və beynəlxalq qurumların bu məqsədə xidmət etməli olduğu düşüncəsi daim mövcud olub. İkinci Dünya müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı sistemi fərqli maraqlara və ideologiyalara malik dövlətlərin ortaq məxrəcə gələ biləcəyi düşüncəsinə əsaslanırdı.
Bu gün isə həmin ortaq zəmin aşınır. Sülh öz-özünə qorunmalı olan ümumi bir dəyər olmaqdan çıxaraq, kimin hansı şərtlər daxilində və hansı strateji qazanc müqabilində onu qəbul edəcəyinin müzakirə olunduğu bir məhsula çevrilir.
Sülhün məhsul predmetinə çevrilməsi təkcə diplomatik danışıqlar masasında bazarlıq aparılması demək deyil. Bu anlayış daha dərin məna daşıyır: sülhün müəyyən şərtlərdən asılı vəziyyətə salınmasını, siyasi sövdələşmənin predmetinə çevrilməsini və sanki qiymət qoyula bilən bir nəticə kimi təqdim olunmasını ifadə edir. Bu zaman atəşkəs, sanksiyaların ləğvi, ərazilərin statusu, təhlükəsizlik təminatları və yenidənqurma üçün ayrılan vəsaitlər sövdələşmənin əsas predmetlərinə çevrilir. Lakin sülhün bədəli yalnız iqtisadi güzəştlərlə ölçülmür. Suverenlik, milli nüfuz, təhlükəsizlik və siyasi legitimlik də bu məsələnin ayrılmaz tərkib hissələridir.
Əsl problem danışıqların aparılmasında deyil. Problem sülhün dəyərinin güclü tərəfin diktə etdiyi şərtlərlə müəyyənləşdirilməsindədir. Əgər bir tərəfin təhlükəsizliyi digər tərəfin təhlükəsizliyinin sarsıdılması hesabına təmin edilirsə, burada dayanıqlı sülhdən danışmaq mümkün deyil. Belə bir vəziyyətdə əldə olunan nəticə sülh deyil, sadəcə, qüvvələr nisbətinin müvəqqəti olaraq dondurulmasıdır. Münaqişənin köklü səbəbləri aradan qaldırılmadıqca, bu cür razılaşmalar yeni qarşıdurmalar üçün zəmin yaratmaq təhlükəsini özündə saxlamaqdadır.
Bu gün beynəlxalq münasibətlərin qarşısında duran əsas problemlərdən biri güc siyasətinin yenidən ön plana çıxmasında deyil, onun hüququ və legitimliyi üstələməsidir. Getdikcə belə bir təsəvvür yaranır ki, artıq haqqın gücü deyil, gücün haqlı sayılması ön plana keçmişdir.
Digər tərəfdən, çoxqütblü dünya nizamına keçid heç də öz-özünə ümumi qaydaların möhkəmlənməsinə gətirib çıxarmır. Əksinə, beynəlxalq rəqabət kəskinləşdikcə dövlətlər iqtisadi və siyasi asılılıqlardan, eləcə də müxtəlif tərəfdaşlıq münasibətlərindən təzyiq vasitəsi kimi istifadə etməyə, öz qaydalarını başqalarına qəbul etdirməyə çalışırlar. Bu isə beynəlxalq sistemdə parçalanmanı daha da dərinləşdirir. Beləliklə, güc mərkəzlərinin sayının artması avtomatik olaraq daha ədalətli və tarazlı dünya nizamının yaranması demək deyil. Əgər dövlətlər arasında münasibətləri ortaq hüquqi prinsiplər deyil, güc mübarizəsi və birtərəfli maraqlar müəyyənləşdirirsə, çoxqütblülük əməkdaşlığın möhkəmlənməsinə deyil, qarşıdurmaların daha da kəskinləşməsinə zəmin yarada bilər.
Beynəlxalq hüququn yalnız böyük dövlətlərin maraqları ilə uzlaşdığı hallarda tətbiq edilə bilən qaydalar toplusu kimi qəbul edilməsi onun ümumbəşəri xarakterini və universal tətbiq olunması prinsipini mahiyyətcə sarsıdır. Əgər beynəlxalq hüquq normalarının tətbiqi dövlətlərin siyasi və hərbi gücündən asılı vəziyyətə düşürsə, hüquq qarşısında bərabərlik prinsipi də öz real məzmununu itirir. Belə bir yanaşma yalnız beynəlxalq məhkəmə institutlarının nüfuzuna zərbə vurmur, həm də davamlı sülhün əsasını təşkil edən ədalət, hüquqi məsuliyyət və qarşılıqlı etimad prinsiplərini zəiflədir.
