adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
17 Noyabr 2022 12:45
696
ƏDƏBİYYAT

DOSTUM İXTİYAR ŞİRİN ŞƏRƏFLİ BİR NƏSLİN DAVAMÇISI İDİ... - Adil İrşadoğlu yazır

(Birinci məqalə)

 

 

 

İxtiyar Şirin (1972-ci ildə)

 

Milli Konqres partiyasının sədri İxtiyar Şirin Azərbaycanın milli şəxsiyyəti kimi tərbiyəsini öz ailəsində - atası Əlibala Şirinovun yanında alıb. Türk tayfası Barlaslardan olan Əmir Teymur Azərbaycanı idarə etdiyi dövrdə Qarabağı bir siyasi mərkəz halına gətirmişdi. Əmir Teymurun göstərişi ilə Qarabağda moğol yürüşlərindən sonra dağılmış Beyləqan şəhərinin bir hissəsi 1403-cü ildə bir ay ərzində bərpa edilmiş və yenidən tikilmiş, Araz çayından Beyləqan şəhərinə qədər uzunluğu 40 kilometr olan böyük Barlas arxını bir ay ərzində çəkdirmişdi. Beyləqan şəhəri Teymur imperatorluğu dövründə bu dövlətin qeyri-rəsmi paytaxtına çevrilmişdi. Əmir Teymur dövlətinin özəyini təşkil edən Barlaslar da doğma Xalaçlarla birlikdə həmin dövrdən Beyləqanda yurd saldılar. Barlaslar Azərbaycanda Teymur imperatorluğunun hakimiyyəti tamamlandıqdan sonra Səmərqəndə geriyə dönmədilər, Beyləqanda yaşadılar. 1920-ci illərin əvvəllərində Beyləqanda Əlibala Şirinovun atası barlas Abdul Şirin oğlunun və əmisi Cahangir Şirin oğlunun təsərrüfatında üç minə qədər qoyun, mal-qara və əkin sahələri var idi. Onlar qoyun, mal-qara saxlamaqla yanaşı əkinçiliyə də çox üstünlük verir, yığdıqları taxılı, düyünü və başqa məhsulları bazara göndərirdilər. Onların evi kasıb, kimsəsiz, yetim, imkansız insanların pənah yerinə çevrilmişdi. Bu evə yardım istəməyə gələn əli boş geri dönməzdi. Əhli-beyt həyatı yaşayan Barlasların evi ocaq hesab edilirdi.

 

 

 

Əlibala Abdul oğlu Şirinov (14.10.1928 - ci ildə)

 

 

Əlibala Abdul oğlu 1925-ci ildə 19 yaşı olanda özünün 22 yaşı olduğunu bildirib Azərbaycan Milli Taburuna hərbi xidmətə girmiş, həmin vaxtdan babası Şirinin adı ona soyadı olaraq verilmişdi. 1927-ci ildə o, hələ hərbi xidmətdə olan zaman Beyləqanda onların evinə böyük bir basqın olmuş, atası Abdul və əmisi Cahangir öldürülmüş, qardaşı Baxış oğurlanmış, var - dövlətləri talan edilmişdi. Bu xəbəri alıb evlərinə dönən Əlibalanı da qətlə yetirmək üçün onların evinə basğın edilmiş, lakin o, öz qoçaqlığı sayəsində basqınçıların təqibindən qurtarmışdı. Hərbi xidmətə davam etmək üçün geriyə dönən Əlibala Şirinov 1927-ci ildə xəstələndiyinə görə ali hərbi məktəbə gedə bilməmiş, həmən il də hərbi xidmətini başa vurub evlərinə gəlmişdir. Evləri və təsərrüfatları dağıdılmış olan Əlibala Şirinov Beyləqanda doğma Xalaç camaatı ilə birlikdə qurduqları Dünyamallar kənd sovetində mühasib, kənd soveti sədri, 1935-1936-ci illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda, sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuş, 1947-cı ildən başlayaraq vəfat etdiyi 1973-cü ilə qədər altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 1952-ci ildə ona Sosialist Əməyi Qəhramanı adı verilmiş, iki Lenin ordeni, Şərəf Nişanı ordeni, SSRİ-nin başqa orden və medalları ilə təltif edilmişdir.

