adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2024 09:00
1530
LAYİHƏ

Doğma ocağın istiliyi... 

...Dünyada adamın öz evindən, öz yurdundan və öz ocağından isti məkan ola bilməz. Kimsə bunu desə də, inkar etsə də bu, heç cür qəbul olunmaz. Ən azından ona görə ki, adam bir gün, beş gün, lap uzağı on gün başqa yerdə qalsa və eyni zamanda doğmalarının yanında yaşasa belə, yenə öz evi üçün, öz yurdu üçün darıxacaq. Çünki bayaq dediyimiz kimi, doğma yurdun yerini heç nə əvəz edə bilməz. 

Bax, onda görün 30 ildən çox öz yurd-yuvasından, isti ocağından perik düşmüş insanlar hansı çətinlikləri və hansı sıxıntıları yaşayıblar. Başqa sözlə demiş olsaq, onlar cəhənnəmi gözləri ilə görüblər. Lap ilk vaxtlar çöldə, çadırda ac-susuz yaşayıblar və sonradan dövlətin köməkliyi ilə onlar – yəni bir milyon məcburi köçkün Azərbaycanın 60-dan çox rayonunda məskunlaşıb. Hətta doğma insanlar belə bu məskunlaşma zamanı bir-birindən uzaq düşüblər. Amma onlar heç vaxt yurda dönüşü yaddan çıxarmayıblar. Daha doğrusu, ümidləri ölməyib. Və bu ümid, bu inam 30 ildən sonra da yenidən yarandı və o insanlar geri dönüş etdilər. Bu da Azərbaycanın erməni işğalçıları üzərində 44 günlük müharibədə qələbəsindən sonra mümkün oldu. Yəni bu 44 gündə Cəbrayıl, Füzuli, Hadrud, Qubadlı, Zəngilan erməni işğalından azad edildi. Sonradan imzalanmış bəyannaməyə əsasən Laçından və Kəlbəcərdən erməni qoşunları çıxarıldı və bu, millətin, xalqın çox böyük sevincinə səbəb oldu. 2020-ci ilin noyabrın 10-da möhtəşəm qələbəmizdən sonra adını çəkdiyimiz rayonlarımızda mina təmizləmə əməliyyatı aparıldı. Yeni infrastruktur yaradıldı. Yollar çəkildi, su xətləri istifadəyə verildi, işıq, qaz problemi həllini tapdı. Yəni bu məsələlər həll olunandan sonra 2023-cü ildən başlayaraq, işğaldan azad edilmiş yaşayış məntəqələrinə insanlar qayıtmağa başladı. Bu proses öncə Zəngilanın Ağalı kəndində həyata keçirildi və bu yaşayış məntəqəsi ən müasir üslubda tikilərək əhalinin istifadəsinə verildi. Və bundan sonra həmin yaşayış məntəqəsinə o kəndin sakinləri hamısı köçürüldü. Burda yeni infrastruktla yanaşı, xəstəxana, məktəb, uşaq bağçası, istehsalat sexləri fəaliyyətə başladı. Çünki əhali bura qayıtmaqla, həm də yeni iş yeri ilə təmin edildi. “ASAN” Xidmətin açılışı isə bir daha əhalinin sosial problemlərinin həllində əvəzsiz rol oynadı. 

Bu qayıdış prosesi Füzuli şəhərində də  davam etdirildi. Çünki Füzuli şəhərində neçə-neçə yüksək mərtəbəli bina inşa edildi. Öncədən Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bundan sonra sosial obyektlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi, ticarət obyektləri və digər lazımi, zəruri tikililər əhalinin sərəncamına verildi. Təbii ki, bu tikililərin varlığı Füzuli şəhərinə bir gözəllik, bir yaraşıq gətirməklə yanaşı, həm də orda məskunlaşmış əhali üçün bir rahatlıq da bəxş edir. 

Artıq Füzuli şəhərinə nə az, nə çox düz dörd dəfə insanlar köçüb edib. Bu gün orda 4 minə yaxın insan məskunlaşıb. O insan ki, onlar düz 30 il Füzuli həsrəti ilə yaşayıblar. Düz 30 il bu günü səbirsizliklə gözləyiblər. Yaşlı nəsilin bir çox nümayəndələri Vətən həsrətinə dözə bilmədi və dünyalarını dəyişdilər. Amma onların övladları, nəvələri bu gün Füzuli şəhərinə qayıdıblar və hər cür şəraiti olan mənzillərdə məskunlaşıblar. 

