16 Sentyabr 2020 11:40
58405
ELM VƏ TƏHSİL

Distant təhsildən heç kim razı deyil - Açıqlama

Məlum olduğu kimi 15 sentyabrdan tədris müəssisələri fəaliyyətə başlayıb. Həm distant, həm də əyani tədris paralel olaraq davam edəcək. Rayonlarımızda onlayn tədris prosesi necə gedir?

Qəbələ şəhər 3saylı tam orta məktəbinin tarix müəllimi Rəsulova Məleykənin sözlərinə görə, onlayn tədris zamanı zəif internet səbəbindən şagirdlərin yalnız yarısı bu prosesə qoşula bilir.

“Pandemiya təhsil nazirliyini iki seçim arasında seçim etməyə məcbur etdi. Təbii ki, şagirdlərin sağlamlığı daha önəmlidir. Ancaq Təhsil Nazirliyi qeyri standart şəkilde fəaliyyət göstərməyə məcbur oldu . Şagirdlər üçün video-dərslər teledərslər təqdim olundu . Əlbəttə ki, teledərslər adi dərsi əvəz etmir, ancaq onlayn dərslər daha effektivdir, müəllim və şagird interaktiv təmasda olur . Şagirdlərin demək olar ki, yarısı qoşula bilir dərslərə. Bəzilərində internet problemi, bəzilərində kompüterdən istifadə etmək bacarıqlarının aşağı səviyyəli olması dərslərə qoşulmaq üçün problem yaradır. Yaxşı olardı ki, birinci dünya dövlətlərində olduğu kimi bizim ölkədə də internet pulsuz olsun, şagirdlərimiz üçün onlayn dərslərə qoşulmaq imkanı çoxalsın.”

Cəlilabad rayon Babalı kənd tam orta məktəbinin fizika müəllimi Ağayev Namiq bildirir ki, müəllimlər öz ciblərinin puluyla internet paket yükləyir. Internet şəbəkəsi isə bir çox regionlara yaddır.

“Tədris ilinin başlaması yenə bizim problemləri üzə çıxarmağa başladı. Distant təhsil söhbətinə son vermək lazımdır. Bu məndə gülüş doğurur. 

Onlayn təhsilə tək mən yox, böyük əksəriyyət müəllim həm qoşulmur, həm də qoşula bilmir. Ən doğrusu isə qoşula bilmir cavabıdır. İki nazirlik bu işi razılaşıb həll edə bilərdilər, amma heç birinin vecinə deyil. Çünki təhsil bizdə heç kimin vecinə deyil. Mən hər ay öz mobil nömrəmə 20 manat pul yükləyib internetdən istifadə edirəm. Bu ay isə 20 manatım yoxdur internetdən istifadə etmək üçün. Kəndimizdə olan müəllimlər yalnız həftəsonu internet paketindən istifadə edir. Vayfay hələ bizlərə çox yaddır. Bir sözlə deyim ki, onlayn təhsil yoxdur bölgələrdə.  Rəhbərliklər yalandan deyir bizlərdə onlayn təhsil var. Hamısı önə keçib özünü göstərmək üçün hesablanıb və belələri təhsilin düşmənləridir. Təsəvvür edin, ölkə başçısına da yalandan məlumat verirlər ki, onlayn dərs keçmək üçün hər şərait var. Ölkə başçısı bu şəraitsizliyi bilmir. Bilsə bu cür problem olmazdı. Hər şeydə yalan ola bilər amma təhsildə yalan olmaz. 

Şagirdlər qoşula bilmir. Qoşulmaq üçün şagirdin telefonu ya kompüteri olmalıdır. Bizdə şagirdlərin 11-ci sinifdə, ya da məktəbi bitirdikdən sonra telefonu olur. Müəllimi internetə pul tapa bilməyən şagird necə onlayn dərs keçsin ki? Teledərslərə baxanlar haqqında heç nə deyə bilmərəm. Bu haldan heç kim razı deyil.”

Emin Piri