adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Fevral 2023 09:27
652
ƏDƏBİYYAT

Dua ilə oxuduğum şeirlər - Pərvanə Bayramqızı yazır
 

Mətnin adı demək istədiyimi tam ifadə edə bilmədi. Uzun başlıq yazı üçün uğursuz olduğundan sözə qənaət etməyə (bu, əslində, oxuyanları qəzəbləndirməmək ehtiyatıdır) məcbur oldum. Uzun mətləbləri bir cümləyə sığışdırmaq sənətkarlıq tələb etsə də, bəzən sənətkarda da (özümü demirəm) alınmır. Ona görə alınmır ki, dolanbac yollar olduğu kimi, bir-birindən keçən fikirlər də var. Gərək incə-incə, dənə-dənə, kəlmə-kəlmə açasan.

Poeziyaya sevgimi dönə-dönə bu mövzuda yazmaqla, bir-birindən gözəl şeirlər paylaşmaqla, əzbər söyləyənləri maraqla dinləməklə izhar etmişəm. Onu da demişəm ki, yaxşı şeir yazammasam da, yaxşı şeirlər oxuyuram. Şeir üstündə xətri əziz insanlarla incikliyim də olub. Hərəsilə bir səbəbdən. Əslində, deyəsən, mən onların qəlblərini qırmışam. Şair çoxdur, şeir az. Mən də azı sevirəm. Şairlər inciyirlər: mənim şeirimi paylaşmırsan. Şeir özü isə bu barədə susur. Danışmayan şeiri loqopedə aparmaq olmur axı. Elə şeir paylaşıram, oxucular mənə inanıb növbətini özü axtarıb tapsın.

Ramiz İsmayılın şeir kitabını oxumağa başlayanda dua etdim: İlahi, ruhumu oxşayacaq şeir tapıb zövq ala bilim. Onun şeirlərindən yazmağı yadıma salanda Allaha əməlli-başlı yalvar-yaxar elədim: Allah, qurban olum kitabda haqqında yazmağa bir-iki şeir olsun, başqa heç nə istəmirəm. Soruşa bilərsiniz, vacibdirmi bu əziyyətlə şeirdən yazmaq? İndi qulaq asın, cavab verim. Haqqında yazdıqlarınızın hansı qəşəng yazır? Bəziləriniz resenziyaları xətir-hörmətdən başqa pul ilə də yazırsınız. Müəllif də var, həyasızlığına salıb yazdırır. Bu səbəblərdən uzaq olan mətni niyə də yazmayasan? Öz abrına qısılıb heç kəsi narahat etməyən səssiz şairdən yazmağa dəyər.

Hekayələri ilə çoxdan tanış idim. Hətta oxuyub sayta da yerləşdirmişdim. (Çoxu elə bilir saytda şalışıram. Bunun xobbi olduğunu bilməyənlər tez-tez yazı göndərib: “sayta yerləşdir” deyə əmr edirlər) Şeir kitabını isə imzalayıb sinif yoldaşına gətirmişdi. Atama kitab verəcəkdim? Hədiyyə kitab olanda balamdan başqa heç kəsə vermirəm. Atam özü kitabdır, övladı kitablaşdırmaq lazımdır. Ona görə də

R. İsmayılın kitabını öz evimə gətirdim. Səhifəni vərəqləyəndə gözüm ürəkdən tikan çıxaran şeirə sataşdı. Bütöv yazmayacam. Qarışıq zamandır, milli ayrıkeçkinlik kimi səslənər, amma reallığı əks etdirir.

 

Ərəb gəldi, ərəb olduq

dağımızda, daşımızda

qərib olduq...

 

Laqeyd qala bilmədiyim digər şeir populyar mövzudadır. O da bir çox şairlər kimi vədəsiz sevgidən gileylənir. Şair qəbahətini bilir, özünü məzəmmət edir, amma sevir. Bunu bədii boya vurmadan etiraf edir:

 

Sevən vaxtım keçib daha

Bilə-bilə sevəcəyəm.

Səadəti lüğətimdən

Silə-silə sevəcəyəm.

 

Yuxa könül, qoca ürək

Ramiz, kimə, nəyə gərək?

Şama dönüb əriyərək

Belə, belə sevəcəyəm.

 

Məhz buna görə şair: “Taleyimiz bir sükansız gəmidir” deməkdə haqlıdır.

Sevdiyinə sevgisini “sabahın xeyir”lə bildirmək istəyəndə, qız arif olduğundanmı, yoxsa boşuna ümid vermək istəmədiyindənmi: “sevmirəm xeyr” deyə yüyrək cavab verir. Maraqlı “elçilik”dir.

Dərdi bezdirən şairin dərddən başqa həmdəmi yoxdur.

 

Dünya kirkirədir iki daşı var,

Bir dayaq daşıdı, bir əl daşıdı.

Ömrümüzü yarma kimi üyütdü

Bir əl qamarladı, bir əl daşıdı.

 

Ramiz İsmayılın yubileyidir. Ömrü “üyütdüyünü” zənn edir, amma özü boyda bir dünya olan Fərəhlə oynayanda sevincindən: “Hələ bunlar harasıdır?” deyə şadlanır. Biz də: “görməli, yaşamalı günlər qarşıdadır, Ramiz müəllim, yaşayın, hələ bunlar nədir ki” deyirik. Yox, yazıram. Yazıram ki, yubiley təbriki olsun.