Axırıncı köç isə martın 29-da olub. Qaradağ rayonunun “Qobu-3” yaşayış məntəqəsində məskunlaşmış 30-dan çox Füzuli sakini yenidən öz yurd-yuvalarına, doğma ocaqlarına qovuşublar. Onlar iki mikroavtobusda Füzuli şəhərinə yola düşüblər. O insanların təhlükəsizliyini qorumaq üçün həmin mikroavtobusun önündə yol patrul xidməti maşını, arxcasında isə təcili xidmət avtomobili müşayiət edirdi və onların hamısı təhlükəsiz, sağ-salamat yeni mənzillərinə gəlib çatdılar. Yaşayış binasında 3 otaqlı mənzillə təmin olunmuş Nicat Əhmədov sevincini gizlədə bilmir. Hətta göz yaşları onun yanağına süzülür. Deyir ki, müəllim, bir vaxtlar biz Füzuli şəhərini yuxularımızda görərdik. Özü də hər tərəfdə yanmış, külə dönmüş evlərimizi, eşiklərimizi. Elə də oldu, gəldik şəhərdə bir ev görmədik. Hamısını söküb aparıb, qalanlarını da bu şərəfsizlər yandırıblar. Allaha şükür, indi təzə evimizə qayıtmışıq. Oğlum, qızım və nəvəm də mənim yanımdadır. Artıq nəvələrim günü sabahdan Füzuli şəhərindəki məktəbə gedəcəklər. Görürəm ki, Nicat qardaşımızın ürəyi doludur və sevincindən bilmir neyləsin. Amma görünən odur ki, çox rahatdır, ürəyi sakitdir və balaları da özlərini xoşbəxt hiss edirlər. 

Nicatın oğlu Natiq də söhbətə qoşulur, deyir ki, mən Füzulidən çıxanda 10 yaşımın içində idim. Ağlaya-ağlaya, geri baxa-baxa çıxdım. Həmin dövrdə şəhəri ermənilə Ərgünəş tərəfdən raketlə, topla atəşinə tutmuşdular. Heç sağ qalmağımıza inamım da yox idi. Hətta mərminin yaxınlığa düşməsi nəticəsində qonşuluğumuzda olan Arif dayı yaralandı və heç kim də ona kömək edə bilmədi. Və qan axa-axa dünyasını dəyişdi. Adam belə anda heç öz canının hayında qala bilmir, o ki, qala kiməsə kömək edəsən. Yenə Allahın möcüzəsi nəticəsində atam bizi bacımı, qardaşımı və anamı xilas etməyi bacardı. Həmin günlər yadıma düşəndə çox həyəcanlanıram və bu günə görə şükür edirəm. Şükür edirəm ki, 30 ildir qaçqınlıq dövründə sağ-salamat yaşadıq və sağ-salamat da yeni evimizə, yurdumuza gəldik. 

Nicatın həyat yoldaşı Səkinə xanım da söhbətə qoşulur. Deyir ki, qaçqınlıq dövründə çox çətinliklər yaşadıq, amma hər şeyə dözdük. Bilirdik ki, göydə Allah, yerdə Azərbaycan Prezidenti İlham Əliyev bizi tək qoymayacaq. Hələ Ulu Öndər rəhmətlik Heydər Əliyev biz qaçqınlarla görüşündə deyirdi ki, vaxt gələcək sizin hamınız yenidən Füzuliyə qayıdacaqsınız. Bax, elə o ümidlə də biz 30 il yaşadıq və axırda günlərin birində öz yurdumuza, isti ocağımıza döndük. 

Azərbaycanın müstəqil dövlət kimi öz ərazi bütövlüyünü 44 gündə və eləcə də 2023-cü ilin sentyabrın 19-u və 20-də 23 saat müddətində bərpa etməsi, çox möhtəşəm bir tarixdir. Bu tarix göstərdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyev 200 ildən sonra yeni bir qızıl tarix yazdı və bu qızıl tarix Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Zəngilan, Kəlbəcər, Hadrud, Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və digər yaşayış məntəqələri idi. Bu o demək idi ki, artıq bütün dünya Azərbaycanın möhtəşəm gücünü gördü və onunla razılaşmalı oldu. Adını çəkdiyimiz rayonlar və yaşayış məntəqələri əsaslı surətdə yenidən tikilir və insanlar yurda, doğma ocağa dönürlər. Bizcə, bundan böyük xoşbəxtlik ola bilməz. Yurda dönüşünüz mübarək, bacı, qardaşlarımız!
    

 Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.