adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 16:16
51
SİYASƏT
A- A+

Dövlət sektorundan ayrılanları özəl sektor işlə təmin etməlidir - Zahid Oruc

Dövlət sektorunda çalışanların sayını azaltmadan onun iqtisadiyyatda nisbi çəkisini aşağı salmağın yolu özəl sektorda yüz minlərlə yeni iş yeri yaratmaqdır.

Adalet.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan iqtisadiyyatının əsas struktur problemlərindən biri yüksək əlavə dəyər yaradan sahələrlə çoxsaylı işçi qüvvəsinin çalışdığı sektorlar arasında uyğunsuzluğun olmasıdır. Onun sözlərinə görə, kənd təsərrüfatı məşğul əhalinin 35,4 faizini əhatə etdiyi halda, ÜDM-in cəmi 5,9 faizini formalaşdırır. Karbohidrogen sektoru isə ÜDM-in 38,8 faizini yaratdığı halda, məşğul əhalinin təxminən 1 faizini əhatə edir.

Z.Oruc regional iqtisadi imkanlara da diqqət çəkib. O bildirib ki, BMT-nin sazişlərinə əsasən, 2030-cu ilədək Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında ticarətin 37 faiz, həmin ölkələrin daxil olduğu regional ittifaq çərçivəsində isə 28 faiz artım potensialı var.

Deputat bu ilin sentyabrında Bakıda keçirilən İkinci Qlobal İnvestisiya Forumunun nəticələrini də xatırladıb. Onun sözlərinə görə, forumda 33 trilyon dollardan artıq maliyyə resurslarını idarə edən nümayəndə heyətləri iştirak edib, iki gün ərzində 10,8 milyard dollarlıq potensial investisiya razılaşmaları əldə olunub.

O, Qazaxıstan və Özbəkistanın xarici investisiyaların cəlb edilməsi, sənaye müəssisələrinin yaradılması sahəsində təcrübəsini nümunə göstərərək Azərbaycanın da regional istehsalat və mühəndislik mərkəzinə çevrilməsinin vacibliyini vurğulayıb.

Z.Oruc dövlət sektorunda aparılan struktur islahatlarının nəticələrinə toxunaraq bildirib ki, 2019-cu ildə burada muzdla çalışanların sayı 916 mindən çox olduğu halda, hazırda 837 min nəfərdir. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb.

Deputat hesab edir ki, dövlət sektorundan ayrılan əmək resurslarının özəl sektor tərəfindən mənimsənilməsi üçün kifayət qədər iş yeri yaradılmalıdır. O vurğulayıb ki, əsas problem dövlət sektorunun böyüməsindən daha çox, özəl sektorun lazımi səviyyədə genişlənə bilməməsidir.

Onun fikrincə, paralel strukturların ləğvi, rəqəmsallaşdırma və büdcə vəsaitlərindən səmərəli istifadə ilə yanaşı, parlament nəzarəti də gücləndirilməlidir. Rayonlarda alternativ iş yerləri yaradılmadan dövlət müəssisələrinin ixtisarı və ya bağlanması miqrasiya problemini dərinləşdirə bilər.

Deputat ixtisarların şəffaf meyarlarla aparılmasını, təcrübəli mütəxəssislərin digər dövlət orqanlarında yerləşdirilməsi üçün mexanizmlərin yaradılmasını təklif edib. O, hökumətin son beş ildə həyata keçirilən optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrini ayrıca qiymətləndirməsinin vacibliyini bildirib.

Z.Oruc iqtisadi suverenliyin milli istehsalın gücləndirilməsindən asılı olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, 2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərclənib. Dünya Bankının araşdırmasına əsasən, Azərbaycanda müəssisələrin orta yaşı 11,8 il, 11 il və daha artıq müddətdə fəaliyyət göstərən müəssisələrin payı isə 18,5 faizdir.

Deputat yerli müəssisələrin uzunmüddətli fəaliyyətinin və dayanıqlılığının gücləndirilməsini vacib hesab edib.