 

Əlibala Abdul oğlu Şirinov (1939 - cu ildə)

 

 

Əlibala Şirinovun Azərbaycanda həm xalqın arasında, həm də respublika rəhbərliyinin içərisində hörməti və nüfuzu o qədər böyük idi ki, o, lazım olanda respublikanın mühüm işləri ilə bağlı məsələlərdə də öz mövqeyini bildirir və bu mövqeyini müdafiə edirdi. Bu cür məsələlərdən biri SSRİ-nin rəhbəri İosif Stalinin 1953-cü ilin mart ayında vəfat etməsindən sonra olmuşdu. 1948-1952-ci illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən sonra SSRİ Nazirlər Sovetinin rəhbərliyi Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycanın istifadəsində olan Ermənistanın ərazisindəki yüz minlərlə hektar torpaq sahəsinindən istifadə etməsinə son verməsi tələbi ilə tapşırıq vermişdi. Moskva bu tələbini son illərdə xarici ölkələrdən Ermənistana xeyli erməni ailələrinin gəlməsi ilə, buna görə də onlara iş və yaşayış şəraitinin yaradılması zərurətinin yaranması ilə əsaslandırmışdı. Moskvanın bu tələbi Azərbaycan SSR Nazirlər Sovetinin iclasında müzakirəyə çıxarılmışdı. Nazirlər Sovetinin iclasında Mircəfər Bağırov bu tələb barədə məlumat verib, iclasda iştirak edənlərə bu barədə çıxış etməyi təklif etmişdir. Müzakirədə çıxış edənlərin hamısı bu torpaqlara Azərbaycanın ehtiyacının olmadığını, Azərbaycanın Ermənistan torpaqlarından istifadə etməsinə son verməsinin doğru olacağını, buna görə də Azərbaycan SSR Nazirlər Sovetinin belə qərar qəbul etməsini təklif etmişdilər. Respublika rəhbərliyindən, rayon və şəhər rəhbərlərindən iclasda çıxış edənlər həmin torpaqlarda min illər ərzində Azərbaycanlıların yaşadığını, bu torpaqların tarix boyu Azərbaycanın təsərrüfat və iqtisadi fəaliyyətinin tərkib hissəsi olduğunu heç yada da salmamışdılar. Həmin iclasda vəziyyətin çox acınacaqlı olduğunu görən Əlibala Şirinov iclasda çıxış etmək üçün söz istəmişdir. Tribunaya çıxan Əlibala Şirinov öz çıxışında Mircəfər Bağırova müraciət edərək belə bir qərarın qəbul edilməsinin doğru olmayacağını bildirmişdi. O, öz çıxışında demişdi ki, onun özünün rəhbərlik etdiyi kolektiv təsərrüfatın 50000 (əlli min) qoyunu var. Əgər Ermənistan ərazisində onların istifadəsində olan otlaqlar olmasa, bu qoyunları saxlamağa yer olmayacaq və bu heyvanlar tələf olacaq. Ona görə onun özü belə bir qərarı yerinə yetirə bilməyəcəkdir.

Butun Qarabağın, Gəncə ətrafının və Qazax mahalının tarixi yaylaq torpaqlarının əsas hissəsi Azərbaycandan alınaraq Ermənistana birləşdirildiyi üçün belə bir acınacaqlı vəziyyət yaranmışdı. Azərbaycan hakimiyyəti Moskvanın bu tələbi ilə razılaşıb, bu torpaqların istifadəsindən də imtina etsəydi, Azərbaycanda milyondan çox qoyun, mal-qara dərhal kəsilməli idi. Bunun nəticəsində isə Azərbaycanda çox ciddi ərzaq qıtlığı yaranacaqdı. Əslində Əlibala Şirinov bu çıxışında təkcə öz təsərrüfatını yox, butun Azərbaycanı müdafiə etmişdi.

