01 Sentyabr 2023 09:00
1607
LAYİHƏ

DÜNYA SÖZƏ QALACAQ

Bəlkə də dünyada Sözdən qüdrətli və güclü bir şey yoxdur. Çünki sözün qüdrəti ilə bağlı böyük Füzuli də yaddaqalan fikirlər səsləndirib. Biz heç də böyük Füzulinin yaradıcılığından söhbət açmaq istəmirik. Biz sadəcə olaraq Azərbaycanda söz, mətbuat, fikir, plüralizm azadlığından danışmaq istəyirik. Heç kimə sirr deyil ki, Sovet dönəmində bütün mətbuat senzura nəzarətindəydi. Başqa sözlə demiş olsaq, «qlavlit»in icazəsi və möhürü olmadan heç bir mətbuat orqanı çap oluna bilməzdi. 

Guya onlar mətbuatda dövlət sirlərini qoruyurdular. Əlbəttə, dövlət sirri deyil, millətin, xalqın ürəyindən keçən və onları düşündürə biləcək yazıların da çap olunmasına imkan verilmirdi. Təbii ki, bütün bunlar istər-istəməz mətbuatda bir boşluq yaradır, insanlar istədiyi və arzuladığı yazıları tapa bilmirdilər.

Amma elə ki Azərbaycan müstəqillik dövrünə qədəm qoydu, senzura ləğv olundu və bir çox məhdudiyyətlər aradan götürüldü, bax, onda sözün, mətbuatın və fikir azadlığının inkişafına bir nəfəslik açıldı. Çünki Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra demokratik, hüquqi və sivill bir yol müəyyənləşdirmişdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan mətbuatına münasibət tamamilə dəyişdi. Ən azından ona görə ki, Ümummilli Lider Azərbaycan mətbuatının tarixini, bu gününü və sabahını çoxlarından yaxşı bilirdi. Elə çoxlarından yaxşı bildiyinə görə də çap mətbuatında və eləcə də digər KİV-lərdə demokratik prinsiplərə, söz və mətbuat azadlığına böyük önəm verdi. Aydındır ki, Ulu Öndərin Azərbaycan mətbuatına səmimi və isti münasibət göstərməsi yaradıcı insanlar tərəfindən də çox böyük səmimiyyətlə qarşılandı. Başqa cür də ola bilməzdi, çünki Azərbaycan jurnalistləri sovet dönəmində hər hansı ədalətli bir yazını keçirmək üçün, eləcə də rejimin əleyhinə bir ifadə yazmağa görə olmazın əzab-əziyyətlə üzləşirdi. Hətta bəzi jurnalistlərdən hüquq-mühafizə orqanlarının əməkdaşları həmin yazılara görə izahat alır və xəbərdarlıq edirdilər ki, ikinci dəfə bu səpgili yazılar olsa onları bağışlamayacaqlar.

Əlbəttə, basqılar və sıxıntılar içində belə yazıları qələmə almaq üçün yazar insanlardan vətənpərvərlik və cəsarət tələb olunurdu. Bütün bunlar müstəqillik dövründən sonra zaman-zaman yumşalmağa başladı, Azərbaycanda mətbuat istədiyi mövzuda yazılar hazırladı və oxuculara təqdim elədi. Söz, mətbuat azadlığı ilə yanaşı, çoxlu sayda qəzet və jurnalların «Azərbaycan» nəşriyyatına olan borcları da Ulu Öndər Heydər Əliyev tərəfindən bağışlanıldı. Bu o deməkdir ki, çap olunmaqda çox böyük çətinliklərlə üzləşən maliyyə mənbələri məhdud olan qəzet və jurnallara yeni bir nəfəslik açıldı. Və bu nəfəslik imkan verirdi ki, ölkəmizdə söz və mətbuat azadlığı daha böyük uğurlara imza atsın.

Onu da qeyd edək ki, bu gün ölkəmizdə 5 minə yaxın qəzet qeydiyyatdan keçib və onların əksəriyyəti maliyyə problemi üzündən işıq üzü görməsə də, amma ictimai rəyə təsir edən, dövlətə, dövlətçiliyə və xalqa xidmət edən qəzetlərin nəşri üçün bu gün də dövlət tərəfindən hər bir şərait yaradılıb. Ən azından onu deyə bilərik ki, 20-dən çox qəzet və sayta hər il iki dəfə dövlət maliyyə yardımı göstərir. Bu isə o deməkdir ki, məmləkətimizdə demokratik fikirlərin aşılanması , hüquq və azadlıqların qorunması üçün mətbuatımızın heç bir problemi və sıxıntısı yoxdur. Təbii ki, mətbuat dördüncü hakimiyyət hesab olunur. Və dördüncü hakimiyyətə dövlət bu «yaşıl işığı» yandırırsa, deməli, bunun üçün öncə mətbuat işçiləri və jurnalistləri dövlət başçısına minnətdar olmalıdırlar.

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə mətbuatın, KİV azadlığının, plüralizmin inkişafına hər zaman çox böyük dəstək verib və həmişə də bu fikiri səsləndirir: «Mətbuat işçiləri mənim dostumdur». Cənab prezident dostluqda çox sədaqətli bir şəxsiyyətdir. Deməli, bu şəffaflıq yaranıbsa, bu demokratik mühit varsa, Azərbaycan jurnalistləri hər bir mövzuda çox rahatdı, sakit tərzdə yazılar qələmə ala bilərlər.

Bu gün ölkəmizdə müxalifət mətbuatının inkişafına və onun maliyyələşməsinə də böyük önəm verilir. Heç bu maliyyələşmədə müxalif mətbuat iqtidar mətbuatından geri qalmır. Məsələyə bu cür münasibətin bəslənməsi onu deməyə əsas verir ki, Azərbaycanda sözün həqiqi mənasında söz və mətbuat azadlığı mövcuddur. Bunu tək biz demirik, həm beynəlxalq təşkilatlar, həm də onların Azərbaycandakı nümayəndəlikləri və başqa sözlə demiş olsaq, mətbuatımızı izləyən xarici həmkarlarımız səsləndirirlər.

Aydındır ki, dünyada sözdən qüdrətli heç nə yoxdur. Hətta Söz ən müasir silahdan belə güclüdür. Təsadüfi deyil ki, Lenin «İskra» qəzetini yaratmaqla bolşeviklərin hakimiyyətə gəlməyini təmin elədi. Bax, bu gün də Azərbaycanda sağlam, demokratik mühitin formalaşması üçün haqqı, ədaləti hər şeydən üstün tutan, xalqa və millətə vətənpərvərlik, maarifçilik ideyalarını təbliğ edən qəzetlər lazımdır.

Bu qəzetlər bu gün də var, sabah da olacaq. Üstəlik də hər bir Azərbaycan vətəndaşı istər televiziyalarda, istər sosial şəbəkədə, istərsə də qəzetlərdə və saytlarda öz fikirlərini azad şəkildə ifadə etmək hüququna malikdirlər. Yəni ölkəmizdə istənilən vəzifəli şəxs tənqid oluna bilər, onun barəsində fikirlər səsləndirmək bir o qədər də müşkül məsələ deyil, amma sadəcə olaraq bu tənqid ədalətli olmalı, şəxsiyyətin təhqirinə çevrilməməlidir. Çox təəssüf ki, bəziləri söz və mətbuat azadlığını təhqir və söyüş kimi düşünür, bu isə çox zərərli və təhlükəli bir mövqedir.

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.