Davamlı sülhün təmin olunması üçün vacib şərtlərdən biri də gələcəyə inamdır. Tərəflər yalnız silahların susmasına nail olmaqla kifayətlənməməli, qarşıdakı günlərin daha təhlükəsiz və daha yaxşı olacağına da inanmalıdırlar. Əgər tərəflərdən biri əldə olunan razılaşmanı məğlubiyyətin təxirə salınması, digəri isə rəqibinin yenidən güclənməsinin qarşısını almaq üçün fürsət kimi qiymətləndirirsə, belə bir sülhün möhkəm təməl üzərində qurulduğunu söyləmək çətindir.
Təhsil və məşğulluq imkanları genişləndirilmədən, təhlükəsizlik təmin olunmadan və insanların siyasi həyatda iştirakına şərait yaradılmadan sülh gündəlik həyatın ayrılmaz hissəsinə çevrilə bilməz. Çünki sülh yalnız silahların susması deyil, həm də insanların gələcəyə olan inamının bərpasıdır. İnsanlar problemlərini zorakılığa əl atmadan həll edə biləcəklərinə, öz tələblərini sərbəst ifadə edə biləcəklərinə və övladlarının daha təhlükəsiz, firavan bir mühitdə yaşayacaqlarına inanmalıdırlar. Bu inamın yaranması üçün isə təkcə vədlər deyil, real imkanlar və konkret addımlar lazımdır.
Üstəlik, gələcəyə dair bu ümid yalnız qalibləri deyil, məğlub tərəfi və münaqişənin ağır nəticələrini yaşayan mülki əhalini də əhatə etməlidir. Əks halda, əldə olunan razılaşma kağız üzərində qalan sənəddən o yana keçməyəcək, cəmiyyətdə narazılıq və ümidsizlik davam edəcək, yeni qarşıdurma riski isə qalacaq. Çünki davamlı sülh yalnız müharibənin dayandırılması ilə deyil, insanların müharibəyə qayıtmaq üçün səbəb görmədikləri bir gələcəyin qurulması ilə mümkündür.
Parçalanmış dünyada sülh öz-özünə bərqərar olmayacaq. Onun təmin edilməsi siyasi iradə, ədalət və ictimai legitimlik tələb edən ardıcıl və məqsədyönlü bir prosesdir. Hüququn yerini güc tutarsa, sabitlik birtərəfli maraqların girovuna çevrilər; ədalət arxa plana keçərsə barışıq kövrək qalar və cəmiyyətdə davamlı sülhün bərqərar olması mümkün olmaz. Çünki barışıq tərəflərdən birinin öz iradəsini digərinə qəbul etdirməsi ilə deyil, qarşılıqlı güzəşt, hüquqa hörmət və ortaq məsuliyyət əsasında qurulur. Bir tərəfin qələbəsi digərinin alçaldılması, birinin təhlükəsizliyi isə digərinin daimi narahatlığı hesabına təmin edilirsə, əldə olunan razılaşma münaqişənin səbəblərini aradan qaldırmır, sadəcə onun növbəti mərhələsini təxirə salar.
Bu baxımdan, ümumbəşəri sülhü öz-özünə gerçəkləşəcəyi gözlənilən bir ideal kimi deyil, hər yeni böhran qarşısında yenidən müdafiə edilməli olan siyasi və mənəvi seçim kimi qəbul etmək lazımdır. Bu seçimin real nəticə verməsi üçün dövlətlər gücün sərhədlərini tanımalı, siyasi maraqlarını beynəlxalq hüququn fövqünə qaldırmamalı, insan ləyaqətini isə bütün strateji hesablamalardan üstün tutmalıdırlar.
Nəticə etibarilə, davamlı sülh güclülərin iradəsinin qəbul etdirilməsi ilə deyil, gücün hüquqla məhdudlaşdırılması, ədalətin hamı üçün təmin olunması ilə mümkündür. Ədalətin bərqərar olmadığı, tərəflərin təhlükəsizlik və gələcəyə inam hissinin təmin edilmədiyi şəraitdə silahların susması münaqişələrin sona çatması deyil, sadəcə yeni qarşıdurmaların başlanmasının təxirə salınmasıdır.
Fikrət Əkbərli,
Türkiyə üzrə araşdırmaçı-yazar


Bakı -°C