Əlibala Şirinovun dediklərini dinlədikdən sonra Mircəfər Bağırov əsəbi halda tribunaya yaxınlaşmış və ona demişdi ki, Siz nə cürətlə SSRİ rəhbərliyinin verdiyi təklifin əleyhinə çıxırsınız? Bilmirsiniz ki, mən Sizi elə buradaca güllələyərəm. Sonra o, Əlbala Şirinovun tribunada sakit və təmkinli dayandığını görüb, ona zaldakı yerinə getməsini bildirmişdi. Bundan sonra heç bir çıxış olmamış, qərar qəbul edilməsi üçün fasilə elan edilmişdi. Fasilədən sonra qəbul edilən qərar səsləndiriləndə isə iclasda olanların hamısı bu qərarı təəccüblə qarşılamışdılar. Qəbul edilən qərar əksəriyyətin dediyinin əksinə, Moskvanın etdiyi tələbə qarşı Əlibala Şirinovun etirazına uyğun qəbul edilmişdi. Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə belə bir qərar qəbul edə bilməyəcəyini, Ermənistan ərazilərində olan otlaq torpaqlardan imtina edə bilməyəciyi bildirmişdi. Bu məsələ bununla da qapanmış, 1985-ci ildə Azərbaycan rəhbərliyi Moskvanın eyni tələbini qəbul edənə qədər bu torpaqlar Azərbaycanın istifadəsində qalmışdı. 1985-ci ildə Azərbaycan rəhbərliyi bu torpaqlardan imtina etməsi ilə bağlı razılıq qərarı qəbul edərkən, bu qərara Azərbaycan rəhbərliyindən heç kim etiraz etməmişdi. Bu qərarın qəbul edilməsindən dərhal sonra Azərbaycanın kənd təsərrüfat müəsisələrində yüz minlərlə mal-qara və qoyun kəsilərək ləğv edilmişdi. Ancaq 1953-cü ildə isə SSRİ-nin repressiv rejiminin tüğyan etdiyi ağır dövdə tək bir nəfərin - Əlibala Şirinovun öz ölümünü gözə alıb Moskvanın tələbinə qarşı çıxması Azərbaycanın xeyirinə qərar qəbul edilməsi ilə nəticələnmişdi.

Ermənistanın 1985-ci ildə SSRİ rəhbərliyinin köməyi ilə Azərbaycanın istifadəsində olan torpaqları ondan alması 1988-ci ildən Azərbaycana qarşı başlanacaq ərazi iddialarının, işğalçı müharibənin birinci mərhələsi oldu.

Əlibala Şirinov həm Azərbaycanda, həm də SSRİ məkanında heç kimin görə bilmədiyi quruculuq işləri gerçəkləşdirdi. O, özünün rəhbərlik etdiyi kollektiv təsərrüfatın əldə etdiyi gəlirin hesabına 1957-ci ildən başlayaraq məktəbləri, xəstəxanası, uşaq baxçası, evlərində telefonları, gecə işıqlandırılan asfalt küçə və səkiləri olan 500 müasir iki mərtəbəli daş evlərdən tikilmiş bir kənd saldı. Sonrakı bir neçə il ərzində hər birində soyuducu və televizoru olan 1000 evli müasir bir kənd yarandı. Bu kəndə təkcə Moskvadan və SSRİ-nin başqa-başqa yerlərindən yox, Avropanın sosialist ölkələrindən də gəlib, görülən işlərə heyranlıqla baxırdılar.

Əlibala Şrinov həyatı boyu öz vətəni üçün bir çox vacib məsələlərin həllində doğru qərarların qəbul edilməsinə çalışmış və buna nail olmuşdur. O, həmişə insanları müdafiə etmiş, onların haqsız cəzalandırılmasının qarşısını almışdır. Əlibala Şirinovun rəhbərlik etdiyi təsərrüfatın və öz qazancının böyük bir hissəsi yetimlərin, tənha yaşlı adamların, başqa imkansızların, ali məktəblərdə təhsil alan tələbələrin ehtiyaclarınan ödənməsi üçün sərf edilirdi. İkinci Dünya Müharibəsi başladıqdan sonra 1941-ci ildə cəbhəyə yola düşən Əlibala Şirinov Azərbaycan SSR hökumətinin qərarı ilə ölkənin ərzaqla təmin edilməsi zərurəti olduğu üçün öz iş yerində qaytarılır və o, müharibə illərində ölkənin ərzaqla təmin edilməsi üçün çox böyük işlər görür. Müharibə illərində və müharibədən sonrakı illərdə də Əlibala Şirinov Azərbaycanın hər yerindən çörək dalınca Dünyamalılara onun yanına gələn minlərlə insanları geriyə əliboş qaytarmamışdı.

Azərbaycanın siyasi, təsərrüfat, elmi və mədəni elitasının, zəhmətkeş insanların, bütün elin və camaatın böyük hörmətini qazanan Əlibala Şirinovun Dünyamalılar kəndindəki evi, eyni onu əcdadları olan Barlasların, onun atası Abdulun və əmisi Cahangirin evləri kimi, insanlar üçün bir ocağa çevrilmişdi. Bilavasitə öz evlərində uşaq vaxtlarından Azərbaycanın rəhbərliyi və başqa mühüm adamları ilə tanış olması, Azərbaycanın məsələləri ilə bağlı söhbətləri dinləməsi, atasının insanlara və vətənə xeyir verən işlərinin şahidi olması 1952-ci ildə anadan olmuş İxtiyar Şirini çox gənc yaşlarından insanlara və Azərbaycana bağlı bir şəxsiyyət kimi yetişdirmişdi.

Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdikdə dövlətin qərarı ilə Bakı şəhərində İkinci fəxri xiyabanda dəfn edildi. Onun vətənə və insanlara xidmət yolunu oğlu İxtiyar Şirin davam etdirdi.

 

 

Fitat Məhəmməd qızı Şirinova (1957-ci ildə)

 

 

İxtiyar Şirinin anası Fitat xanım ( doğum tarixi 1919-cu il ) Qarabağın tanınmış, var-dövlətli şəxsiyyətlərindən biri olan Qaradolaq tayfasından Kərbalayı Nəsirin nəvəsi idi. Çox böyük var-dövlət sahibi olan Kərbalayı Nəsirin indiki Xocavənd ərazisindəki torpaqlarında yerləşən mülkündəki qoyunların sayı on mindən çox idi. Kərbalayı Nəsir vəfat etdikdən sonra onun oğlu Məhəmməd Kərbalayı Nəsir oğlu (Fitat xanımın atası) öz qardaşları ilə bu təsərrüfatı, var dövləti iki dəfə artırdılar. Əliaçıq bir nəsil olan bu ailə hər zaman yoxsullara, kimsəsizlərə, imkansızlara əl tutur, yardım edirdilər. Onlar öz səxavətləri ilə hamının hörmətini qazanmışdılar. Azərbaycanda Sovet hakimiyyətinin gətirdiyi qaydalarla barışmayan bu ailənin at belində beşatlan tüfəngləri ilə öz azad həyatını qoruyan gənc oğullarının əksəriyyəti rus əskərləri tərəfindən təqib edilərək qətlə yetirildilər. Bu qətliamlardan salamat qurtaran Məhəmməd Kərbalayı Nəsir oğlu və ailənin başqa kişiləri də bu təzyiqlərə və itkilərə dözə bilməyib, çox gənc yaşlarında vəfat etdilər. Fitat xanımın Xalaç tayfasından olan anası Aftab xanım körpə uşaqlarını və əlində qalan var-dövlətini götürüb Xalaç elinə, qohumlarının yanına getdi, uşaqlarını burada böyütdü, təhsil almalarına hər cür şərait yaratdı. Belə bir ailədən olan Fitat xanım Əlibala Şirinovla ailə qurduqdan sonra çox ağıllı, çox bilikli, çox zəhmətkeş və çox qayğıkeş bir qadın olaraq öz ovladlarının tərbiyəsinə və təhsilinə xüsusi fikir verirdi. İxtiyar Şirin belə bir ailədə yetişdi, tərbiyə olundu.

1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirən İxtiyar Şirin işləmək üçün təyinat aldığı prokurorluqda təmiz və ədalətli fəaliyyətinə görə qısa zaman ərzində ardıcıl və davamlı xidməti karyera qazandı. l977-1984-cü illərdə Xətai rayon prokurorlugunun müstəntiqi, sonra baş müstəntiqi, Bakı şəhər prokurorlugıında şöbə prokuroru, Qaradağ rayon prokurorunun müavini vəzifələrinə irəli çəkildi. 1985-ci ildə Bakı şəhəri Yasamal (Oktyabr) rayon prokuroru vəzifəsini icra etdikdən sonra, l986-cı ilin yanvar ayında Qaradağ rayon prokuroru təyin edilən İxtiyar Şirin qısa zaman ərzində rayon sakinlərinin hörmətini və etimadını qazandı.

 

17.11.2022.

Ardı var...